AZ

Qəza törədən qaziyə CƏZA VERİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən "Vətən müharibəsi iştirakçısı"na hökm oxunub.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonun Hindarx qəsəbəsində baş vermişdi. 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzayevə məxsus VAZ-21011 markalı avtomobillə 1940-cı il təvəllüdlü Türbəndə Talış oğlu Quliyevə məxsus VAZ-2106 markalı avtomobil toqquşmuşdu. Qəza zamanı Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdi.
Araşdırma zamanı məlum olub ki, qəzaya səbəb Emil Mirzayevin maşını arxaya verərkən yola baxmaması olub. O, idarə etdiyi maşını yola çıxararkən arxadan gələn VAZ-2106 ona çırpılıb, daha sonra isə yol kənarındakı fərdi yaşayış evinin hasarına dəyib. Türbəndə Quliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmədə ifadə verən Emil Mirzayev özünü günahkar bilib. Deyib ki, maşını arxaya verən zaman yolu tam olaraq görməyib və maşının gəldiyini bilməyib. O peşman olduğunu, mərhumun ailəsi ilə barışdığını deyib. Emil "Vətən müharibəsi iştirakçısı" olduğunu söyləyərək məhkəmədən barəsində yüngül cəza çıxarmasını xahiş edib.
Mərhumun hüquqi varisi olan oğlu da Emili bağışladığını deyib.
Məhkəmə E.Mirzayev barəsində bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Seçilən
21
oxu.az

1Mənbələr