AZ

Limitin ləğvi Azərbaycan futboluna nə qazandıracaq?

Azərbaycan Premyer Liqasında yeni mövsümdən legioner limiti ləğv olunacaq. Komandalar start heyətdə 11 əcnəbi futbolçuya şans verə biləcək. Limitlə bağlı digər şərt isə ümumi sifariş vərəqəsində əcnəbi sayının 17 olması və klubların legionerlərə görə müəyyən rüsum ödəməli olmalarıdır.

Legioner limitinin ləğvi ilə yanaşı, komanda sayı da artırılacaq. Yeni mövsümdən çempionatda 12 komanda iştirak edəcək və bu, bir az da olsa, gənclərin oynamaq şansını artıra biləcək amillərdəndir.

Limitin ləğvinə qarşı olanlar da var, lehinə olanlar da. Bu məsələdə bir çox mütəxəssislərlə danışdşıq və hər kəs müəyyən arqumentlərlə fikirlərini əsaslandırır. Böyük əksəriyyət isə limitin ləğvinin yerli oyunçulara, milli komandalara təsir edəcəyini bildirir. Legionerlərə üstünlük veriləcəyi halda, millinin də üzvü olan yerli oyunçular artıq əvvəlkitək şans qazanmaya bilər. Rəqabətə davam gətirməyəcəklər isə ya ehtiyatda oturmalı ya da ölkə xaricinə yollanmalı olacaq. Burda isə birinci variant daha real görünür.

Limitin ləğvi klubların akademiyalarına da müəyyən təsirlərini göstərəcək. Akademiyada yetişən, əvəzedici komandaya qədər qalxan oyunçular bundan sonra əsas komandaya düşməkdə çətinlik çəkə bilər. Buna baxmayaraq, rəqabətə davam gətirəcəklər, daha çox istək və arzulu oynayanlar mövqeyindəki legionerləri sıradan çıxara bilər. Hər bir halda, qərarın müsbət və mənfi tərəfləri zaman keçdikdə daha aydın olacaq.

“Sabah” futbol akademiyasının koordinatoru Təbriz Həsənov limitin ləğvinin akademiyaya hansısa təsir etməyəcəyini düşünür. O, yerli oyunçuların istənilən halda, şans qazana biləcəyi qənaətindədir:

“Akademiyamız işə başlayandan işimiz ölkə futboluna keyfiyyətli gənclər yetişdirməkdir. Bu istiqamətdə daim üzərimizdə çalışır, işlərimizi yaxşılaşdırırıq. Legioner limitin ləğvi işiminə mənfi təsir etməyəcək. Məşqçilər daha səylə çalışmalı, məsuliyyətli olmalıdır ki, akademiyamızın yetirmələri əsas komandada legionerlərlə mübarizə apara bilsinlər. Onlar eyni zamanda xarici çempionatlarda oynamaq gücündə də olmalıdır. Buna görə düşünürəm ki, limitin ləğvi işimizə hansısa təsir göstərməyəcək”.

Rəqabət çempionatı, futbolu, yerli oyunçuları inkişaf etdirəcək əsas məsələdir. Artıq burda isə oyunçuların buna davam gətirməsidir. İcraiyyə Komitəsinin qərarlarında önə çıxan bir məqam isə legionerlərə görə rüsum ödəyən klublar yerli oyunçuya şans verməklə də əlavə bonuslar qazana bilməsidir. Bu baxımdan artıq bəzi klublar yerli oyunçunu meydana buraxmaqda maraqlı ola bilər.

Legioner limitinin Azərbaycan futbolu üçün faydalı olmayacağını, milli komandaların daha pis nəticələr əldə edəcəyini və uşaq futbolunun inkişafdan qalacağını da düşünənlər var. Uzun illər uşaq futbolunda işləyən Azər Cabbarov da belə fikirdə olanlar sırasındadır:

“Onsuz da futbolumuz can üstdə idi. Sağ olsunlar, bu qərarla da birdəfəlik kislaroddan ayırdılar. Əgər limiti yığışdırırdılarsa, o zaman milliyə niyə əcnəbi məşqçi gətirilirdi? Yaxşı, bəs xaricdən gələn məşqçi, niyə səsini çıxartmır ki, mən futbolçuları milliyə haradan götürəcəm? Kiçik yaş qrupları üzrə millilərimizə baxaq, həmin oyunçular harada oynayacaq? Həmçinin N sayda akademiya, uşaq futbolu var. Bir məşqçi olaraq, mən məşqə gedib uşaqlara deməliyəm ki, gedin dərslərinizi oxuyun və ya bir sənət öyrənin. Bu qərarla da bu vaxta kimi nə qədər AFFA-da işləyən rəhbərlik olubsa, hamısının ölənlərinə rəhmət oxuduq”.

“Qəbələ” klubunun idman direktoru Səbuhi Səfiyarlı isə limitin futbolun inkişafına mane olacaq məsələ olmadığını düşünür. Onun sözlərinə görə, limitin ləğvi böyük dəyişikliyə səbəb olmayacaq:

“Düşünmürəm ki, limitin ləğvi yerli oyunçuların şanslarının azalmasına səbəb olsun. Yaxşı futbolçu yenə də oynayacaq. Əksinə limit var deyən bəzi güclü klublar yerli futbolçu oynatmağa məcbur olduğu üçün ehtiyatda da yerli oyunçu saxlamağa məcbur idi. Elələri də var idi ki, prespektivi olmasına baxmayaraq, ehtiyat oyunçu kimi qalırdı. Amma indi klub həmin gənc futbolçunun yerinə legioner alacaq, həmin yerli də icarə əsasında başqa kluba veriləcək. Ona görə də, yenə də yaxşı futbolçu oynamağa yer tapacaq. Əgər limiti saxlayıb, süni şəkildə oynadacayıqsa, heç gənclər də o qədər inkişaf etməyəcək. Məbləğlər də elə təyin edilib ki, orada yalnız imkanlı komandalar limitsiz sayda legioner oynada biləcək. O da 12 legionerdən sonra elə böyük məbləğlərdir ki, heç də hamısı bundan istifadə etməyəcək. 2-3 komandadan başqa yenə də əksəriyyəti 7-8 legioner oynadacaq. Bu səbəbdən də böyük dəyişiklik olacağını fikirləşmirəm. Üstəlik, Azərbaycan futbolunun ən yaxşı dönəmi 2015/17-ci illərdə olub. Hansı ki, “Qəbələ” ilə “Qarabağ” eyni vaxtda Avropa Liqasının qruplarında mübarizə aparıb. Həmin vaxt isə legioner limiti var idi. Yəni bu limitin olması və olmaması problem deyil. Önəmli olan işin düzgün qurulmasıdır. Düzgün işləməyəndən sonra limit olsa da olmasa da bu proses dügün işləməyəcək. Hazırda çox böyük problemlər var ki, həmin çatışmazlıqlar aradan qaldırılmalıdır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Seçilən
50
futbolpress.az

1Mənbələr