AZ

Beynəlxalq hüququn ölümü ...

Tramp və komandasının son həftələr beynəlxalq münasibətlərlə bağlı açıqlamaları hamını şoka salıb, Avropa, Çin, bütün dünya baş verənləri anlamağa, reaksiya verməyə çalışır. Trampın açıqlamalarından sonra bir çox ölkələrin, özlərinin son 30 ildir “öldürdükləri”, addım-addım məhv etdikləri beynəlxalq hüquq yadlarına düşüb.

Azərbaycanın Rusiya və Ermənistan tərəfindən 20 faiz torpaqları işğal olunanda beynəlxalq hüquq harada idi? Rusiya tərəfindən Gürcüstanın Abxaziya cə Cənubi Osetiya bölgələri işğala məruz qalanda, faktiki ilhaq olunanda beynəlxalq hüquq nə etdi? ABŞ və onların Avropadakı “psevdo-liberal” tərəfdaşları İraqı, Liviyanı, Suriyanı, Misiri viran qoyanda beynəlxalq hüquq nədən susdu? Rusiya 2014-də Krımı ilhaq edəndə BMT nəsə edə bildi? Rusiya Donbasda işğalı davam etdirəndə beynəlxalq hüquq əlindənmi tutdu? 2022-ci ildə Rusiya Ukraynaya görünməmiş təcavüz edib işğala başlayanda BMT mane ola bildimi?

Siyahını uzada da bilərəm – beynəlxalq hüquq da, BMT də çoxdan zatən ölmüşdü, indi Tramp rahatsız edici və provokativ açıqlamaları ilə bunu göstərir və yeni oyun qaydalarının yaranması üçün qapı açır. Bəli, artistlik etmək, işləməyən hüquqa istinad etmək lazım deyil, bunu etiraf edib yenidən işlək hüquqi müstəvi qurmaq daha məntiqlidir.

1949-ci ildən bəri hamı deyir ki, İsrail və Fələstin məsələsinin çözümü ikili dövlət modelidir – eyvallah, əla, amma olmur, işləmir, mümkün deyil. Niyə - çünki, fələstinlilər və onları dəstəkləyənlər deyir ki, ümumiyyətlə orada İsrail adlı dövlət olmamalıdır. İsrail isə Fələstin adlı dövlətin yaranmasının onların məhv edilməsinə səbəb olacağını söyləyir. Siyasi dalan yaranıb, heç kim də bunu etiraf etmək, fərqli çözüm təklif etmək istəmir. Xiristian Dünyası müsəlmanların göz yaşı və faciəsi hesabına öz müqəddəs yerlərin İsrailə qalmasına razı deyil, onların əli ilə müqavimət hərəkatı yaradıb-iş görür.

Trampı “dəlilikdə” ittiham etmək ən asan yoldur, alternativ təklif etmək isə çətindir, ona görə də, ABŞ indi “güc üzərinə hüquq” prinsipi ilə hərəkət edib BMT-nin və beynəlxalq hüququn rəsmən “öldüyünü” elan edir. Bu ikiüzlü siyasətdən daha yaxşı və rasionaldır, çünki, bütün kiflənmiş və işlək olmayan pastulatları dağıdıb yeni oyun qaydalarını yaradılmasını sürətləndirir.

Yaxşı, biz nə etməliyik?! İllərdir bəndəniz yazıb-deyirdi ki, Dünya fraqmentallaşır, artıq köhnə düşüncə ilə bu yeni dünyada yer qazanmaq mümkün deyil. Fraqmental dünyada yeni regional güc mərkəzləri yaranır-yaranacaq, qurulacaq masada fraqmental liderlərin yeri olacaq – bu masada yer almağın tək yolu Türk Dövlətləri Təşkilatı (TDT) kimi davranmaq, mövqe formalaşdırmaqdır. O masada Türkiyə olmalıdır, inşallah, olacaq da – sadəcə, gördüyüm odur ki, hələ Türkiyə də köhnə instinktlərlə düşünür, bu yolverilməzdir. TDT-nın sürətlə “ətə-cana” gəlməsi, ümumi, təhlükəsizlik və xarici siyasət məsələlərin uzlaşmasını təmin edən institutların yaranmasının zamanı çatıb.

Ən vacib alət isə TDT-nın ümumi ordusunun, “Türk NATO-sunun” yaradılması olmalıdır. Gücün hüquq yazdığı dönəmdəyik və bu hadisə dünyada nə ilk deyil, nə də son olacaq – sadəcə, indi yaxın 50 ildə Dünya necə yaşayacaq və hansı qaydalarla idarə olunacaq, bax bu müəyyən olunur. Kənarda qalmaq, iştitrakçı olmamaq üzərində oyun qurulacaq ölkəyə çevrilmək deməkdir – buna yol vermək olmaz...

Seçilən
42
vaxt.az

1Mənbələr