AZ

İraqlı Fevzinin Bakı arzusu- Bu dəfə qayıqla Xəzərdə tutuldu- TƏFƏRRÜAT

Xəzəri rezin qayıqla keçərək Azərbaycana gəlmək istəyən İraq vətəndaşı saxlanılıb. O, daha əvvəl də Azərbaycandan deportasiya edilibmiş.

QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, söhbət 1992-ci il təvəllüdlü Fevzi Əl-Xafacıdan gedir.

Fevzi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən Xəzər dənizində saxlanılıb.

Dindirilən zaman deyib ki, İraqda yaşayış səviyyəsi aşağı olduğu üçün Azərbaycana gəlib. Bakıda işləmək istədiyini deyən Fevzi ailəlidir. O bildirib ki, əvvəlcə İrana gələrək 2 gün orada qalıb. Özünə rezin qayıq alaraq Astara şəhərinə gəlib. Oradan rezin qayıqla Xəzərdən Azərbaycan tərəfə keçmək istəyib. Bir neçə saat üzdükdən sonra saxlanılıb. O, Xəzərdə itməmək üçün “google map” tətbiqindən istifadə edirmiş.

Onun sözlərinə görə məqsədi Azərbaycanda yaşamaq və işləmək olub.

Axtarış zamanı qayıqda paltarlar, ərzaq məhsulları, nasos, günəş paneli, mobil telefon, kompas, pasport, 400 dolları, İran İslam Respublikasına və İraq Respublikasına məxsus pul əskinasları aşkar olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

Astara Rayon Məhkəməsinin hökmü ilə 1 il həbs cəzası alıb. Fevzi cəzasını çəkib bitirdikdən sonra ölkə sərhədlərindən kənara göndəriləcək.

Qeyd edək ki, Fevzi 2022-ci ildə də Azərbaycana qanunsuz olaraq keçməyə cəhd etmişdi. O zaman da saxlanılaraq məhkəmə önünə çıxarılmışdı. Ona 6 ay həbs cəzası verilmiş, cəzası başa çatandan sonra ölkədən deportasiya edilmişdi.

 

 

Seçilən
21
qaziler.az

1Mənbələr