AZ

2025-ci ildə ixtisarlara hazırlaşan dünya nəhəngləri - "Adidas" "BP" "Meta" "Microsoft"...

Son iki il ərzində texnologiya, media, maliyyə, istehsal, pərakəndə ticarət və enerji sahələrində kütləvi ixtisarlardan sonra 2025-ci ildə də iş yerlərinin azaldılması davam edir.  

Şirkətlərin işçi sayını azaltma səbəbləri müxtəlif olsa da, bu proses texnoloji dəyişikliklər fonunda baş verir. Dünya İqtisadi Forumunun (WEF) son araşdırmasına görə, dünya üzrə şirkətlərin təxminən 41%-i süni intellektin inkişafı səbəbindən qarşıdakı beş il ərzində işçi sayını azaldacağını gözləyir.  

Valyuta.Az "BusinessInsider"a istinadla 2025-ci ildə ixtisarlar planlaşdıran və ya artıq həyata keçirən şirkətlərin bəzirlərini təqdim edir:  

"CNN" 200 işçini ixtisar edəcək  

Kabel televiziyası nəhəngi "CNN" rəqəmsal transformasiya çərçivəsində televiziya sahəsində çalışan 200 işçini ixtisar edəcək. Bu, şirkətin ümumi işçi heyətinin təxminən 6%-ni təşkil edir.  

Yanvarın 23-də əməkdaşlara göndərdiyi məktubda "CNN"in baş icraçı direktoru Mark Tompson bildirib ki, o, "CNN"in fəaliyyətini auditoriyanın yönəldiyi platformalara uyğunlaşdırmaq və bununla da şirkətin gələcəyini qorumaq niyyətindədir.  

"Starbucks" mart ayında ixtisarlar aparacaq  

Beynəlxalq qəhvə şəbəkəsi "Starbucks" mart ayında işçi ixtisarlarını planlaşdırır.  

Yanvarın 21-də işçilərə göndərdiyi məktubda şirkətin sədri və baş icraçı direktoru Brayan Nikoll qeyd edib: "Dəstək komandalarımızın təşkilatlanma tərzini və iş metodlarını əhəmiyyətli dərəcədə dəyişməliyik". O əlavə edib ki, bu proses çərçivəsində "iş yerləri ləğv ediləcək və daha kiçik dəstək komandaları formalaşacaq".  

Nikoll mart ayının əvvəlinə qədər işçilərə bu dəyişikliklər barədə məlumat veriləcəyini bildirib.  

"BP" dünya üzrə 7 700 iş yerini ixtisar edir  

"BP" şirkəti "Business Insider"ə bildirib ki, 4 700 ştatlı işçi və 3 000 podratçı olmaqla ümumilikdə 7 700 iş yerini ixtisar etməyi planlaşdırır. Bu, şirkətin qlobal işçi qüvvəsinin təxminən 5%-ni təşkil edir.  

Bu addım "BP" şirkətinin fəaliyyətini "sadələşdirmək və fokuslanmaq" məqsədilə keçən il başladığı proqramın bir hissəsidir.  

"Xərclərimizi azaltmaq, performansı yaxşılaşdırmaq və unikal imkanlarımızdan istifadə edərək mövqeyimizi gücləndirmək üçün tədbirlər görürük", – deyə şirkətin açıqlamasında bildirilib.

"Meta" işçi qüvvəsinin 5%-ni ixtisar edir  

"Meta" şirkətinin baş icraçı direktoru Mark Zukerberq bildirib ki, şirkət "performans idarəetmə standartlarını yüksəltmək" qərarına gəlib və "aşağı performans göstərən işçilərlə yollarını ayıracaq".  

Şirkətin daxili kommunikasiya platformasında paylaşım edən Zukerberq qeyd edib ki, "Meta" bu il performansa əsaslanan daha genişmiqyaslı ixtisarlar həyata keçirəcək. ABŞ-də təsirlənən işçilərə fevralın 10-da məlumat veriləcək.  

Şirkət 2022-ci ildən bəri 21 000-dən çox işçini ixtisar edib.  

"Microsoft" naməlum sayda işçini ixtisar edəcək  

"Microsoft" tezliklə iş yerlərini ixtisar etməyi planlaşdırır və bu proses çərçivəsində aşağı performans göstərən işçilərə daha ciddi yanaşacaq.  

"Microsoft" sözçüsü ixtisarları təsdiqləsə də, neçə nəfərin işdən çıxarılacağını açıqlamayıb.  

"Microsoft olaraq biz yüksək performanslı istedadlara fokuslanırıq", – deyə sözçü bildirib. "Biz hər zaman insanlara öyrənməyə və inkişaf etməyə kömək etməyə çalışırıq. Əgər işçi gözlənilən performansı göstərmirsə, müvafiq tədbirlər görürük".

"Adidas" Almaniyada 500 iş yerini ixtisar etməyi planlaşdırır  

"Adidas" şirkəti Almaniyanın Hersoqenaurax şəhərində yerləşən baş ofisində 500-ə qədər iş yerini ixtisar etməyi planlaşdırır.  

Əgər bu plan tam həyata keçirilsə, bu, baş ofisdə çalışan 5 800 nəfərdən təxminən 9%-nin ixtisarı demək olacaq.  

Bu xəbərlər, "Adidas"ın 2024-cü ilin son rübündə gözləniləndən daha yüksək mənfəət əldə etdiyini açıqlamasından sonra yayılıb.  

"Regional və funksional komandalarımızın göstərdiyi yüksək nəticələr, düzgün istiqamətdə olduğumuzu sübut edir", – deyə şirkətin baş icraçı direktoru Byörn Qulden bildirib.  

"Adidas" sözçüsü "Business Insider"ə verdiyi açıqlamada şirkətin "hazırkı əməliyyat modeli səbəbindən çox mürəkkəbləşdiyini" vurğulayıb və bu dəyişikliklərin xərcləri azaltmaq üçün nəzərdə tutulmadığını bildirib.

"Boeing" ay proqramında 400 iş yerini ixtisar edəcək  

"Boeing" fevralın 8-də NASA-nın Artemis ay missiyası ilə bağlı gecikmələr və artan xərclər səbəbindən 400 iş yerini ixtisar edəcəyini açıqlayıb.  

Şirkətin "Space Launch System" layihəsi çərçivəsində ay ətrafına planlaşdırılan Artemis 2 uçuşu 2024-cü ilin sonundan 2025-ci ilin sentyabrına təxirə salınıb. Artemis 3 missiyası isə 2025-ci ilin sonundan 2026-cı ilin sentyabrına qədər ertələnib.  

"Boeing" sözçüsü bildirib ki, "Artemis proqramındakı dəyişikliklərə və xərclərlə bağlı gözləntilərə uyğun olaraq, 2025-ci ilin aprel ayına qədər təxminən 400 iş yeri ixtisar edilə bilər".  

Şirkət təsirlənən işçilərə yaxın həftələrdə 60 günlük xəbərdarlıq bildirişi göndərəcəyini qeyd edib.  

2024-cü ildə "Boeing" işçi qüvvəsinin 10%-ni ixtisar etmişdi.  

Rəhim

Seçilən
27
valyuta.az

1Mənbələr