“Barsleona”nın braziliyalı cinah hücumçusu Rafinya “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Fliklə münasibəti haqda söhbət açıb.
Arena.az “Ekip” dərgisinə istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Onun təyinatı rəsmiləşdikdə, o, mənə telefon açdı və dedi ki, mən, onun etimad göstərdiyi futbolçulardan biriyəm, özü də məni tanımadan, necə məşq etdiyimi görmədən. Bu, mənim klubda qalmaq üçün qərar verməyim baxımından çox vacib idi. Mən komanda üçün vacib olacağını bilirdim. Mən, sakitliyimi və uğurlu iş üçün gərək olan etimadımı bərpa etmək üçün psixoloji cəhət üzərində çox işlədim”, deyə hücumçu vurğulayıb.
Xatırladaq ki, hələ cari mövsüm başlamazadan əvvəl, Flikin təyinatına qədər Rafinyanın “Barselona”dakı gələcəyi sual altında idi. Alman mütəxəssisin gəlişi ilə isə braziliya futbolçu yüksək səviyyədə çıxışı və həlledici məqamlarada səhnəyə çıxması ilə diqqət çəkir.
Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 34 oyun keçirib, 23 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 121 oyun, 43 qol və 40 məhsuldar ötürmədən ibarətdir.
Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.