Mətbuatda "Mingəçevir"lə bağlı xoş olmayan məlumat yayılıb. Məlumata görə, "Zaqatala"ya 1:2 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Füzuli Məmmədov futbolçuları təhqir edib. Xüsusilə  iki sarı vərəqə alaraq 75-ci dəqiqədə meydandan uzaqlaşdırılan Elnur Mirzəyevin ünvanına xoşagəlməz ifadələr işlədib. Mirzəyev isə bütün bunlarla razılaşmayıb, baş məşqçinin cavabını verib. Komanda yoldaşlarından Xəyal Muradov da ona qoşulub.  Hər iki futbolçu Füzuli Məmmədova etiraz edərək, düşərgədən gedib.

Məsələ ilə bağlı Rekord.az-a açıqlama verən Füzuli Məmmədov yayılan məlumatları qətiyyətlə təkzib edib.

O, hər iki futbolçunun düşərgədə olduğunu da bildirib: "Yazıblar ki, guya futbolçuları təhqr etmişəm, xeyr, belə bir şey olmayıb. Dünən həmin futbolçulardan birinin mətbuata da açıqlaması olub və özü də deyib ki, belə bir şey olmayıb. Hər iki futbolçu hazırda bizim komandadadır, bizimlə məşqə çıxırlar. Biri zədəli olduğu üçün reablitasiya kursu keçir, sabahdan kollektiv məşqlərə qoşulacaq. Söhbət Xəyal Muradovdan gedir. Digər futbolçu Elnur Mirzəyevə gəlincə, bu futbolçuya Bakı klublarından yaxşı təkliflər var idi. Özü də getmək istəyirdi. Bu məsələ ilə bağlı onunla söhbətimiz oldu, dedim ki, hələ mən qərarımı verməmişəm, amma çalışacayıq elə qərar qəbul edək ki, sənin də xeyirinə olsun, bizim də. O ki qaldı qırmızı vərəqə almasına, bəli, "Zaqatala" ilə oyunda qırmızı vərəqə aldığı üçün "Qaradağ Lökbatan"la oyunda meydançaya çıxa bilmədi. Buna görə oyundan sonra ona öz iradımı çatdırmışam. Amma bunu qaydalar çərçivəsində etmişəm. Nə təhqir etmişəm, nə də artıq söz demişəm. Məşqçi-futbolçu münasibəti çərçivəsində iradımı çatdırmışam. Ümumiyyətlə, hər bir futbolçu şəxsiyyətdir. Heç vaxt hansısa futbolçunun şəxsiyyətinə toxunan söz demərəm. Bu barədə yayılan məlumatlar dezodu. Hazırda klubumuzda çox yaxşı ab-hava hökm sürür.  Elə son oyundan sonra yaxşı oyuna görə futbolçularıma təşəkkür etmişəm".