AZ

ABŞ təzyiqlə diz çökməyə məcbur edir – Pezeşkian çıxılmaz vəziyyətdə

"ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra onun əsas hədəfinin Çin və İran olacağı gözlənilən məsələ idi. Çinə qarşı mübarizə iqtisadi sahədə getsə də, İranla mübarizədə hərbi əməliyyatlar da istisna edilmir. Elə bu səbəbdən Məsud Pezeşkian hökuməti aktiv şəkildə ABŞ ilə əməkdaşlığa can atır".

Bu barədə siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.

ZEYNAL .png (200 KB)

Onun fikrincə, hazırda Dövlət Departamenti ilə danışıqlar 2 istiqamətdə aparılır:

"Birincisi, xarici işlər naziri Abbas Əraqçi, digəri isə vitse-prezident Məhəmməd Cavad Zərif vasitəsilə. Keçmiş xarici işlər naziri Zərifin vitse-prezident vəzifəsinə gətirilməsinin əsas səbəbi də məhz budur.

Trampın Yaxın Şərq siyasətində əsas hədəf ölkə İran olduğu üçün Tehrana qarşı mübarizə Vaşinqtonun prioritetlərindən biridir. Bu mübarizənin qarşısını almaq üçün İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verərək bildirib ki, əgər problem İranın nüvə silahıdırsa, bu məsələ həll edilə bilər. Baş diplomatın sözlərindən belə anlaşılır ki, Tehran ya nüvə silahından tamamilə imtina edə bilər, ya da bu silahın əldə edilməsi ilə bağlı fəaliyyətini dayandıracaq".

Zeynal Əmrəliyev qeyd edib ki, hazırda ABŞ-da İrandan tələb olunan 2 əsas məsələ var:

"Birincisi, İranın nüvə silahından tamamilə imtinasıdır. Çünki Tehranın bu gücə malik olması İsrailin təhlükəsizliyinə ziddir. Həmçinin, nüvə silahı İranı Yaxın Şərqin əsas güc mərkəzinə çevirə bilər ki, Ağ Ev bunu istəmir. İkinci məsələ isə İranın Yaxın Şərqdə yerləşən proksi qüvvələrindən əl çəkməsidir.

Tramp administrasiyası Qəzza zolağını tamamilə dağıtmaq və burada yeni şəhər salmaq niyyətindədir. Əgər əsas məqsəd bu torpağın İsrail tərəfindən ilhaqına şərait yaratmaqdırsa, ikinci mühüm məqam HƏMAS-ı tamamilə məhv etməkdir. Çünki bu təşkilat əsas etibarilə Qəzzada məskunlaşıb və bölgənin tikinti infrastrukturu məhz onların İsrailə qarşı mübarizəsi üçün inşa edilib. HƏMAS-ın əsas gücü Qəzzadakı yeraltı tunellərdir. ABŞ-ın İrandan istədiyi həm də Qəzzanın dağıdılmasına və HƏMAS-ın məhv edilməsinə səssiz qalmasıdır.

Digər tərəfdən, ABŞ Hizbullaha qarşı İsrailə, husilərə qarşı isə Səudiyyə Ərəbistanına dəstək vermək niyyətindədir. Təşkilat lideri Həsən Nəsrullahın öldürülməsindən sonra Hizbullah xeyli zəifləyib və İsrail Livanda geniş əməliyyat keçirərək bu təşkilatı tamamilə məhv etmək istəyir. Husilər isə Səudiyyə Ərəbistanına ciddi problemlər yaradır.

Səudiyyə hökuməti bir neçə dəfə Yəməndə bu qrupa qarşı əməliyyatlar aparsa da, böyük uğur qazana bilməyib. Həm Hizbullah, həm də husilər öz gücünü İrandan alır. ABŞ həm də bunun qarşısını almağa çalışır.

Nüvə proqramının dayandırılması İran daxilində qəbul edilə bilən bir addım sayıla bilər. Bundan əvvəl də Tehran bu yola əl atıb. Ancaq proksi qüvvələrdən imtina Pezeşkian hökumətinə baha başa gələ bilər. Çünki proksilər SEPAH-ın əsas güc mərkəzləridir. Onlardan imtina etmək İran daxilində mövcud hökumətə qarşı ciddi narazılıq yarada bilər".

Xalidə Gəray

Mənbə: musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr