“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqaytı”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır ki, qələbə qazanmaq istəyirdik. Önəmli oyun idi. “Sumqayıt” son 6 oyundur qol vurmurdu. Amma bilirdik ki, möhkəm komandadır. “Sumqayıt”da iki məşqçinin əl işi var. Çətin oyun idi. Futbolçularımda qələbə istəyini görürdüm. İlk hissə rəqibin, ikinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi. Belə matçda qələbə qazanmaq önəmlidir. Çünki turnir cədvəlində vəziyyət gərgindir. Çempionat davam edir. Qarşıda “Kəpəz”lə çətin səfər oyunumuz var. Ona hazırlaşacağıq.
“Sumqayıt”a imkan versək, hücum edəcəyini bilirdik. Birinci hissədə onlar bizə imkan vermədilər. Futboçularım soyuqqanlılığı itirdilər. Fasilədə fərqli söhbətlərimiz oldu. Premyer Liqada bir komandadan başqa heç kim hər iki hissəni eyni tempdə oynamır. Səbəblər rəqibdən asılıdır”.
Ayxan Abbasov matçdan sonra xüsusi sevinmələrinə də toxunub: “Bizim sevinməyimiz qıcıq vermək üçün deyildi. “Sumqayıt” da bizi məğlub edəndə sevinir. Kimin kimi keçəcəyi mövsümün sonunda bilinəcək. Bizim üçün xoşdur ki, “Sumqayıt” da bizdən qabaqda olduğu üçün sevinir”.
“Heç bir təlaşa düşmürük” – Vaqif Cavadov
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə məğlubiyyətə belə şərh verib:
“Məğlub olmalı deyildik. Üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıq. Oyunumuz onu göstərir ki, hər şey qaydasındadır. Sadəcə, son nöqtəni qoya bilmədik. Bu da düzələcək. “Şamaxı”nı təbrik edirəm. Sevinirlər, amma hələ ki bizi keçməyiblər. Qarşıda çox oyunlarımız var.
Məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. Bir səhv məğlubiyyətə gətirib çıxardı. Epizodlar var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, iki metrdən qol vura bilmiriksə, qollar da gələcək. Əsas odur ki, oyun var, epizodlarımız var. Qol imkanlarının sayı bizdə daha çox idi. Futboldur, belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik, Heç bir təlaşa düşmürük, sakitliyimizi qoruyub yolumuza davam edəcəyik”.