AZ

"Jurnalistlər həmişə yüksək səviyyəli və intellektual insanlar olub" - Rəşad Məcidlə müsahibə

150 illik zəngin tarixi olan Azərbaycan mətbuatı zamanın dəyişməsi ilə heç vaxt öz gücünü itirməyib. Hər dövrün öz mətbuat qəhrəmanları, öz mübarizələri olub. Bu yubiley yalnız keçmişi xatırlamaq üçün deyil, həm də gələcəyin media dünyasında hansı dəyişikliklərin baş verəcəyini müzakirə etmək üçün fürsətdir. Mətbuatın 150 illiyi yalnız tarixə baxmaq deyil, həm də bugünün və sabahın media sahəsinin necə inkişaf edəcəyini anlamağa çalışmaqdır.

Crossmedia.az mətbuatın 150 illik yubileyi ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə həmsöhbət olub. Müsahibəni təqdim edirik:

- Rəşad müəllim, mətbuatın 150 illik yubileyi gəlir. Ötən əsr yarımlıq bir tarixi necə xarakterizə edərdiniz?

- Məlum olduğu kimi, Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulub. Amma həmin qəzetdən əvvəl də bəzi səhifələr mövcud olub. Böyük Həsən bəyi Zərdabi isə “Əkinçi”nin əsasını qoymaqla Azərbaycan mətbuatının gələcək inkişafına, milli düşüncənin formalaşmasına, maarifpərvər ideyaların yayılmasına böyük töhfə verib. Xalqımız Həsən bəy Zərdabi ilə, həqiqətən, qürur duyur. Azərbaycanın mətbuat tarixində “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” qəzetlərinin də xüsusi rolu var. Son dövrlər bu nəşrlərin transliterasiyası həyata keçirilir. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı intibah dövrünü yaşayıb. Bəzən Azərbaycan mətbuatının sovet dövrünü totalitar cəmiyyətin, imperiya ideologiyasının tərkib hissəsi kimi xarakterizə etsələr də, o illərdə jurnalistlərimiz və yazıçılarımız Azərbaycan dilinin qorunmasında mühüm rol oynayıblar. Sovet dövründə mətbuat həm dilimizin saflığının qorunmasına, həm də milli düşüncənin ifadəsi olan fikirlərin öz əksini tapmasına imkan yaradıb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə keçilən yol həyatımızın ayrılmaz hissəsinə çevrildi. Biz əvvəlcə bu tarixi yaşayırıq, sonra isə yaşadıqlarımızın artıq tarixə çevrildiyini gördük. 1990-cı illərin əvvəllərində, Azərbaycan müstəqillik qazandığı ərəfədə şəraitə uyğun olaraq bir-birinin ardınca fərqli müstəqil qəzetlər yarandı, “Azərbaycan”, “Aydınlıq” kimi müstəqil qəzetlər nəşrə başladı. 1992-ci il noyabrın 17-də biz “525-ci qəzet”i təsis etdik. 1998-ci ilin avqust ayında Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda senzura ləğv edildi. Ümumiyyətlə, Ümummilli liderin mətbuatla bağlı qəbul etdiyi qərarlar müstəqil medianın inkişafında misilsiz rol oynadı. Biz onu həmişə jurnalistlərin ən yaxın dostlarından biri kimi xatırlayırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev bir çox sahədə olduğu kimi, mediaya qayğı sahəsində də Ulu öndərin ənənələrini davam etdirdi. Azərbaycanda “Media haqqında” yeni qanun qəbul olundu, Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Bu gün elə bir dövrdür ki, yeni texnologiyaların və İnternetin inkişafı medianın yeni formalarını meydana çıxarıb. Bu isə müəyyən hallarda təəssüf və məyusluq yaradır.

- Niyə məyus olursunuz?

- Məsələ burasındadır ki, ömrümüzü sərf etdiyimiz qəzetlərin yazılı variantı artıq sıradan çıxmaqdadır. İnsanlar əsasən xəbərləri telefondan, internetdən oxuyurlar. Amma həmişə bu fikirdəyəm ki, jurnalistikanın forması dəyişsə də, mahiyyəti, məzmunu dəyişmir. Yazmaq elə yazmaqdır. Süni intellekt heç vaxt jurnalistin hiss və duyğularını, düşüncələrini əvəz edə bilməyəcək. Bu baxımdan mən yazılı mətbuatın jurnalistikamıza, bütövlükdə cəmiyyətin inkişafına verdiyi töhfəyə həmişə böyük dəyər vermişəm. Buna görə də hesab edirəm ki, Azərbaycan jurnalistlərinin Milli Mətbuatın 150 illik yubileyini ləyaqətlə, alnıaçıq-başıuca və qürurla bayram kimi qeyd etməyə tam haqqı var.

“Azərbaycanda qəzetlər biznes strukturuna çevrilə bilmədi”

- Dünya ölkələrində, o cümlədən Türkiyədə mətbuatın durumu sanki daha yaxşıdır. Qardaş ölkənin bir çox şəhərlərində hələ də gündəlik qəzetlər oxunur. Azərbaycanda qəzetçiliyin mövcud durumunu yaxşılaşdırmaq üçün, sizcə, hansı addımlar atılmalıdır?

- Azərbaycanda qəzetlər biznes strukturuna çevrilə bilmədi. Bunun üçün nə vaxt, nə də imkan oldu. Türkiyədə isə qəzetlərin imkanları həddindən artıq genişdir. Təxminən 20 il əvvəl Türkiyədə “Sabah” qəzetinin redaksiyasında olmuşduq. Orada bizə dedilər ki, Türkiyədə həmin il 1 milyard 700 milyon dollar reklam olub. Həmin qəzetin müdiri ilə görüşəndə soruşdum ki, bu reklamlardan siz nə qədər alırsınız? Dedi ki, ildə 250 milyon dollar. Bizdə isə belə imkanlar yoxdur. Yəni fərq budur ki, Azərbaycandan fərqli olaraq Türkiyədə qəzetlər biznes struktura çevrilə bildilər. Azərbaycanda reklam bazarı zəifdir.

- İndi vəziyyət necədir?

- “525-ci qəzet” 90-cı illərdə 18-20 min min tirajla çıxırdı. İndi isə mətbuat sadəcə olaraq simvolik qalıb. Azərbaycan Prezidentinin mediaya dəstəyi, MEDİA agentliyinin fəaliyyəti nəticəsində qəzetlər hələ ki çətinliklə olsa da, çıxır. Onu da deyim ki, bu tendensiya bütün dünyada müşahidə olunur. ABŞ və Türkiyə kimi ölkələrdə də qəzetlərin titajları azalıb. Artıq hamı informasiyanı telefondan alır. Sizə bir hadisə danışım: 1998-ci ildə professor Qulu Məhərrəmli və Azər Həsrətlə birlikdə ABŞ-da səfərdə idik. Adi günlər 20-30 sent olan qəzeti həftə sonu 1,5 dollara aldım. Otelə gəlib vərəqələyəndə gördüm ki, 300-400 səhifədir. İçindən 5-6 jurnal, 100-ə yaxın broşür çıxdı. Çəkisi təxmən 2-3 kiloqram idi. Məşhur “New York Times” qəzeti redaksiyasında bizə dedilər ki, həftəsonu nömrələrinin çəkisi 5-5,5 kiloqram olur. O zaman mən gənc idim, arzular çox idi, deyirdim ki, gün gələcək 100 səhifəlik qəzet çıxaracağam. Bu arzunu təxminən də olsa bir neçə dəfə reallaşdıra bildik. “525-ci qəzet”in 64 və hətta bir az da çox səhifə ilə çıxan vaxtları var idi. İndi isə mən özüm də yazıları daha çox telefondan oxuyuram. “525”sevənlər, oxuyanlar, nüsxələrini saxlayanlar da var. Bu, bizi qürurlandırır, sevindirir. Amma ümumi mənada indi media öz formasını dəyişib. Saytlar, internet televiziyalar, sosial media platformaları artıq ön plana çıxıb. Qəzet tədricən tarixə çevrilir.

“Sosial mediada məsuliyyət hissi, balanslı xəbər çatdırmaq cavabdehliyi yoxdur”

- Texnologiyaların inkişafının yaratdığı yeni imkanlar, o cümlədən süni intellekt, sosial media sanki jurnalistikanın format və janrlarına da təsir göstərir. Klassik janrların bir çoxu artıq işlək deyil. İndi bir cümlə ilə bəzən böyük bir informasiya təqdim olunur. Bu tendensiya gələcək üçün nə vəd edir?

Seçilən
36
aznews.az

1Mənbələr