HÜSEYN CAVİD…
Yaddaşlardan silə bilmədikləri Cavidlər…
“İblis”lər yenə Tanrı qarşısında məğlub oldu…
Son Yazılar:
- Yaddaşlardan silə bilmədikləri Cavidlər…
- Mask bu media qurumlarının bağlanması çağırışını dəstəklədi
- Bu ölkələr elektrik sistemlərini Avropa şəbəkəsinə qoşdu
Romantik ədəbi məktəbin görkəmli nümayəndəsi, filosof-şair, Azərbaycan ədəbiyyatında böyük dramaturq kimi tanınan “tam orijinal, heç kimə bənzəməyən sənətkar” Hüseyn Cavid də məhz bu məktəbin yetirməsi olduğuna görə uzun illər ədalətsiz tənqidlərlə, yersiz ittihamlarla üzləşdi. “Ziddiyyətli”, “təzadlı şəxs”, “türkçü-turançı yazar” adlandırılaraq yerli-yersiz qarayaxmalara məruz qalsa da, “ən sərt, realist bolşevik gerçəkliyində də məqama xidmət etmədi”.1882-ci ildə Naxçıvanda anadan olan Hüseyn Molla Abdulla oğlu Rasizadə ilk təhsilini Məhəmməd Tağı Sidqinin yeni tipli “Məktəbi-tərbiyəsində alıb. Mükəmməl təhsilə isə İstanbul Darülfünunun ədəbiyyat fakültəsində yiyələnib. İlk mətbu çıxışı “Şərqi-Rus” qəzetinin 1904-cü il 5 yanvar tarixli sayında olub. Bu onun “Ağayi Hüseyn Rasizadə Naxçıvani” imzası ilə çap olunan publisistik məqaləsi idi. Müəllif məqaləni onun üçün çox dəyərli olan müəllimi M.T.Sidqinin vəfatı münasibətilə yazıb. Məqalələrində daha çox maarifi, elmi təbliğ edən müəllifin publisistik məqalələri, əsasən, “İrşad”, “Həqiqət”, “İttifaq”, “İqbal”, “İşıq”, “Məktəb”, “Şəlalə”, “Yeni iqbal”, “Qurtuluş”, “Açıq söz”, “Bəsirət” qəzetlərində işıq üzü görüb. “Urmiyədən”, “Təəssüf”, “Bir millətin tərəqqi və təalisi”, “Naxçıvanda nə gördüm”, “Naxçıvana nə lazım?”, “İttifaq” məktəbinə bir nəzər”, “Müharibə və ədəbiyyat” və s. məqalələrində “ideya-bədii təhlil, orijinal fikirlər” diqqəti cəlb edir. Sovet dövründə ədibin ədəbi-mədəni mühitlə bağlı resenziyaları “Azərbaycan füqərası”, “Maarif və mədəniyyət”, “Kommunist”, “Ədəbiyyat”, “Yeni yol”, “Yeni fikir” qəzet və jurnallarında çap edilib.Yeri gəlmişkən, bir faktı da qeyd etmək yerinə düşərdi ki, H.Cavid həm də istedadlı publisist olub. Ədibin yaradıcılığı bir çox sahələr üzrə tədqiqata cəlb edilsə də, elmi-bədii, publisistik yazıları, ədəbi-bədii məqalələri, resenziyaları uzun illər tədqiqatdan kənarda qalıb. (Müstəqilliyimizin yenidən bərpasından sonra (1991) cavidşünas alim, filologiya elmləri doktoru, prof. Sevil Həsənova ilk dəfə H.Cavidin publisistik yaradıcılığını geniş şəkildə tədqiqata cəlb etdi və bu mövzuda bir neçə əsərini oxucuların ixtiyarına verdi.) H.Cavid şair, dramaturq və publisist kimi 1904-1937-ci illər (1937-ci ilin may ayına kimi) arasında həm ölkəmizdə, həm də Türkiyədə, İranda, Tiflisdə müxtəlif mətbu orqanlarında publisistik məqalələri ilə çıxış edib. “İnqilabdan əvvəl fəlsəfi-publisistik məqalələr yazan” H.Cavid ideyalarını, düşüncələrini təkcə şeirlərində, dram əsərlərində deyil, həm də məqalələrində əks etdirib. “Nə sələflərinə, nə də xələflərinə bənzəyən, sənətdə öz səsi, öz nəfəsi, öz dəst-xəti olan”, ömrünün sonuna kimi mənsub olduğu ədəbi məktəbin ideyalarına sadiq qalan H.Cavid yaradıcılığının əsas qayəsini milli şüur, milli azadlıq, türkçülük, vətənçilik təşkil edirdi. Heç də təsadüfi deyil ki, “turançılıq romantiklərdən ən geniş, davamlı, sistemli və konseptual şəkildə H.Cavidin yaradıcılığında öz əksini tapıb”. Məhz bu publisistika milli-mənəvi dəyərlərə, müstəqillik ideyalarına, vətənə, torpağa, böyük türkçülük və azərbaycançılıq ideyalarına söykəndiyi üçün bu gün də aktualdır.
XX yüzilliyin əvvəllərində “Həyat”ın, “İrşad”ın, “Füyuzat”ın nəşri xalqda milli tərəqqiyə, oyanışa səbəb oldu. Hətta “Füyuzat” özündən sonrakı “ictimai-siyasi düşüncəni məşğul etmiş və Sovetlər dönəmində belə qadağalar olunmasına baxmayaraq, yeni nəslin formalaşmasında nəzəri baza rolunu oynadı”. “Füyuzat” jurnalının nəşrini sevinclə qarşılayan H.Cavidin jurnalda cəmi bir şeiri çap olunub. (“Bu, bəlkə də, onun tələbəlik qayğıları və səhhətindəki problemlərlə bağlı olub. “Füyuzat” çap olunarkən H.Cavid Türkiyədə təhsil alırdı və şiddətli göz ağrılarından əziyyət çəkirdi”). Bu şeir jurnalın 13 aprel 1907-ci il tarixli 15-ci sayındakı “Hali-əsəfiştimalimi təsvirdə bir ahi-məzlumanə” adlı mənzuməsidir. “Füyuzat”da cəmi bir dəfə çap olunan ədib füyuzatçılıq ideologiyasını davam etdirən “Şəlalə”, “İqbal”, “Tərəqqi”, “Həqiqət”, “Açıq söz”, “Qurtuluş”, “Bəsirət”, “İstiqlal” kimi demokratik ideyaların təbliğatçısı olan mətbu orqanlarda isə müntəzəm çap olunub. Milli hiss və milli düşüncə atributlarını ardıcıl tərənnüm edən H.Cavid sovet dövründə, təbii ki, “xalq düşməni”nin aqibətini yaşamalı idi və yaşadı da. Milli hər nə varsa, hamısına qənim kəsilən iblis xislətlilərimiz bu ağır faciəni tək H.Cavidə yox, onun əzizlərinə də yaşatdılar. Cavidşünasların əksəriyyəti çox haqlı olaraq oktyabr ayını cavidlər ayı adlandırır. Azərbaycan romantik ədəbi məktəbinin nümayəndəsi, filosof şair Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də, oğlu Ərtoğrul 1919-cu il oktyabrın 22-də, qızı Turan 1923-cü il oktyabrın 2-də anadan olub. Hətta ölümündən 41 il sonra Hüseyn Cavid 1982-ci il oktyabrın 26-da Bakıya “gəldi” və oktyabrın son gününü, 45 il əvvəl 4 iyun 1937-ci ildə iblislər tərəfindən çıxarıldığı mənzilində “qaldı”. 1984-cü ilin oktyabr ayı idi. BDU-nun Jurnalistika fakültəsində oxuyan tələbə… Fakültə qəzetinə Hüseyn Cavidin 100 illiyi münasibətilə material hazırlamaq üçün ədibin qızı Turan Cavidlə görüşməli oldum. On dəqiqəyə yaxın idi ki, Turan xanımla üz-üzə oturmuşuq. Haradan başlayım, nəyi soruşum, necə soruşum ki, Cavid ocağının yeganə yadigarının qaysaq bağlayan yaralarını yenidən qoparmayım. Gücüm çatmır, sanki nitqim quruyub, sözlər boğazımda tıxanıb qalıb. Bu dünyanı dərk edəndən sarsıntılar, nisgillər “yaşayan” (üzü 37-dən bəri) (əslində, ondan da əvvəl 1926-cı ildən, I Türkoloji qurultaydan sonra) Hüseyn Cavid “ədəbi tənqid”in, hətta təhqirin hədəfinə çevrildi. Ədəbiyyatşünas və mətbuatşünas alim Abbas Zamanov demiş, “özü də elə tənqid ki onu ortalığa çıxarmağa indi adamın üzü gəlmir”. O tənqid ki əvvəl Cavid əfəndinin, sonra ailəsinin və daha sonra ailənin yeganə üzvünün, Turan xanımın başına nə müsibətlər, nə dəhşətlər gətirmədi ki?!”, “Xalq düşməni”nin qızısan” deyə dəfələrlə institutdan, işdən qovuldu, aclıqdan, yoxsulluqdan, xəstəlikdən 24 yaşında bir qardaş itirdi, dərddən beli bükülmüş ana ilə işsiz-gücsüz, evsiz-eşiksiz (H.Cavid həbs ediləndən iki ay sonra “hökumət” əvvəl onların ev əşyalarını, bir ay sonra evlərini əlindən alır) ailəsiz-uşaqsız (hətta bəraətdən sonra da bu “xalq düşməni”nin qızı ilə ailə qurmağa bir “oğlumuz” olmadı) “yaşamağa” məhkum oldu. Dərd nə qədər yandırsa da, üzsə də, Cavid soyuna layiq yaşadı bu dünyada Turan xanım. Bunu qardaşı Ərtoğrul 29 aprel 1943-cü ildə Tiflisdən yazdığı məktubunda dönə-dönə ondan rica edirdi: “Turan, çalış familimizin saflığını qoru. Möhkəm ol! Qırıl, lakin əyilmə”. Turan xanım ömrünün sonuna kimi qardaşının bu və siyyətinə sadiq qaldı. Soyadına xələl gətirmədi. Amma bircə qardaşının ölümü onu əydi: “O dəhşətli xəbəri eşitdiyim gün heç bir şeyi dərk edə bilmədim. Artıq mən başqa adam idim. Mən birdən-birə çox qocaldım, əyildim. Bu, zahirən bilinməsə də, daxilən beləydi. Hər şey, hər şey məhv oldu, ümidlərim, arzularım”. Qəm dənizində, dərd leysanında çarpışan, canlıykən, diriykən “ölü” olan Turan xanım yaşamağa məhkum idi. Ona görə yox ki ona və əzizlərinə diri-diri cəhənnəmi yaşadanlara göz dağı olsun. Ona görə yox ki gördüklərinin, çəkdiklərinin əvəzində rahat həyat yaşasın, ailə qursun, Cavid ocağının işığını sönməyə qoymasın. Yox!!! Ona görə məhkum idi ki, kişi dəyanəti, kişi qüruru ilə bu üç əzizinin xiffətini çəksin, məzarlarını ziyarət etsin, can yanğısı ilə onları ansın, yaşatsın. Ona görə məhkum idi ki, gərək dünənə kimi Hüseyn Cavidi “xırda burjua şairi” (M.Hüseyn), “əsərlərində burjua məfkurəsi var, bu günümüzlə səsləşmir”, “Yazıları Şura hökumətinin əleyhinədir” (M.Hüseyn) deyərək ədibə ən ağır cəzanı tələb edənlər illər sonra “Hüseyn Cavid böyük sənətkardır” (M.Hüseyn), “Biz hamımız Cavidin mənəvi övladlarıyıq” deyə özünü təkzib edənlərin gözünün içinə baxaydı. Baxdı da. Ədəbiyyatşünas alim Rafael Hüseynov demiş: “Bu ədəbiyyat səmələrinin xərifləmələrinə, tənqid pəltəklərinin kəkələməklərinə, qələm əqrəblərinin neştərlərinə tablaşmaq üçün səbir, təpər, dözüm istedadı da var imiş Turan Caviddə, atası Hüseyn Cavid kimi”. İlahi, “bir zərif, zəif varlıqda haradandır bu qədər qüvvə, bu qədər dözüm?” Daşdırmı, dəmirdirmi o bir ovuc ürəyi? Turan xanımın səbri, mətanəti haqqında o zaman Abbas müəllim, Qulam müəllim mənə çox danışmışdı. Amma daha bu dərəcədə düşünmürdüm. Gördüklərim, duyduqlarım hamısı “solğunlaşır” nəzərimdə. İllərlə bütün varlığını məhv edən göynərtisini toxtaqlıqla “gizlədə” bildi Turan xanım! Ürəkli yenə də Turan xanım oldu. Gözlərindəki kədər yavaş-yavaş “yox olur”, qəhərini udur, bir az titrək, kövrək, bir az da xırıltılı səslə dedi:
- Bilmirəm, sizi nə maraqlandırır, nədən başlayım, nədən qutarım?
- Turan xanım, Hüseyn Cavidlə, ailənizlə bağlı hər şeydən… Siz yeganə adamsınız ki, bütün olanların şahidisiniz və hər şeyi bilirsiniz. Mənə Abbas müəllimin (BDU-nun professoru, ədəbiyyatşünas-alim Abbas Zamanov) dediyinə görə, 1956-cı illərə kimi Hüseyn Cavidi tənqid edənlərin əksəriyyəti sonralar ya öz dediklərini özləri təkzib edib, ya da yazdıqlarını “itirib-batırmağa çalışıblar (uzun illər sonra arxivlərdə Abbas müəllimin dediklərinin şahidi oldum və dəhşətə gəldim. Çünki 1937-ci ildə H.Cavidi nəinki tənqid, hətta təhqir edənlər 1970-1980-ci illərdə nəinki özlərini təkzib etməklə kifayətləniblər, hətta yazdıqlarını “itirməyə” çalışıblar). Bilirəm, o axır illəri xatırlamaq sizin üçün çox çətindi. Amma, yəqin ki, xoş günləriniz də olub? Xoş günlər, – deyə Turan xanımın səsi xırıldadı. (Susaldı. Həmişəki kimi səssiz-səmirsiz, illərdir içində ağladı. Artıq göz yaşları qurumuşdu. Qışqırmağa-bağırmağa taqəti də yox idi.) Gözlərini tavana zillədi və yenidən aramla sözünə davam etdi: “Bizim xoş günlərimizə o gün – Babamı apardıqları (Turan xanım atasına baba deyə müraciət edirmiş) 1937-ci ilin 4 iyun gecəsi son qoydular… Cavid soyadının məhvinə o gecə fərman verildi”. Turan xanım asta, titrək bir səslə atalı-analı, qardaşlı xoş günlərindən (heyif, bu günlərin ömrü çox az olub) və sonra bir-bir (necə əzabla) onları itirməyindən danışırdı. Bütün ömrü boyu onu için-için yandıran, varından yox edən, diri-diri cəhənnəm əzabı yaşadan o cəhənnəmli günləri onlara yaşadanlardan (qanı qanımızdan, canı canımızdan olanlardan) danışırdı… İlahi, doğrudanmı insan bu qədər qəddarlığa, rəzilliyə qadirdir? Bu qədərmi iblisdir?! Kimlər idi bunları edən? Yoxsa Hüseyn Cavid demiş, “adı yamaqlı”lar idi? Deyilənə görə, bir dəfə Mikayıl Müşfiq pinəçiyə ayaq-qabısını yamadırmış. Bu vaxt küçədən keçən Cavid əfəndini görüb utanır. “Kasıb oğlanam, nə edim ayaqqabımı yamadıram”, – deyə başını aşağı salır. Hüseyn Cavid ona yaxınlaşıb: “Canın sağ olsun. Adın yamaqlı olmasın, ayaqqabının fikrini çəkmə. Onu təzəsi ilə əvəz etmək olar, adı isə yox!” – deyir. Elə bu adı yamaqlılar 1930-1940-cı illərdə orta məktəb üçün bir dərslik yazaraq Cavid əfəndini gənc nəslə belə təqdim etdilər: “Əsərlərində burjua məfkurəsini daşıyan, onun ideyalarını təbliğ edən H.Cavid “İblis” əsəri ilə açıq surətdə panturanizmi, pantürkizmi təbliğ edir. Bu məfkurə mürtəce burjua ideyası idi. Maraqlısı odur ki, o, Azərbaycan həyatından deyil, Osmanlı həyatından temalar alır. Əsərdə Arifin simasında müharibəyə nifrət yağdırırsa, Elxanın simasında öz məhdud millətçi, pantürkist ideyalarını təbliğ edir. Tarixə qayıdarkən də belə öz romantikası xatirinə tarixi faktları təhrif edir”. (Çox, çox təəssüf ki, bu və buna bənzər sətirlərin müəllifi öz soydaşlarımızdır. Mehdi Hüseyn, Cəfər Xəndan, Əli Vəliyev, Məmməd Kazım Ələkbərli, Mustafa Quliyev və başqaları.) Həmin illərdə Cavid əfəndinin övladları Ərtoğrul da, Turan da orta məktəbdə oxuyurdu. Və təbii ki, istəsələr də, istəməsələr də, dərsə cavab vermək, qiymət almaq xatirinə bu temanı oxumalı idilər. Görəsən, oxudularmı, cavab verdilərmi? Bunu Turan xanımdan sorduqda dedi: “Qədim yunan filosofu Platonun çox qiymətli bir kəlamı var. O deyirdi ki, tarixin gedişini dəyişmək mümkün deyil. Bunun əksini düşünənlər günəşin qabağını kəsməyə səy göstərən axmaqlara bənzəyir. Bu günəşin qabağını kəsmək üçün maymaqlar nə çaldısa, axmaqlar da ona oynadılar”. “Bəsirət” qəzeti 28 oktyabr 1918-ci il tarixli sayında yazırdı: “Qafqasiyanın məşhur ədiblərindən Hüseyn Cavid əfəndinin Naxçıvanda vəfat etdiyi şəhərlərimizdə şayiə olmaqdadır. Bu xəbərin nə dərəcədə doğru olub-olmadığı məlum deyil. Əgər bu xəbər doğru isə, Qafqasiyamız ən qiymətli bir şairini itirmiş olur ki, bu da ədəbiyyatımıza böyük bir zərbədir”. Yalan oldu bu xəbər. Uca Yaradan qıymadı ədəbiyyatımıza bu zərbəni vurmağa. Möhlət verdi, Cavid əfəndiyə yazmağa-yaratmağa, ev-eşik, oğul-uşaq sahibi olmağa. Amma tanrılıq iddiasına düşən iblislərimiz qıydı Cavidə, Cavid ocağını söndürdü. Fəqət nə yaxşı Cavid dühasını, böyüklüyünü yaddaşlardan silib ata bilmədilər!
Turan xanımla bu ilk görüşümüzdən sonra bir neçə dəfə də müxtəlif tədbirlərdə görüşdük. Nədənsə onunla hər dəfə görüşəndə, söhbətləşəndə Mikayıl Müşfiqin “Yalqız ağac” şeirindən bir bəndi xatırlayırdım:
Olduqca qayğılı, olduqca qəmli,
Sadə mənzərəli, sadə görkəmli
Yalqız ağac baxır bir dağ başından;
O hansı dalğanın iğtişaşından,
Hansı zəlzələdən olmuş müztərib,
Düşünür təklikdə sanki bir qərib…
Bu sədaqət cavidlərə baha başa gəldi…
Müşkünaz xanım üçün zaman-məkan 1937-ci ilin 4 iyul gecəsində donaraq “zamanlığından çıxdı”. Nə uğursuz, nə müdhiş, nə dəhşətli idi o gecə! Ölüm sükutu, qorxusu gətirən gecənin soyuqluğu Müşkünaz xanımın varlığına elə işləmişdi ki, bütün ömrü boyu bu üşüntü, bu donuqluq onu tərk etmədi… Odur ki sonralar ən dəhşətli soyuğu, şaxtanı, boranı, tufanı belə hiss etmirdi Müşkünaz xanım, diriykən “ölü” idi, özü də, iki övladı da. İllər sonra Müşkünaz xanım xatirələrində yazırdı: “Yuxuda gördüm, böyük bir ilan mənə tərəf gəlir. Çığırıb yuxudan ayıldım. Yarıyuxulu, qorxmuş halda özümə gələndə evdə qarışıq səslər eşitdim. Heç bir şey ayırd edə bilmədim. Elə bu vaxt Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat bir səslə: “Qalx, geyin”, – dedi. Qapının arasından baxıb tanımadığım adamları gördüm”. Tədqiqatçı-alim Qulam Məmmədli həmişə deyərdi ki, “Doğrudur, Müşkünaz xanımı Dilbər xanım, Şükriyyə xanım kimi həbs etmədilər. Amma çöldə ona, ailəsinə necə əzablar verdilər, təhqirlər etdilər. Evindən çıxardılar, evsiz-eşiksiz, işsiz çöllərdə qaldı, övladlarını oxuduğu məktəblərdən qovdular, işdən çıxardılar. Allah rəhmət eləsin, çox ismətli qadın idi. Necə əzablara, təhqirlərə dözdü, sınmadı, Cavidə, soyadına xəyanət etmədi. Köntöy sözlərdən ürəyi qubar bağlasa da, zahirdə özünü tox tutdu. Amma cavan oğul itkisi Müşkünaz xanımı birdəfəlik məhv etdi, övlad itkisi də yaşadı bu qadın”.
Şairə Nigar Rəfibəyli boş yerə yazmırdı ki:
Gözəllik mülkünün gözəl sultanı,
Faciəli ömrün qəmli dastanı,
Qəlbi bala dağlı bir ana getdi,
Ağır töhmət qoyub dövrana getdi.
Hər dəfə Müşkünaz xanım haqqında yazanda yadıma dahi Füzulinin “Mən istərəm bəlanı, çün istər bəla məni” sözlərini xatırlayıram. O Müşkünaz xanım ki bütün ömrünü bəlalar içində “yaşadı”. Elə əvvəldən bəxt ulduzu parlamadı… Deyilənlərə görə, Müşkünaz xanımın “könlünün istəyinə” məhəl qoymadan atası onu zorla yaşlı bir kişiyə ərə verir. Müşkünaz bir neçə aydan sonra ər evindən baş götürüb qaçır. Tale onu Cavid əfəndi ilə görüşdürür. Bu görüşdən ömrü boyu məftun olan Müşkünaz xanım illər sonra xatirələrində yazırdı: “Mən Cavidin bacısı qızı ilə yaxın rəfiqə idim. Həm də qonşu idik. Ürəyindən keçirmiş ki, nolardı, Cavid gələndə Müşkünazı ona alaydıq. O zaman Cavid Bakıda müəllimlik edirdi. Cavid gəlir Naxçıvana, bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu açıb deyir ona. Nə qədər tərifləyir, nə qədər yalvarırsa da, Cavidi razı sala bilmir ki, bilmir. Deyir: “Gərək özüm görüm, görməsəm, “hə” demərəm”. Cavidin böyük qardaşının arvadı qayıdır ki, mən onu çağıraram bizə. Deyərəm, gəl mənim paltar maşınıma bax, yaxşı tikmir. Mənim o qadıngilə get-gəlim yox idi. Bir gün gəlib anamla danışdı və mən getdim onlara. Böyük bir otaq idi, ortada iki sandıq qoyub üstünə yük yığmışdılar. Cavid də bu yükün dalında əyləşib baxırmış. Ancaq işıq arxa tərəfindən düşdüyündən məni yaxşı görə bilmir və razılıq vermir. Bir neçə gün götür-qoy edirlər ki, neyləsinlər. Axırda bu qərara gəlirlər ki, indi də məni bacısıgilə çağırsınlar. İçəri girəndə gördüm, ortalıqda samovar qoyub çay içirlər. Məni təyin olunmuş yerdə oturtdular. Sən demə, Cavid o biri evin qapısının arxasından baxırmış.
Razılıq verir. Bacısı çox sevinir. 1918-ci ilin avqustunda evləndik”.Əslində, Müşkünaz xanım Hüseyn Cavidin təkcə ömür-gün yoldaşı, övladlarının anası olmur. O, “Cavidin rahatlığı, dərd həyanı, fikir ortağı, sirdaşı, nadir səadətlərindən biri, bəlkə də, ən mühümü” olur. Cavidə qarşı həddən ziyadə qayğıkeş, mehriban olan savadsız bir kənd qızı ilə saatlarla oturub söhbət etmək “Cavid üçün heç vaxt darıxdırıcı olmur”. Əksinə, bu qız “Cavidi çox-çox qələm əhlindən daha gözəl anlayırdı”. Odur ki Cavid əfəndi bu savadsız qıza yazıb-oxumağı öyrədir. “Gəlin köçəndən bir neçə gün sonra Cavid mənə dərs verməyə başladı”, – deyə Müşkünaz xanım o günləri həmişə xoşbəxtliklə xatırlardı.
Tanrı Müşkünaz xanıma xoşbəxt olmaq üçün nə lazım idi vermişdi. Cavid kimi qayğıkeş, mehriban, sədaqətli ömür-gün yoldaşı, iki gözəl övlad (amma Tanrının iblis xislətli, iblis qiyafəli bəndələri bu xoşbəxtliyi məhv etdilər). Müşkünaz xanım yazırdı: “Cavid qayğıkeş, qədirbilən bir ailə başçısı idi. Heç yadıma gəlmir ki, səhərlər durub uşaqları məktəbə yola salım. Həmişə özü durub onların çay-çörəklərini verərdi, yola salardı”. Düz 19 il Müşkünaz xanım Cavidin başına pərvanə kimi dolanır. Qayğılı, kasıb günləri olsa da, xoşbəxt idilər. Çünki ailədə qarşlıqlı sevgi, hörmət var idi. Çünki Cavidi yanında idi. Müşkünaz xanım yazırdı ki: “Təzəcə ailə qurmuşduq. Bakıda kirayə yaşayırdıq. Bir dəfə evdə oturmuşdum. Cavid gəldi, gördü, bikefəm. Dedi: “Bax əsl qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şeir yazmaq lazımdır. Canın sağ olsun, həmişə belə qalmayacaq ki!” Cavid “Qaçqın” şeirini o vaxt bu hadisədən sonra yazmışdı”.
Heç nə olmasa da, Cavidin məhəbbəti, sədaqəti yaşadırdı Müşkünaz xanımı. Hətta 1948-ci il mayın 4-də Cavidin yoxluğu haqqında rəsmi kağız alsa da, daha 20 il Cavidin həsrəti ilə 1976-cı ilə qədər “yaşadı” bu sədaqətli xanım.” Mən ümid edirəm ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək, göz yaşlarımı siləcək, keçirdiyim günləri qələmə alacaq”. Amma Müşkünaz xanım bilmirdi ki, nə qədər ki bu iblis xislətlilərimiz sağdır, bu müşkül məsələ idi. Cavid əfəndi demiş: “Canlar yaxar, evlər yıxar insan” O insanlar ki bir “molodes”ə, cansız bir parça dəmir-dümürə (orden-medala) canı canından, qanı qanından oğullar (bir evdən yox, bir eldən gedən oğullar) güdaza verdi ha, sayı-hesabı yoxdur. Müşkünaz xanımın xatirələrindən və Turanın dediklərindən belə bəlli olur ki, Hüseyn Cavidi həbs etməyə gələndə də, sonradan onları evindən çıxaranda da gələn “nümayəndələrin arasında azərbaycanlılar da olub, elə daha çox kobud rəftar edənlər də onlar olub. H.Cavid həbs ediləndən az sonra evin əşyalarını aparmağa gəlirlər. Bu haqda Müşkünaz xanım yazırdı: “Qapı döyüldü. Allah, sən saxla! deyərək qorxu içində qapını açdım. “Buyurun” deyənə kimi tanımadığım üç nəfər içəri soxuldu. “Ev əşyalarını aparmağa gəlmişik”, – deyə həriscəsinə əşyaları süzməyə başladılar.
- Nə üçün? – deyə donuq-donuq üzlərinə baxdım. Sualım gələnlərdən birini lap hövsələdən çıxardı. “Nə üçün”ü sənə iki ay bundan əvvəl məlumdur, – deyə “işə başladılar”.
Elə 1920-1930-cu illərdə Cavid əfəndinin hər sözünə “qulp qoyanlar” da özümüzünkülər deyildimi? “Yerli həyatdan, müasir gündən, Şura hökumətindən, sosializm yarışından uzaq mövzulardan” yazır deyə “vulqar sosiologiya və şəxsiyyətə pərəstişin hökm sürdüyü illərdə Cavid ancaq haqsız tənqid hədəfi”nə çevrilmədimi? Amma “1920-1930-cu illər ədəbi mühitimizdə öz yaradıcılıq məsləkinə, yazı tərzinə Hüseyn Cavid qədər sədaqətli ikinci bir şair görünmür”. Bu sədaqət ona və ailəsinə çox baha başa gəldi.
Cəfərli Ramin
ADPU, Tarix müəllimliyi, II kurs
![Yaddaşlardan silə bilmədikləri Cavidlər… 2 WhatsApp Image 2025 02 09 at 19.16.47](https://viral.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-09-at-19.16.47.jpeg)