Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) “Azerspace-1” peykinin orbitdə gələn il üçün sığorta dəyəri açıqlanıb.
Bu barədə Apress.az-a “Azərkosmos”dan məlumat verilib.
İnformasiyaya görə, “Azərkosmos” “Azerspace-1”in gələn il üçün bir illik sığortalanması 1.377.000 manata başa gələcək.
“Azərkosmos” peykin sığortasını “Qala Sığorta” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, peykin orbitdə sığortalanma müddəti bir ildir. Bu müddət 2025-ci ilin fevralından 2026-cı ilin fevralına qədər olan dövrü əhatə edir.
Sığorta olunacaq əmlakın dəyəri 53 milyon ABŞ dollarıdır. Ötən il üçün isə sığorta olunan əmlakın dəyəri 66.5 milyon ABŞ dolları təşkil edib. Peykin ötən ilin fevralından bu ilin fevralınadək sığorta xidmətini “Paşa Sığorta” ASC həyata keçirib. Bununla bağlı ötən il qurumla şirkət arasında 1 436 500 manat dəyərində sığorta müqaviləsi bağlanılıb.
Xatırladaq ki, “Azerspace-1” 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb. “Azerspace-1″in istismar müddəti azı 17 ildir. Ümumilikdə, 230 milyon ABŞ dollarına başa gələn peyk Amerikanın “Orbital Sciences Corporation” şirkəti tərəfindən inşa olunub.