Türkiyənin “Adana Dəmirspor” komandası Super Liqanın 23-cü turunda qarşılaşdığı “Qalatasaray”la oyunda meydanı erkən tərk edib.
Arena.az xəbər verir ki, qarşılaşmanın 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib.
11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.
30-cu dəqiqədə hesab 1:0 olarkən Adana təmsilçisinin futbolçuları baş məşqçi Mustafa Alper ilə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, komanda üzvləri klub prezidentinin tələbi ilə bu addımı atıblar.
Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib.
Adana klubunun nümayəndəsi Metin Korkmaz “Qalatasaray”a deyil, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinə etlraz olaraq meydanı tərk etdiklərini açıqlayıb.
Klub prezidenti Murat Sancak da etirazlarının hakimlərə olduğunu deyib. O, “Fənərbağça”nın prezidenti Ali Koçun təlimatı ilə meydandan çıxdıqlarına dair iddiaları rədd edib.
Məsələ ilə əlaqədar yaxın günlərdə federasiya qərar verəcək. “Adana Demirspor”a texniki məğlubiyyətin veriləcəyi istisna olunmur.
Qeyd edək ki, Adana təmsilçisi cari mövsümdə uğursuz çıxış ilə diqqət mərkəzindədir. Sözügedən komanda hazırda -5 xalla sonuncu pillədə qərarlaşıb. “Qalatasaray” isə 21 oyuna topladığı 57 xalla vahid liderdir.