Qəbələ, 9 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Uğurla davam edən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının üçüncü günü, fevralın 9-da axşam Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara məşhur akkordeon ifaçısı Aydar Qaynullinin “Eyforiya” ansamblının (Rusiya-Almaniya) konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl “Eyforiya” ansamblı haqqında məlumat verilib. Bildirilib ki, ansambl dünya şöhrətli akkordeon və vokal ifaçı, bəstəkar, Tatarıstan Respublikasının Əməkdar artisti Aydar Qaynullin tərəfindən 2010-cu ildə yaradılıb. Ansamblın tərkibi beynəlxalq müsabiqələr laureatları olan Aleksey Vaqner (gitara), Svetlana Bezotosnaya (violin, vokal), Aleksandr Muravyov (kontrabas), Sergey Şamov (zərb alətləri) kimi virtuoz ifaçılardan ibarətdir. Kollektivin repertuarına flamenko, tanqo, rok, latın, parlaq enerji və müasir səslənmələr ilə zəngin olan kinofilmlərdən musiqi fraqmentləri daxildir. İfaçıların yüksək peşəkarlığı, məharəti və sənətkarlığı hər zaman dinləyiciləri riqqətə gətirir. “Eyforiya” ansamblı dünyanın ən nüfuzlu səhnələrində, mötəbər konsert salonlarında çıxış edərək minlərlə dinləyicinin qəlbini fəth edib.
Ansablın rəhbəri Aydar Qaynullin Vırıpayevin “Eyforiya” filminin musiqisinə görə “Nika” milli kino mükafatının, milli kino mətbuatı və “Ağ fil” kino tənqidi mükafatının laureatıdır. Akkordeon ifaçılığı sənətindəki böyük nailiyyətlərinə görə Aydar Qaynullinin adı “Rusiya istedadlarının Qızıl kitabı”na daxil edilib. Aydar Qaynullinin özünəməxsus ifa tərzi, yüksək ustalıq məharəti, onun təkcə akkordeon deyil, həm də vokal və bəstəkarlıq üzrə bənzərsiz istedadı dinləyicilər və peşəkarlar arasında daim maraq doğurur.
Konsert zamanı “Eyforiya” ansamblının ifa etdiyi Y.Tirsenin “Ameli” kinofilmindən musiqi, A.İvanovun “Fiyesta”, A.Qaynullinin “Avrasiya”, “Eyforiya”, A.Şnitkenin “Ruhi xəstələr evində Tanqo”, A.Piazzollanın “Oblivion”, “Libertanqo”, H.Zimmerin “Mombasa”, E.Makarovun “Santa Mariya”, V.Montinin “Çardaş”, “Miserlou” və digər musiqi kompozisiyaları tamaşaçılara yüksək əhvali-ruhiyyə bəxş edib.
Festival çərçivəsində fevralın 10-da saat 16:00-da tamaşaçılara Polşanın “Glassduo” ansamblının konserti təqdim ediləcək.