"Zirə" qış fasiləsindən sonra ikinci qələbəsini Şamaxıda qazandı.
"Qartallar" hesabda geri düşdüyü matçda geridönüşlə yadda qaldı - 2:1.
Qələbə qolunun müəllifi Salifu Suma oldu.
O, ikinci yarının startında öncə Veremeyevlə ikili mübarizədə qalib ayrıldı, ardınca Cəlal Hüseynovun mövqe səhvindən yararlanaraq topu uzaq küncə yolladı.
Afrikalı legionerə təkcə vurduğu qolda göstərdiyi mübarizəyə görə yox, həm də birinci yarıda başına gələnlərdən sonra ortaya qoyduğu iradəyə görə əhsən düşür.
Belə ki, matçın 37-ci dəqiqəsində Yusuf Laval zədə alaraq meydanı tərk etməli oldu.
Belədə qonaqlar qısa bir sürə meydanda azlıqda qaldı.
Həmin müddətdə "Zirə" tərəfi topun auta çıxmasından istifadə edərək əvəzetməyə getmək istəyirdi.
Amma Sumanın topu rəqibə verməsi meydan sahiblərinin oyunu sürətli başlamasına səbəb oldu.
Başverənlər Rəşad Sadıqovu özündən çıxardı. Vingeri yanına çağıran çalışdırıcı onu hər kəsin gözü önündə yüksək səslə sərt formada tənqid etdi.
Düşünmək olardı ki, bu reaksiya əcnəbi futbolçuya mənfi təsir edəcək. Psixoloji olaraq özünü oyuna köklərə bilməyəcək.
Amma 21 yaşlı gənc heç nə olmayıbmış kimi oyuna davam etdi.
Nəticəsi də ortada. O, "Qarabağ"la matçda da vurduğu iki qolla yenidən özünü sübut etmiş oldu.
Bu gün ona bir neçə yaxşı təklif gəlməsində də məhz son oyunlarındakı əla performansının rolu var.
Düzdü, Sumanın dəfələrlə intizamsız hərəkətlərinə şahid olmuşuq.
Amma sırf Şamaxıdakı oyunda yaşananlardan sondakı performansı onun dəmir iradəsindən, özgüvənindən xəbər verir.
Bu, xırda irad eşidən kimi oyununda aylarla eniş yaşanan yerli gənclərimiz üçün də əsl nümunə olacaq hadisə hesab oluna bilər.
XANOĞLAN / SPORTİNFO.AZ