Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub. 1news.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 11 üzvü xalçaya çıxıb, onlardan 5-i fəxri kürsüyə qalxıb. Elmir Əliyev (55 kiloqram) A qrupunda iranlı Mehdi Əhədiyə (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Qrup birincisi yarımfinala yüksələn Əliyev amerikalı Bredi Kuntsu da üstələyib – 5:0. Elmir finalda yenidən Əhədi ilə qarşılaşıb və inamlı qələbə ilə (7:0) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 60 kiloqramda ölkəmizi 3 güləşçi təmsil edib. Yuxarı çəkidə çıxış edən Eldəniz Əzizli startda özbəkistanlı Mehrac Bəhramovla bacarmayıb – 0:9. Nihat Məmmədli israilli Melkamu Feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda Bəhramova 6:11 hesabı ilə məğlub olub. Hüseyn Qəribov debütdə serbiyalı Georgi Tibilova uduzub – 0:6. O, təsəlliverici görüşdə israilli Abere Feteneni üstələyib – 4:1. Ancaq bürünc medal uğrunda mübarizədə iranlı Puya Naserpura yenilib – 1:9. Ülvü Qənizadə (72 kiloqram) ilk mərhələdə çexiyalı Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib. Onunla eyni çəkidə çıxış edən Ruslan Nurullayev debütdə macarıstanlı Levente Levaya 1:4 hesabı ilə məğlub olub. O, təsəlliverici görüşdə finlandiyalı Matias Lipastiyə şans verməyib – 11:0. İranlı olimpiya və dünya çempionu Mohammadreza Gerayi isə həlledici qarşılaşmaya çıxmadığı üçün Ruslan üçüncü yeri tutub. Qurban Qurbanov (82 kiloqram) serbiyalı Uroş Leçiç (8:0) və belaruslu İlya Bitseyev (6:0) üzərində inamlı qələbə qazanıb. O, yarımfinalda iranlı Qolamreza Faroxinsenjaniyə uduzub – 3:11. Qurban rumıniyalı Vasile Koyoku vaxtından əvvəl (9:0) xalçadan məyus yola salaraq bürünc medalı boynundan asıb. Arif Niftullayev (97 kiloqram) niderlandlı Tirone Sterkenburqu 3:2 hesabı ilə üstələsə də, 1/8 finalda iranlı Şayan Habibzareyə uduzub – 0:8. Bu çəkidəki digər təmsilçimiz Murad Əhmədiyev rusiyalı Maqomed Murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırdıqdan sonra belaruslu Abubakr Xaslaxanova uduzub – 2:12. O, təsəlliverici görüşdə iranlı Hamidreza Badkanı məyus edib – 5:4. Murad üçüncülük üçün Habibzareylə güləşib və 6:3 hesablı qələbə ilə bürünc medala sahib çıxıb. Beka Kandelaki (130 kiloqram) Macarıstan güləşçilərinə – Dariuş Viteklə (9:0) Laslo Darabosa (8:2) qalib gəlib. O, yarımfinalda finlandiyalı Konsta Maeenpaeyə məğlub olub – 3:4. Beka bürünc medal görüşündə isə rusiyalı Marat Kamparova yenilib – 2:3. Ən ağır çəkidəki digər milli üzvü Sərxan Məmmədov çexiyalı Artur Sarkisyanla amerikalı Kourtney Frimanı 3:1 hesabı ilə üstələyib. O, yarımfinalda iranlı Əliəkbər Yusifəhmədxaliyə uduzub – 1:9. Sərxan macarıstanlı Koppani Laslonu “tuş”la üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Beləliklə, son yarış günündə Azərbaycan güləşçiləri 1 qızıl və 4 bürünc medal qazanıblar.