AZ

Kanada ABŞ-nin 51-ci ştatı ola bilər - Tramp bu mövzuda CİDDİDİR

ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-ın “51-ci ştatı” olması barədə təkliflərinin ciddi olduğunu təsdiqləyib. “Forbes” jurnalının yazdığına görə, bu barədə o, bazar günü “Super Bowl”dan əvvəl yayımlanan müsahibəsində bildirib. Bundan iki gün əvvəl isə Kanadanın baş naziri Castin Trudo ölkənin biznes liderlərini xəbərdar edərək Trampın Kanadanı ABŞ-a birləşdirmək istəyinin zarafat olmadığını, əslində real bir məsələ olduğunu deyib.

 

Əgər onlar 51-ci ştat olsalar...

 

"Fox News" aparıcısı Bret Bayer Trampdan Trudonun iş adamlarına ABŞ prezidentinin Kanadanı öz tərkibinə qatmaq istəyinin real olduğuna dair dediklərinin doğru olub-olmadığını soruşub. Tramp isə Trudonun sözlərini təsdiqləyərək “Bəli, bu belədir” cavabını verib.

Tramp Kanadanın ABŞ-ın bir ştatı kimi “daha yaxşı vəziyyətdə olacağını” iddia edib, Amerikanın hər il Kanadaya 200 milyard dollar verdiyini xatırladıb. Tramp administrasiyasının açıqlamalarına görə, bu rəqəm, ABŞ-ın müdafiə xərcləri və Kanada ilə ticarət balansındakı defisitinə əsaslanır. Tramp bildirib ki, buna imkan verməyəcək: “Əgər onlar 51-ci ştat olsalar, bu məni narahat etməz”

Tramp son aylarda dəfələrlə öz sosial media hesabından Kanadanı ABŞ-ın “51-ci ştatı” adlandırıb və Trudonu baş nazir kimi deyil, “qubernator” kimi təqdim edib.

 

Tramp Kanadanın təbii sərvətlərindən faydalanmaq istəyir

Trudo cümə günü Kanadanın biznes liderləri ilə görüşündə Trampın Kanadanı öz tərkibinə qatmaq istəyinin gerçək olduğunu vurğulayıb. “The Guardian”ın məlumatına görə, Trudo Kanadanın təbii sərvətlərinin ABŞ administrasiyası tərəfindən yaxşı tanındığını və Trampın bu sərvətlərdən faydalanmaq istədiyini qeyd edib: “Tramp administrasiyası bizim nə qədər strateji əhəmiyyətli minerallara sahib olduğumuzu yaxşı bilir. Ola bilər ki, məhz buna görə onlar bizi 51-ci ştat kimi görmək istəyirlər”.

Trudo bu bəyanatı, Trampın Kanada mallarına 25 faiz gömrük tarifi tətbiq edəcəyi təhdidinə qarşı ölkənin cavab strategiyasını müəyyənləşdirmək məqsədilə keçirilən görüşdə səsləndirib.

Kanadaya gömrük rüsumu tətbiq ediləcək?

Tramp keçən həftə Kanada mallarına 25%-lik gömrük tarifi tətbiq etməyi planlaşdırırdı, lakin son anda bu qərardan geri çəkildi. Buna səbəb Kanada hökumətinin ABŞ-Kanada sərhəd təhlükəsizliyini gücləndirməyə razılıq verməsi oldu. Hazırda tariflər 30 gün müddətinə təxirə salınıb və tərəflər uzunmüddətli həll yolu tapmaq üçün danışıqlar aparır. Lakin Tramp bazar günü verdiyi açıqlamada hələ də Kanada idxalına tariflər tətbiq etmək niyyətində olduğunu deyib. “Nəsə edilməlidir, bu vəziyyət davam edə bilməz,” – deyə o bildirib.

 

Kanada Trampa necə cavab verib?

Trampın Kanada mallarına gömrük tarifləri tətbiq edəcəyi ilə bağlı təhdidlərindən sonra kanadalılar ABŞ məhsulları və turizmini boykot etməyə başlayıblar. Kanada rəhbərliyi bir sıra ABŞ brendlərini mağazalardan yığışdırıb və Amerika şirkətləri ilə müqavilələri yeniləməkdən imtina edib. Kanada hökuməti, Trampın gömrük rüsumları qüvvəyə minsəydi, Amerika mallarına qarşı genişmiqyaslı 25 faizlik tariflər tətbiq edəcəyini bildirmişdi. Kanadanın rəsmi şəxsləri isə Trampın müttəfiq ölkəyə qarşı qəfil hücumlarına təəccübləndiklərini bildiriblər.

 

“Amerika hər şeydən öncə”

Kanada, Trampın ABŞ-ın tərkibinə qatmaq istədiyi yeganə ölkə deyil. O, daha əvvəl Qrenlandiyanı da almaq istəyini ifadə etmişdi. Trampın “Amerika hər şeydən öncə” siyasəti müttəfiq ölkələrə yardımın azaldılmasını və beynəlxalq təşkilatlardan çıxmağı ehtiva edir. O, prezidentlik kampaniyası zamanı xarici mallara yüksək tariflər tətbiq edəcəyini vəd etmişdi və seçkidən sonra noyabr ayında Meksika və Kanadaya 25 faizlik tariflər tətbiq edəcəyini açıqladı. Tramp Kanadaya qarşı tariflərin əsaslandırılması üçün qeyri-qanuni miqrantlar və ABŞ-a daxil olan fentanil axını ilə bağlı narahatlıqları irəli sürsə də, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin məlumatına görə, 2024-cü ildə qeyri-qanuni sərhəd keçidlərinə görə saxlanılan miqrantların cəmi 1,5 faizi Kanada sərhədindən daxil olub.

Lalə Musaqızı, "canazerbaijan.com"

Seçilən
29
23
modern.az

10Mənbələr