AFB Bankın müşahidə şurasının üzvü işdən çıxarılıb.
Hurriyyet.az xəbər verir ki, "Referans"ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Viladi Maniyev şirkət sahibinin qərarı ilə vəzifədən kənarlaşdırılıb.
Qeyd edək ki, Viladi Maniyev bu vəzifəyə 2020-ci ilin martında təyin edilib. O eyni zamanda AFB Bankın sahiblərinə məxsus olan Azsığorta şirkətinin direktorlar şurasının sədridir. Mənbənin verdiyi məlumata görə Maniyevin bu vəzifədən də çıxarılacağı gözlənilir. Buna səbəb isə Azsığortaya təyin olunduğu 2016-cı ildən sonra şirkətin xeyli geriləməsidir. Belə ki, 2016-cı ildə 23 mln. manat sığorta yığımı ilə qeyri-həyat sığorta şirkətləri arasında ilk 4-lükdə qərarlaşan Azsığorta 2024-cü ildə 9 mln. manat yığımla son 3-lükdə qərarlaşıb.
Əsas məqamlardan biri isə Azsığorta şirkətinin kiçilməsi ilə əlaqədardır. Sözügedən şirkətin nizamnamə kapitalı 2022-ci ildə 6.293.000 manat azalaraq 20.300.000 manatdan 14.007.000 manata enib.
Xatırladırıq ki, Viladi Maniyev 2019-cu ildə mətbuatda 16285 manat aylıq maaş alması ilə gündəmə gəlmişdi.