AZ

Moskvanın hərəkətləri müttəfiqlik münasibətlərinə ziddir



Aktauda AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Bakı ilə yaranan gərginliyi aradan qaldırmaq əvəzinə Moskva bir qədər də irəli gedərək Azərbaycanla təhdid dilində danışmağa üstünlük verir. Kreml rəhbərinin Duma və digər strukturlardakı əlaltılarının antiAzərbaycan çıxışları, eləcə də son günlər bu ölkədə yaşayan azərbaycanlılara qarşı artan hücumlar, göstərilən təzyiqlər onu deməyə əsas verir ki, Moskva ənənəvi olaraq qonşularına qarşı güc dilində danışmağa üstünlük verir.

Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Moskvanın bu hərəkətləri müttəfiqlik münasibətlərinə ziddir. Onun sözlərinə görə, Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsinin vurduğuna görə Bakıdan rəsmi qaydada üzr istəyib, konpensasiya ödəməli olduğu halda, öz ənənəvi metodlarından, güc nümayişi və təhdid elementlərindən istifadə edir:

"Nikolay Valuyev kimi şovinistlərin Azərbaycanı təhdid edən çıxışları, Rusiyadakı azərbaycanlılara qarşı artan hücumlar bunu təsdiqləyir. Ancaq Rusiya unudur ki, Azərbaycanla münasibətlərin korlanması, Bakıya qarşı atdığı ədalətsiz və heç bir məntiqə sığmayan addımları daha çox ona zərbə vura bilər. Cənubi Qafqazda yeganə normal əməkdaşlıq etdiyi ölkə Azərbaycandır və Qərbin, Avropanın sanksiyaları fonunda öz məhsullarını Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarır. Əgər Kremlin şovinist siyasəti davam etsə, bu Azərbaycandan daha çox onun özünə ziyan vuracaq".

Arzuman Muradlı onu da deyib ki, Rusiya rəsmiləri 2022-ci il, fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin maddələrinə diqqətlə baxmalı, həmin bəyannaməyə uyğun fəaliyyətlərini qurmalıdırlar:

"Hərçənd Rusiya bu vaxta qədər imza atdığı heç bir sənədə sona qədər sadiq qalmayıb. Əgər proses belə davam edərsə, Azərbaycanın da öz adekvat addımları olacaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi heç kim bizimlə güc dilində danışa bilməz".

Süleyman
Seçilən
14
newscenter.az

1Mənbələr