Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qaçqın düşmüş fələstinlilərin Qəzzaya qayıdışına qarşı olduğunu bəyan edib. Tramp Luiziana ştatına səfəri zamanı öz təyyarəsinin göyərtəsində jurnalistlərə müsahibə verib və münaqişənin bitməsindən sonra fələstinlilərin Qəzza bölgəsinə qayıtmasının səhv olacağını söyləyib.
Tramp deyib: "Hesab edirəm ki, fələstinlilərin, Qəzza sakinlərinin oraya yenidən qaydışına icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın qayıtmasını istəmirik. Mən oranı böyük daşınmaz obyekt kimi düşünürəm, ABŞ-ın sahiblənib yavaş-yavaş inkişaf etdirəcəyi obyekt kimi. Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq".
Tramp daha sonra deyib: "Qəzza sektoru tamamilə dağıdılıb. Bu yer qaydaya salınacaq. Biz varlı Yaxın Şərq ölkələrinin köməyi ilə oranı yenidən inşa edəcəyik".
Xatırladaq ki, fevralın 4-də, Ağ Evdə keçirilən danışırlaqdan sonra, İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı Tramp Vaşinqtonun uzun müddət ərzində Qəzza sektoruna sahib olub, "Yaxın Şərqin maraqları daxilində" oranı inkişaf etdirmək məsələsini nəzərdən keçirəcəyini bəyan etmişdi. Tramp regiondakı ərəb dövlətlərinin fələstinlilərin başqa ölkələrə köçürülməsinin xərclərini çəkə biləcəklərini, lazım gələrsə, ABŞ-ın Qəzzaya ordu yeridə biləcəyini söyləmişdi.
Ərəb dövlətləri, İran və bir neçə Qərb dövləti Trampın ideyasına qarşı çıxış etmişdilər. Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-ın Qəzza ilə bağlı təkliflərinin diqqətə layiq hesab etmədiyini söyləyib.
Hürr Tərcüman