"Oturaq həyat tərzi bir çox sağlamlıq problemlərinə səbəb ola bilər".
Ölkə.az xəbər verir ki, bunu rusiyalı həkim Anna Zaxarova deyib. Onun sözlərinə görə, uzun müddət hərəkətsiz oturmaq çanaq nahiyəsində qan dövranının zəifləməsinə və hemoroid kimi problemlərin yaranmasına yol açır.
Mütəxəssisin fikrincə, oturaq iş zamanı ayaqları çarpaz şəkildə oturmaq daha da zərərlidir. Bu vərdiş qan axınını ləngidir, damarları sıxır, nəticədə varikoz damarlarının və hemoroidin inkişafına səbəb olur.
"Oturaq həyat tərzi keçirən şəxslər eyni zamanda düzgün qidalanmaya diqqət yetirməlidir. Gündəlik rasiona liflə zəngin meyvə-tərəvəzlər daxil etmək məsləhətdir. Eləcə də gündə ən azı 2 litr su içmək tövsiyə olunur.
Hemoroid riskini azaltmaq üçün fiziki aktivlik vacibdir. Axşam gəzintiləri, yüngül qaçış və üzgüçülük qan dövranını yaxşılaşdırır. Həmçinin, hər saatda bir neçə dəqiqə ayağa qalxıb hərəkət etmək faydalıdır",-deyə həkim qeyd edib.
Həmidə İbrahimova