AZ

Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaq - MÜSAHİBƏ

I vitse-spiker: “Naxçıvandan muxtariyyətin götürülməsi qeyri-ciddi söhbətdir”


Milli Məclis sədrinin birini müavini Ziyafət Əsgərov Modern.az saytına geniş müsahibə verib. Redaksiyamıza əməkdaşlarımızla həmsöhbət olan I vitse-spiker hüqui sahəyə aid bir sıra cavib məsələlərə münasibət bildirib. Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanın müstəqilliyinin ilk illərində naxçıvanlılar siyasi elitanın əsası hesab olunurdu və bu tendensiya uzun müddət davam etdi. Necə düşünürsünüz, bu gün ölkənin müxtəlif ərazilərində siyasi aktivlik hansı səviyyədədir? Həmçinin 30 il keçməsinə baxmayaraq, qadınları siyasətdə çox az görürük, bunun əsas səbəbi nədir?


- Məşhur ifadə var - sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq. Biz elə bir dövrdə yaşayırıq ki, hər kəs siyasi cəhətdən fəal olmalıdır. Bizim cəmiyyətdə siyasi fəallıq həmişə olub və indi də var.

Xüsusilə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, istər 1990-cı ilin əvvəlləri, istər sonrakı proseslər hər bir vətəndaşı siyasətlə məşğul olmağa sövq edirdi.

Qadınların siyasətdə yerinə gəldikdə isə hesab edirəm ki, Azərbaycanda bununla bağlı problem yoxdur. Əvvəla, bunun hüquqi bazası çox möhkəmdir.

1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda bu, hərtərəfli əks olunub. O zaman Konstitusiya Komissiyası yaradımışdı. Ulu öndərimiz komissiyanın sədri idi. Xoşbəxtlikdən mən də o işə cəlb olunmuşdum, komissiyanın işçi qrupunun üzvlərindən idim.

Mütəmadi olaraq Ulu öndər bizi toplayır, tapşırıqlarını verirdi. O vaxt qadınların siyasi-ictimai həyatda fəallığı ilə bağlı çox ciddi müzakirələr gedirdi. Heydər Əliyev dəfələrlə deyirdi: biz elə etməliyik ki, qadınlar da siyasətə cəlb olunsun, bu proseslərdə fəal iştirak etsinlər, öz hüquq və azadlıqlarını yüksək səviyyədə dərk edə bilsinlər. Çünki Qərbdə bizi istəməyən, yuxarıdan-aşağı baxan qüvvələrdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan da Şərq, müsəlman dövlətidir, orada qadın hüquqları qorunmayacaq və s.

Amma Azərbaycan o dövlətlərdəndir ki, qadınlar da kişilər kimi bütün sahələrdə bərabər hüquqa malikdir. Bunun bariz nümunəsini hamımız görürük, ölkənin Birinci vitse-prezidenti, Milli Məclisin sədri, Ombudsman, deputatlarımızın bir hissəsi qadınlardır, digər sahələrdə də kifayət qədər xanım çalışır. Müxtəlif yerlərdə, hökumət orqanlarında, biznes sahəsində qadınların çəkisi getdikcə artır və bu məni sevindirir. Çünki qadın nə qədər savadlı olsa, ailə dəyərləri bir o qədər güclü olacaq. Cəmiyyətin əsası ailədir. Bu, Konstitusiyamızda da təsbit olunub. Bizdə ailə ilə əsasən qadın məşğul olur. Qadın da nə qədər intellektual olsa, gələcək nəslimiz bir o qədər güclü olacaq.
 

- Siyasi elita ilə bağlı suala dəqiq cavab ala bilmədik.
 

- Mən siyasi elitanı bölgələrə ayırmazdım. Belə bir tədqiqat aparmamışam ki, siyasətçilərin əksəriyyəti naxçıvanlılardır, yaxud başqa bölgədəndirlər. Ümumiyyətlə, bu mövzuda danışmağı sevmirəm. Əlbəttə,  Naxçıvan torpağı çox böyük insanlar, siyasətçilər yetişdirib - Heydər Əliyev, İlham Əliyev kimi siyasi nəhənglərin adlarını böyük fəxarətlə çəkə bilərəm.

Ümumən gəlin, bu məsələni bölgələrə ayırmayaq. Sadəcə olaraq bu, insanın təfəkkürü ilə bağlıdır. Bəlkə də tale belə gətirib. Naxçıvanın quru sərhədləri digər bölgələrimizlə bağlanıb, anklav vəziyyətinə düşüb. Təsəvvür edin, hər tərəfdən xarici ölkələrlə çevrələnmisən. Naxçıvanın Azərbaycanın siyasi mərkəzinin olmasının səbəbi də bütövlükdə bununla əlaqəli idi. Amma qabiliyyətli adam hər yerdədir- Şimal, Cənub, Şərq və Qərbimizdə də.



- Siz həm də Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müdirisiniz. Necə düşünürsünüz, ali təhsil müəssisələrimiz gələcəyin yaxşı məmurunu yetişdirə bilirmi? Çünki yeni təyinatlarda xaricdə təhsil alanların üstünlüyünü görürük, hətta dövlət qulluğunda bu məsələyə xüsusi önəm verilir.

 

- Ali təhsilimi başa vurandan bu günə qədər Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasında işləyirəm. O vaxtdan indiyədək apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Bakı Dövlət Universiteti (BDU) çox yaxşı məktəbdir. Burada riyaziyyat, fizika, kimya, eyni zamanda hüquq məktəbi çox güclü olub. Milli Elmlər Akademiyasını da bura aid edə bilərik. Ənənələr bu gün də davam edir. O ki qaldı, gənclərin xaricdə təhsilə maraq göstərməsinə, bu, təbii prosesdir və bütün dünyada belədir. Bu əsasən dil biliklərinin artırılması zərurətindən irəli gəlir. Xüsusi ilə informasiya texnologiyaları ilə maraqlanan gənclər bu sahəyə daha çox yönəlmək istəyirlər, çünki bu gün texnologiya əsridir. Hətta Milli Məclisdə də deputatlar gələcəkdə süni intellektlə bağlı sənədlərin qəbul edilməsi məsələsini gündəmə gətirirlər. Hesab edirəm ki, zəruri olduğu təqdirdə bu sahədə qanun qəbul olunacaq. Yəni dünyanıən istiqaməti belədir, biz bunu dəyişə bilmərik. Təyinatlara gəldikdə, sizinlə eyni fikri bölüşmürəm. Bu gün deputatlar, Milli Məclis Aparatında çalışanlar arasında Azərbaycanda təhsil alanlar daha çoxdur. Əsas odur ki, konkret tələblərə cavab verə biləsən. Təbii ki, əgər beynəlxalq şöbədə işləyirsənsə, dil biliyinin olması önəmlidir. Amma əsas çalışdığın sahə üzrə ixtisası bilməkdir.

Bakı Dövlət Universitetinin timsalında Azərbaycandakı ali məktəblərdə bizim çox yaxşı, ümidverici tələbələrimiz var. Şəxsən mənim zəmanətimlə bu günədək 31 nəfər xarici ölkələrdə təhsil alıblar, onlardan bəziləri orada vəkil kimi işləyir, bəziləri biznes qurub, bəziləri isə gəlib yenidən ölkədə fəaliyyət göstərir. Tam əksəriyyəti göstərilən etimadı doğruldur. Bu baxımdan mən gənclərdən çox razıyam və onların gələcəyinə böyük ümidlərim var. İndiki dövr fərqlidir. Bilirsiniz, yenilikləri öyrənmək üçün mütləq mühitin içində olmalısan. Bu baxımdan gənclərin xarici təhsilə marağı normal qarşılanmalıdır, amma bu o demək deyil ki, bizim universitetlərin təhsil səviyyəsi aşağıdır. Azərbaycan ali məktəblərində təhsil çox yaxşıdır və bu sahədə irəliləyiş çoxdur. Təbii ki, burada hər şeyin ideal olduğunu da iddia etmirik.


- Ölkəmizdə təhsilin səviyyəsi dediyiniz kimidirsə, o zaman dövlət qulluğuna seçim zamanı niyə xaricdə oxuyanlarla fərq qoyulur?


- Açığı bu mövzu bir neçə dəfə Milli Məclisdə qaldırılıb, bu sahədə bizə ünvanlanan suallar da çoxdur. Mən özüm də bir neçə dəfə dövlət qulluğuna qəbulda iştirak etmişəm. Öz tələbələrimiz də yaxınlaşıb bu sahədə ayrı-seçkiliyə məruz qaldıqlarını, narahatlıqlarını bildiriblər. BDU-nun müxtəlif fakültələrini müvəffəqiyyətlə bitirən gənclər nədənsə müsahibə mərhələsindən keçə bilmir, burada xarici tələbələrə daha çox üstünlük verilir. Güman ki, burada da dil bilgisi məsələsi önəmli faktor oynadığı üçün belə nəticələri görürük. Bu da çox vacib məsələdir. Mən hesab edirəm ki, hər bir azərbaycanlı ana dilini gözəl bilməlidir, bu bizim anamızın dilidir, dövlət dilidir. Amma müasir dövrün dili ingilis dildir. Xarici dil bilmədən dünyada baş verən yeniliklərə və inteqrasiyaya qoşula bilmərik.


- Uğurlu olmaq üçün dil və ixtisas biliyi ilə yanaşı, başqa keyfiyyətlərə də sahib olmalıyıq. Bu baxımdan müasir siyasətçi necə yetişməlidir?
 

- Azərbaycanda yeni nəsil siyasətçilərin yetişməsi üçün çox yaxşı, rahat mühit var. Bu təkcə siyasətə aid deyil, biznes, elmi mühit də belədir. Yetər ki, hər birimizin həvəsi olsun. Biz tələbə olanda saatlarla kitabxanalardan ayrılmırdıq. Elə olurdu kitab axtarırdıq, tapmırdıq. İndi bu məsələ əl çatandır, daha asandır, elmi bilikləri asanlıqla müxtəlif resurslardan əldə etmək olar. Sovet dövründən fərqli olaraq, indi yaxşı təhsil almamaq günah olardı.

Bizim kimi ölkənin vətəndaşları daha çox savadlı olmalıdır. Məsələn, ABŞ-də bir gənc öz dilindən başqa dil öyrənməyə can atmır, çünki hamı onun dilində danışır. Amma bizim ehtiyacımız var. Cənab Prezident Azərbaycanın yerli kanallarına müsahibəsində qeyd etmişdi ki, dünyanın nizamı getdikcə dəyişir. Bu dəyişən nizamda Azərbaycan elə yer tutmalıdır ki, onunla hesablaşsınlar. Hesablaşmaq üçün də elmi, siyasi, hərbi, iqtisadi cəhətdən gərək savadlı olasan. Bu qüdrəti də gələcəyimiz olan gənclərimiz yaradır. Onu da yaratmaq üçün gərək beynin işlətsin. Xüsusilə mən gənclərimizin fundamental elmlərə yönəlməsini çox istərdim. Çünki bunlar dəyər yaradan elmlərdir.
 


- 2007-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası hazırlanıb. Bu konsepsiyada Azərbaycanın təhlükəsizliyi üçün əsas prioritet Qarabağ məsələsi idi, həmçinin Avro - Atlantik məkana inteqrasiya xarici siyasətdə əsas istiqamət kimi götürülmüşdü. Bu gün Qarabağ işğaldan azad edilib. Görünən odur ki, xarici siyasətimiz də xeyli dəyişib. Bu baxımdan Konsepsiyada hansı dəyişikliklər olmalıdır?

 

- Milli Təhlükəsizlik Konsepsiyası ilə yanaşı, “Milli təhlükəsizlik haqqında” Qanun, Hərbi Doktrina da var ki, bunların hər birinin məğzində duran birinci məsələ Qarabağın işğaldan azad olunması idi. Şükürlər olsun ki, biz bu məsələni həll etdik, Qarabağ işğaldan azad olunub və mən də hesab edirəm ki, artıq həmin doktrinaların dəyişməsinin zamanı gəlib.

Hərbi doktrinamıza və Konstitusiyamıza uyğun olaraq müdafiə xarakterli siyasət aparmışıq. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, Silahlı Qüvvələrimiz yalnız Azərbaycanın müdafiəsi ilə məşğuldur. Bizim heç vaxt kiməsə hücum etmək niyyətimiz olmayıb, olmayacaq da. Çünki bizim siyasətimiz sülh siyasətidir, amma dediyiniz məsələdə həqiqət var ki, həmin sənədlərə bir çox korrektələr olunmalıdır və zaman-zaman da olunacaq.


- Bu gün ölkə üçün yeni təhdidlər yaranıb, torpaqlarımızın azad edilməsini qəbul edə bilməyən qüvvələr mövcuddur. Süni intellektin yaranması və hər keçən gün həyatımıza inteqrasiyası da yeni təhdidlər içərisindədir. Bu kimi mövzuları da konsepsiyaya əlavə etməyi düşünürsünüzmü?


- Bu gün internet resursları üzərindən bizə həddindən çox təhdidlər var. Süni intellekt bir tərəfdən elmin inkişafıdır, alqışlanmalıdır, yaxşı tərəfləri də kifayət qədərdir. Amma süni intellektin mənfi tərəfləri də var. Süni intellekt adı altında nə qədər dələduzlar, kibercinayətkarlar yetişir. Onlar internet resursları vasitəsilə dövlətin daxili və xarici siyasətinə təsir edir, önəmli qurumların saytlarına giriş və sairə prosesləri həyata keçirirlər. Təhdid o demək deyil ki, kimsə bizə silahlı hücum etsin, təhdidin növlərindən biri də budur. Keçən sessiyamızda Milli Məclisdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaratdıq. Bu komissiyanın əsas məqsədi texnoloji yeniliklərin yaratdığı şəraitdən istifadə edərək ölkənin daxili işlərinə qarışmağın qarşısını almaq, iqtisadi, hərbi təhdidlərə qarşı gəlməkdən ibarətdir. Bu dövrdə yaşamaq çətindir. Ulu öndər deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətindir. Biz bu gün Ulu öndərimizin nə qədər uzaqgörən olduğuna bir daha şahid  oluruq. Bu baxımdan bayaq da sadaladığımız sənədlərə yeniliklərin edilməsi mütləqdir.


- 2025-ci il Azərbaycanda “Suverenlik və Konstitusiya İli” elan edilib. Belə bir fikir var ki, bu, yalnız Konstitusiyanın 30 illiyi ilə əlaqəli deyil, eyni zamanda müxtəlif dəyişikliklər də nəzərdə tutulur. Konstitusiyada dəyişiklik olduğu təqdirdə Naxçıvanın muxtariyyət statusu götürülə bilərmi?


- Cənab Prezidentin keçən ilin dekabrında imzaladığı sərəncama əsasən, 2025 “Konstitusiya və Suverenlik İli” elan edildi. Düşünürəm ki, bu, çox yerində verilən qərardır. Çünki ilk milli Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olur və II Qarabağ müharibəsi, həmçinin lokal hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenlik məsələsi birdəfəlik həll olundu. Keçən ildən həm Prezident, həm parlament seçkiləri bütün ölkə ərazisində baş tutdu. Bir daha da sübut etmiş olduq ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan suverenlik Azərbaycanın bütün ərazisinə aiddir. O ki qaldı, əsas qanunda hər hansı dəyişikliyin edilməsi məsələsinə, şəxsən məndə belə bir rəsmi məlumat yoxdur. Bilirsiniz ki, biz zaman-zaman Azərbaycan Konstitusiyasına dəyişikliklər etmişik. Məsələn, 2002-ci il avqustun 4-də seçki sistemi ilə bağlı dəyişikliklər, eyni zamanda 2009 və 2016-cı ildə insan hüquqları, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı referendumlar keçirilib. Bugünkü Konstitusiyamıza mən Heydər Əliyev Konstitusiyası deyərdim.

Dəqiq xatirimdədi, yazılan hər bir sözün nöqtə, vergülünə qədər Ulu öndər Heydər Əliyev özü redaktə edirdi. Məzmununa, mahiyyətinə, miqyasına görə Azərbaycan Konstitusiyası dünyanın sayılıb-seçilən qanunlar toplusudur. Bu elə bir konstitusiyadır ki, burada insan hüquq və azadlıqları ilə bağlı məsələlərə çox yer verilib. Bu da başa düşüləndir, çünki biz hüquqi, demokratik dövlət qururuq və hər bir demokratik dövlətdə hüququn aliliyi bərqərar olmalıdır. O ki qaldı, sizin dediyiniz idarəetmə formasına, mən burada heç bir ziddiyyət görmürəm. Konstitusiya və “Normativ hüquqi aktlar haqqında” Qanunda hər bir dövlət orqanının vəzifələri göstərilib. Prezident tərəfindən təsdiq olunan “Yerli icra hakimiyyətləri haqqında”, eyni zamanda “Prezidentin xüsusi səlahiyyətli nümayəndələri haqqında” Əsasnamə var. Misal üçün, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi dövlət orqanları arasında koordinasiya funksiyasını yerinə yetirir. Bu nə Azərbaycanın, nə də Naxçıvan Muxtar Respublikasının Konsitutusiyasına ziddir. Kimin nə deməsindən aslı olmayaraq, əlimizdə konkret sənəd var. Həqiqətən də o sənədə uyğun olaraq Prezidentin səlahiyyətli nümayəndəsi Əsasnamə ilə fəaliyyət göstərir. O ki qaldı, Naxçıvanın muxtariyyətinin götürülməsi məsələsinə, Naxçıvana muxtariyyətin verilməsi beynəlxalq hüquqi statusa əsaslanır. Ermənistan özü də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın  protektorluğu altında olmasının qarantilərindən biridir. Bu gün Naxçıvandan muxtariyyətin götürülməsi qeyri-ciddi söhbətdir və bunu gündəmə gətirmək qətiyyən düzgün deyil.   



- Vasif Talıbovun istefasından sonra Naxçıvan Ali Məclisinuin sədri vəzifəsinə heç kim namizədliyini irəli sürməyib və bütün səlahiyyətləri sədrin birinci müavini icra edir. Eyni zamanda, həmin ildən etibarən Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi fəaliyyət göstərir. Müşahidələr onu deməyə əsas verir ki, Naxçıvanda faktiki rəhbərlik Prezidentin səlahiyyətli nümayəndəsinin əlindədir. Qarabağda da bu cür nümayəndəliklər fəaliyyət göstərir. Siz bu idarəetmə modelini necə qiymətləndirirsiniz, digər bölgələrdə də tətbiq olunmalıdırmı?


- Sədrin seçilməsi ilə bağlı məsələ mənim cavablaya biləcəyim sual deyil. Çünki bu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin səlahiyyətlərinə daxil olan məsələdir. Bunu inşallah özləri həll edərlər. Digər məsələyə - Prezidentin səlahiyyətli nümayəndəliklərinin fəaliyyəti ilə bağlı suala gəldikdə isə mənim bu barədə konkret reseptim yoxdur. Amma hesab edirəm ki, bizim digər bölgələrimizdə icra başçılarının funksiyaları kifayət qədər var. Onların səlahiyyətləri də konkret sənədlərdə göstərilib. Məzmun etibarı ilə deyək ki, orada idarəetmə formasını dəyişsək, proseslər hansı yöndə irəliləyəcək, bunu əvvəldən söyləmək çətindir. Bu barədə rəsmi məlumatım yoxdur.
 

- Siz üç sədr dövründə Milli Məclisdə I vitse-spiker və müavin olmusunuz. Hansı sədrlə işləmək daha rahat idi?
 

- Mən ilk dəfə Murtuz müəllimin (eks-spiker Murtuz Ələsgərov-red.) müavini olmuşam. Allah ona rəhmət eləsin, o, mənim həm müəllimim, elmi rəhbərim, rektorum, həm də Milli Məclisdə sədrim olub. Mən hər üç sədrdən razı qalmışam. Ola bilsin ki, bu mənim bəxtimdəndir, davamlı olaraq qarşıma yaxşı insanlar çıxıb. Bütün sədrlərlə çox yaxşı yola getmişik, səmimi formada işləmişik və bu gün də işləməyə davam edirik.


- Yeri gəlmişkən, eks-spiker Oqtay Əsədovla əlaqələriniz qalırmı, indi haralardadır, nə iş görür?


- Əlaqələrimiz var, davamlı danışırıq, görüşürük, söhbətlər edirik. Oqtay müəllim indi təqaüddədir, Azərbaycandadır, evindədir və yaxşıdır.
 

- Ziyafət müəllim, Azərbaycan və Rusiya arasında münasibətlər getdikcə gərginləşməkdədir. Bu gərginlik təyyarəmizin vurulmasından sonra yarandı. Bu prosesin sonunu necə görürsünüz?
 

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də ilkin bəyanatını yaydı. Artıq təsdiq olundu ki, təyyarəyə xarici müdaxilə olunub və təyyarə vurulub. Bizim də çalışdığımız bu həqiqəti ortaya çıxartmaq idi. İndi Rusiya mətbuatında Azərbaycanla Rusiyanın arasını vurmaq istəyən müəyyən qüvvələr var. Yəqin ki, bu da müxtəlif səbəblərdən qaynaqlanır, amma fakt faktlığında qalır. Bu, ilkin bəyanat idi və biz istintaqın konkret nəticələrini gözləməliyik. Beynəlxalq mülki aviasiya haqqında Çikaqo konvensiyası var, həmin konvensiyanın müddəalarına uyğun olaraq prosedur bundan sonra da gedəcək. Hansı məsələlər müzakirə olunacaq, o, istintaqın nəticələrindən sonra məlum olacaq.
 


- Ermənistan Azərbaycanla sülh danışıqlarını uzadır, Zəngəzur dəhlizinin açılmasından yayınır. Proseslərin sonunu necə proqnozlaşdırırsınız? Yeni münaqişə ehtimalı varmı?

 

- Cənab Prezident yerli telekanallara müsahibəsində bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Proseslər də ona gedir. Ermənistanın baş naziri Paşinyan da jurnalistlərə açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin açılmasına razıdır. Bu, başqa cür ola da bilməz. 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Ermənistan öz üzərinə öhdəlik götürdü ki, Zəngəzurdan Naxçıvana yol çəkiləcək. Bu, onun öhdəliyidir. Biz də deyirik öhdəliyinə əməl et. Burada qeyri-adi məsələ yoxdur, sadəcə Ermənistan bu məsələni yubatmaq istəyir. Burada Fransanın da, keçmiş Amerika administrasiyasının da təsiri var idi. Həm də burada Rusiya faktoru var idi, bunu etiraf etmək lazımdır. Amma fakt faktlığında qalır, o yol açılacaq.

Sülh danışıqlarına gəldikdə isə biz qalib gələn və Cənubi Qafqazda yeni reallıq yaradan ölkəyik. Buna baxmayaraq yenə də sülh əlini Ermənistana uzatdıq. Hələ 3 il bundan əvvəl Ermənistana beynəlxalq hüququn prinsiplərinə əsaslanan 5 maddədən ibarət təkliflər irəli sürdük. İlk vaxtlarda çox böyük həvəs göstərən Ermənistan, sonradan havadarları sayəsində bu məsələdən çəkildi və manipulyasiyaya başladı. Sonra dedi ki, sülh danışıqlarına davam edək. Son nəticə belədir ki, 15 maddə tam razılaşdırılıb, burada qalan əsas məsələlərdən biri Zəngəzur dəhlizidir. Baxmayaraq ki, Ermənistan bunu tamamilə konteksdən çıxarmaq istəyirdi, amma son günlərdə bəyanat yaydı, görək əməldə nə olacaq. Məndə belə bir inam var ki, bu yol açılacaq, ona görə yox ki, Ermənistan Azərbaycanın xətrinə bunu edir. Ermənistan buna məhkumdur. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmasa, bu dövlətin gələcəyi olmayacaq. Ermənistanın faktiki olaraq bütün qonşu ölkələrə qarşı ərazi iddiası var. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Bunu dəyişmədən sülh müqaviləsi necə imzalana bilər? Paşinyan bütün şərtlərlə tam razılaşsa belə, sabah hakimiyyətə başqası gələn kimi onu təkzib edə bilər. Buna görə bizə dövlətlərarası qarantiya lazımdır.

Biz istəyirik ki, beynəlxalq hüququn tələblərinə cavab verən elə sənəd olsun ki, sonra Azərbaycan bu məsələlərdə Ermənistan rəhbərləri tərəfindən sui-istifadələrə məruz qalmasın. Burada heç bir boşluq olmamalıdır. Yol açılmalıdır və ərazi iddiaları aradan götürülməlidir.

Bu gün əksinə, bizim tam haqqımız çatır ki, Ermənistana qarşı ərazi iddiaları qaldıraq. 1918-ci ildə müstəqilliyi elan edən vaxt cümhuriyyət rəhbərləri mayın 29-u İrəvanı ermənilərə verdilər. Bunu açıq demək lazımdır. Bəzi sinəsinə vuran müxalifət rəhbərləri, başda Əli Kərimli, Cəmil Həsənli olmaqla deyirlər ki, bu cümhuriyyət qurucularına şər atmaqdır. Bir tərəfdən bizə şər atırlar ki, siz tarixə düzgün yanaşmırsınız. Digər tərəfdən, özləri məsələlərə bolşevik yanaşması nümayiş etdirirlər. Amma bu, faktdır, hüquqi olaraq biz torpaqlarımızı öz əllərimizlə onlara vermişik. Hətta ermənilər İrəvanı işğal etmişdilərsə belə, buna hüquqi don geyindirən  qərar qəbul edilməməli idi.
 

- Ziyafət müəllim, gəlin elə Qərbi Azərbaycan məsələsi üzərində davam edək. Prezident də hər çıxışında, hər müsahibəsində bu məsələyə toxunur. Mümkündürmü, Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrinə onların qaçqın düşdüyü ərazilər yazılsın, həmin bölgələr parlamentdə təmsil olunsun.
 

- Bununla bağlı Qərbi Azərbaycan icması fəaliyyət göstərir və xeyli işləri görüblər. Onlar artıq bir neçə dəfə Birləşmiş Millətlər Təşkilatına müraciət ediblər və bu müraciət rəsmi sənəd kimi BMT-də yayılıb. Mən bunu tam əminliklə deyə bilərəm ki, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması artıq reallıqdır və bu, baş tutacaq. Vaxtı ilə 300 mindən çox Qərbi azərbaycanlı zorla Ermənistan deyilən yerdən deportasiya olundu. Özü də vaqonlarda, qışda-soyuqda, təqiblə...

Amma baxın, Qarabağdan çıxan ermənilər könüllü, rahat şəkildə, bütün dünyanın gözü qarşısında çıxıb getdilər.

Ter-Petrosyanın 1993-cü ildə çıxışının videosu yayıldı və bütün dünya da bunu gördü. Görün nə deyir, bəli, biz bütün istəyimizə nail olduq, azərbaycanlılar bir sıra rayonlarda çoxluq təşkil edirdilər, biz onları çıxardıq həmin rayonlardan və sairə.

Ermənistanın keşmiş prezidenti Ter- Petrosyan özü bilərəkdən və ya bilməyərəkdən qeyd etdi ki, biz 600 illik problemi həll etdik. Deməli Azərbaycan indiki Ermənistanın aborigen xalqıdır. Düzdür, biz minilliklər boyu yaşamışıq, amma o, erməni xislətinə uyğun olaraq 600 il deyir. 600 il burada yaşayan azərbaycanlıları torpaqlarından necə çıxara bilərsən?

İndi xarici işlər naziri Ararat Mirzoyan deyir ki, deportasiya olunan azərbaycanlıların sayı 300 min deyil 170 mindir. Lap tutaq ki, 10 nəfərdir. Fakt odur ki, siz onları deportasiya etmisiniz. Yəni artıq  Ermənistan töz əməlini ört-basdır edə bilmir.

Suala qayıtsaq, bəli biz torpaqlımıza dönəcəyik. Prezidentin də dediyi kimi, ərazi iddiası irəli sürməklə deyil, elə Prezidentin ifadəsi ilə desək, maşınlarla qayıdacağıq. Ora gedəndən, orada yaşayandan sonra Ermənistanın dövlət, hüquq-mühafizə orqanlarında işləyəcəyik, parlamentində də deputat seçiləcəyik. Niyə də olmasın?! Biz ora qayıdacağıq, bütün siyasi və hüquqi azadlıqlardan istifadə etməliyik. Biz ora qonaq kimi yox, aborigen əhali kimi dönəcəyik.
 


- Keçmiş ABŞ administrasiyası ilə münasibətlərimiz o qədər də ürəkaçan olmadı. Yanvarın 20-dən isə hakimiyyətə yenidən respublikaçılar və Tramp gəldi. ABŞ-də yeni prezidentin hakimiyyətə gəlişi ilə istər ölkə daxilində, istərsə də dünya düzənində müəyyən dəyişikliklərin olacağı açıq görsənir. Bəs, yeni hökumətin hakimiyyətdə olacağı 4 ildə bölgəmizdə hansı dəyişikliklər baş verə bilər?

 

- Tramp birinci hakimiyyəti dövründə Azərbaycanla münasibətlərdə praqmatik siyasət yürüdüb. Trampın hakimiyyətə gəlməsi ilə keçmiş Bayden hökumətinin prioritet saydığı bir sıra məsələnin üzərindən xətt çəkildi. USAID təşkilatını götürək, humanitar yardımlar içərisində rəngli inqilablar, ölkələrin qarşılıqlı əlaqələrinə təsir etmək, aranı vurmaq kimi niyyət var idi.

Bizim Prezident bu “humanitar” missiyanın mahiyyətini vaxtında hiss etdi və Azərbaycanda onun əl-qolunun açılmasına imkan vermədi. Amma bəzi dövlətlər onların caynağına düşdü. Məsələn, Gürcüstanda, başqa dövlətlərdə gördük onlar hansı oyunlardan çıxdılar.

Hətta ABŞ-nin bugünkü rəhbərliyi etiraf etdi ki, USAID cinayətkar təşkilatdır. Hesab edirəm ki, ABŞ üzərinə həddindən artıq böyük yük götürür. Hazırkı rəhbərlik də hesab edir ki, bu, ona lazım deyil.

Ona görə də Tramp düşünür ki, bəzi məsələlərdən tamamilə uzaqlaşmaq lazımdır. Məsələn, miqrantlar ABŞ üçün böyük problemdir.

O ki qaldı, Azərbaycanla münasibətə, hesab edirəm ki, Cənubi Qafqaz Trampın siyasətində prioritet olmayacaq. Çünki Trampın əsas məqsədi Amerikanın öz maraqlarını qorumaqdan ibarətdir. İlk növbədə ölkə daxilində, ikinci qonşuları ilə münasibəti, son olaraq Avropa İttifaqı ilə münasibətlər onun üçün əsas daşıyır.

Seçilən
21
1
modern.az

3Mənbələr