AZ

Yumurtası tərs gəlmiş fövqəldövlət

Öncə ötən yazılarımıza hörmətli oxucuların iki qeydini verməliyəm. “İstər-istəməz köşə” yazısına Məğrub Bədəlsoyun şərhi: “Ağsunun bir icra başçısı vardı, bir dəfə seçkidə demişdi ki, istər-istəməz Filankəs seçiləcək”.

Ruslan Səfərov isə “Yaltaqlar üçün zaman maşını” yazısında səhv tapıb. Mən orda Əlisa Nicatın Rəsul Rzanın hansı balıq istədiyini açıqlamadığını tənqid etmişdim və belə yazmışdım ki, balıqlar fərqlidir. Sitat: “Kütüm, ya ziyad balığı? Sazan, ya ilanbalığı? Bunlar hamısı fərqli şeylərdir”. Dəyərli oxucumuz qeyd edir ki, əslində kütüm elə ziyad balığıdır və sübut üçün internetdən bilgi yollamışdır: “Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır”. Sitatın sonu.

Çox ilginc. Açığı, “kütüm”ün latınca “kutum” sözündən yarandığını şəxsən mən bilmirdim. Şaşırdıcı yenilikdir. Bəlkə hansısa lənkəranlı qardaşımızdan soruşsan, iddia edər ki, kütüm talış dilində nəsə məna verir. Buyur. Latın sözü imiş. Ola bilərmi qədim latınlar, yəni romalılar Azərbaycan ərazisinə gələrkən kütüm sözünü bizdən öyrənsin? Hər şey ola biər.

Bu haqda Qobustanda sübut var, daşın üstündə yazı qalır: “IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL”. Açması təxminən bu deməkdir ki, imperator Domisianın vaxtında mən, yüzbaşı Maksim burda olmuşam.

Bəs Romadan Şərqdə ən uzağa getmiş həmin legionun axırı necə olub? Versiya var ki, yerli qəbilələr onları məğlub edib hamısını Qobustan türməsinə salmışdır. İkinci versiyaya görə Abşeron yarımadasınacan gəlmişlər və hazırkı Ramana kəndi romalıların yadigarıdır. Təsadüfi deyil ki, yeni əmək və əhalinin sosial müdafiəsi nazirimiz Anar müəllim ramanalıdır.
Deməli, Əlisa Nicatın Anarı tənqid etməsi bizi tarixi ekskursiyaya vadar etdi. Elm məhz bu cür öyrənilir. Yumaq kimi çözə-çözə, daşdan-daşa, budaqdan-budağa uçaraq araşdırırsan.

İndi keçək gündəm mövzularına. Əslində elə çox mövzu yoxdur, bütün dünyanın başı ABŞ-dakı vəziyyətə qarışıb. Orda sözün əsl anlamında xaosdur. Tramp ikinci dəfə prezident olandan bəri çox maraqlı qərarlar verir. Məsələn, DOGE adlı idarə yaradıb, idarənin funksiyası dövlət idarələrinin səmərəli işləyib-işləmədiyini yoxlamaqdır. Və ona başçılıq etməyi isə milyarder İlon Maska tapşırıb. İlon da qılıncı sıyırıb, düşüb amerikalıların canına. Doğraya-doğraya (al sənə DOGE-nin açması) gedir. Təsəvvür elə, ABŞ İnkişaf Agentliyinin – USAİD-in 10 min işçisi ixtisar edilir. Cəmi 300 işçi qalacaqmış. Sanki USAİD Azəriqazın sayğac yoxlayanlarıdır. “Time” jurnalı buna görə ünlü üz qabığına ABŞ prezidenti kreslosunda oturan Maskın portretini verib. Amerikanın bir çox şəhərlərində camaat küçələrə tökülüb piket eləyir, deyirlər biz Trampı seçmişik, ancaq dövləti Mask fırladır, bu necə olur?

Mən deyim: əcəb olur. İndiyəcən bütün dünyanı belə işlədirdiniz, indi bir az da özünüzü elə işlədin, ləzzətini görün. Şəxsən mən Trampın səmimi addımlarını alqışlayıram. Riyakarlıq eləmir. Nə sözü var, üzə deyir. Kimdən zəhləsi gedir, kimi bəyənir, haranı tutmaq fikrindədir, kimə bomba atacaq, kimi torpağından köçürdəcək və sairə – hamısı dilindədir. Bir növ, Qordi düyününü kəsən İsgəndər tipli adamdır.

Ona görə bütün Amerika bu saat Trampdan qorxur. Hətta bir yaltaq yerli jurnalist təzəlikcə yazmışdı ki, Donaldın dalğalı saçları inqilabi dəyişikliyin küləyindən xəbər verir. Əlbəttə. Hələ Qəzza zolağında pullu plyaj da açacaq. Qəzza təxminən bizim “Si Briz” kimi yer olacaq. Gözəl təşəbbüsdür. Makdonaldsa plastik çubuqları geri qaytaracaq. İnqilab bütün sferaları əhatə edir.

Deyəsən yeganə tabe olmayan amerikalı toyuqlardır, çünki son vaxtlar orda yumurta dəhşət bahalaşıb. Adi broyler yumurtasının 1 ədədi bizim pulla 58 qəpikdir, gör indi Texas kənd yumurtası neçəyədir. Hətta bu yaxında quldurlar yük maşınına basqın edib 100 min dollarlıq yumurta oğurladılar.

Xəbərlərdə yazmışdılar ki, DOGE idarəsində işə götürülənlərdən biri orta məktəbi təzə qurtarıb. Açığı, buna çox güldüm. Tramp fantastik liderdir.

Seçilən
4
medianews.az

1Mənbələr