![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/10/1/92023a3b-0ddf-4953-8270-d65570d67507/korean-air.jpg)
Cənubi Koreyanın “Korean Air” aviaşirkəti 2025-ci il üçün dünyanın ən yaxşı aviaşirkəti seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “AirlineRatings” agentliyi tərəfindən tərtib edilən reytinq cədvəlində öz əksini tapıb.
Bununla da “Korean Air” ötən ilin qalibi “Qatar Airways”i geridə qoyub.
Cənubi Koreya aviadaşıyıcısının sərnişinlərin rahatlığına sadiqliyi onun qələbəsinin əsas səbəblərindən biri kimi göstərilib. Belə ki, “Korean Air” bütün dünya aviaşirkətləri arasında ən geniş ekonom sinif oturacaqlarını təklif edir.
Aviaşirkət həmçinin oturacaqların orijinal konfiqurasiyasını saxladığına və ekonom sinif sərnişinlərinin ehtiyaclarını prioritetləşdirdiyinə görə yüksək qiymətləndirilib.
“Bir çox aviaşirkətlər “Boeimg 777” təyyarələrində hər cərgəyə 10-cu oturacaq əlavə edib və oturacaqların hündürlüyünü 31-32 düymə qədər azaldıb. “Korean Air” isə bu tendensiyadan imtina etmək qərarına gəlib”, - “AirlineRatings”in baş direktoru Şaron Petersen bildirib.
Qətərin dövlət aviaşirkəti “Qatar Airways” ikinci, 2023-cü ildə dünyanın ən yaxşı aviaşirkəti seçilən “Air New Zealand” isə üçüncü yerdə qərarlaşıb.
Sonrakı yerlərdə “Cathay Pacific” (Honq-Konq) və Sinqapur Hava Yollarıdır.