Keçən il icbari tibbi sığorta ilə aorta anevrizmalarının protezləşdirilməsi ilə bağlı 256 əməliyyat icra olunub. Bu barədə 1news.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, onlardan 143-ü abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) və torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR) adlanan qapalı üsullarla icra olunub, 113 əməliyyat isə aortal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi ilə bağlı olub. Məlumat üçün bildirək ki, böyük qan dövranında vacib rol oynayan aorta - bədənin bütün orqan və toxumalarını oksigenlə zəngin qanla təchiz edən ən böyük damardır. Aorta döş qəfəsi və qarın boşluğu hissələrindən ibarətdir. Aorta anevrizması – aorta divarının zəifliyi nəticəsində onun mənfəzinin lokal genişlənməsi, genişlənmiş hissədə divarının nazikləşməsi və laylanması ilə müşahidə olunan patoloji haldır. Aorta anevrizmalarının diaqnostikasında istifadə olunan USM, transezofageal exokardioqrafiya (TEE), rentgenoqrafiya, aortoqrafiya, kontrastlı maddə ilə KT və MRT, koronar angioqrafiya, aorta anevrizmalarının açıq və qapalı üsullarla cərrahi müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Xatırladaq ki, aorta anevrizmasının icbari tibbi sığorta ilə müayinə və müalicəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, göndəriş vərəqəsi əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.