AZ

Moskva İrəvan-Bakı normallaşmasına kömək etməkdə qərarlıdır - Rusiyalı səfir

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Moskva İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına kömək etmək istəyindədir.

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, səfirin sözlərinə görə, Moskva Ermənistan-Rusiya ikitərəfli dialoqunun gündəliyində regional təhlükəsizlik məsələlərinə üstünlük verir.

“Moskva 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən əldə olunan üçtərəfli razılaşmaların inkişafı, o cümlədən balanslaşdırılmış və qarşılıqlı məqbul sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyası üçün müddəaların işlənib hazırlanması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün bütün lazımi yardımı göstərməkdə qərarlıdır”.

Onun sözlərinə görə, Rusiya-Ermənistan müttəfiqlik münasibətləri regionda və dünyada yeni reallıqlara uyğunlaşır, lakin əsas element hər iki tərəfin yaxın strateji tərəfdaşlığın iki ölkənin və qardaş xalqların fundamental maraqlarına cavab verdiyinə əminliyi olaraq qalır. Kopırkin qeyd edib ki, bu münasibət Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında yanvarın 21-də Moskvada keçirilən danışıqlarda təsdiqlənib.

O əlavə edib ki, Rusiya-Ermənistan ticarət-iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir və Rusiya Ermənistanın əsas xarici ticarət və investisiya tərəfdaşı kimi öz yerini möhkəm saxlayır.

"Münasibətlərimizin mühüm tərkib hissəsi mədəni-humanitar əlaqələr, təhsil sahəsində qarşılıqlı fəaliyyət və həmvətənlərin təşkilatlarının böyük rol oynadığı şəxsiyyətlərarası təmaslar olaraq qalır", - Kopırkin bildirib.

Seçilən
5
modern.az

1Mənbələr