AZ

BÖYÜK AĞACIN KÖLGƏSİ və MEYVƏSİ

Əkbər QOŞALI
(Kulturoloji yorum. Ill yazı)

Kölgədə calaq

“Kölgədə calaq” deyimi dominant bir mədəniyyətin təsiri altında inkişaf edən, lakin tamamilə əriyib qarışmayaraq yeni keyfiyyətlər qazanan mədəniyyətlər üçün olduqca yerinə düşür. Əslində, calaq prosesi kənd təsərrüfatında iki fərqli bitki növünün birləşdirilərək yeni, daha güclü və davamlı bir növ yaradılmasına xidmət edir. Eyni prinsipi mədəniyyətlərə tətbiq etmək qüsur olmasın gərək.

Kölgədə calanan mədəniyyətlərə tarixi örnəklər gətirməyə çalışaq.
Bəri başdan vurğulayaq ki, bəzi mədəniyyətlər böyük sivilizasiyaların kölgəsində formalaşmış olsa da, lakin tamamilə əriməyib və yeni sintezlər meydana gətirib.

Türk-İslam mədəniyyət calağı

İslamın yayılması ilə türk mədəniyyəti yeni bir mərhələyə keçdi. Şamanist köklərə malik türklər İslam mədəniyyətinin kölgəsində birləşərək, sufi fəlsəfəsi, memarlıq və idarəetmə sistemlərində unikal bir sintez yaratdı.
Örnəyi:
-Səlcuqluların və Osmanlıların dövlət quruluşu –
İran, Bizans və ərəb dövlətçilik gələnəkləri ilə də calaqlanaraq özünəxas yönətim modeli formalaşdı;

-İslam-Türk sənəti və memarlığı –
Göytürk yazı mədəniyyəti, Çin təsiri və İslam xəttatlığı ilə birləşərək Osmanlı, Səfəvi və Mavəraünnəhrdə unikal sənət örnəkləri yaratdı.

Yaponiya -Gündoğar ölkənin mədəniyyət Günbatarlığı…

Yaponiya uzun müddət Çin və Koreya mədəniyyətinin kölgəsində inkişaf etsə də, Meiji çağdaşlaşması dönəmində Batı texnologiyası və yönətim sistemi ilə calaqlanaraq həm çağdaş, həm də gələnəksəl bir model formalaşdırdı (bu barədə vurğularımızı ll yazıda vermişik);
-Samuray etikası (Bushido) ilə Batı sənayesi calaqlanaraq çağdaş Yaponiya toplumunu formalaşdırdı;
-Zen-Buddizm və Batı elmi düşüncəsi calaqlanaraq unikal fəlsəfi məktəblər meydana çıxardı.

Sovet calağı

XX yüzildə Sovet ideologiyası və mədəniyyəti bir çox yerli mədəniyyətlərə calaq edildi. Sonucda:
-Türküstan və Qafqaz xalqları çağdaş yönətim sistemləri ilə calaqlanaraq yeni şəhər mədəniyyəti formalaşdırdı;
-Rus dili və yerli dillər calaqlanaraq hibrid linqvistik sistemlər yarandı (örnəyi, sovet dönəmində yaranan rusca-türkcə qarışıq terminologiyalar kimi)…

Uğurlu və uğursuz calaqlar

Təcrübə göstərdiyi kimi, heç də bütün calaq prosesləri uğurlu olmur. Bəzən dominant mədəniyyətin ağır təsiri altına düşən toplumlar ya öz mədəniyyətlərini itirir ya da dayanıqsız sintezlər yaradır.

Uğurlu calaqlanma (dəyərlərin bir-birini tamamlaması, güclü elmi və sənət sintezi və s.):
- Osmanlı İmperiyası – Bizans, İran, ərəb və əlbəttə, əsasən türk mədəniyyəti ilə calaqlanaraq unikal sivilizasiya modeli yaratdı;
-Hindistan və İslam – Moğollar dönəmində yerli hind gılənəkləri ilə İslam mədəniyyəti calaqlanaraq Tac Mahal kimi mədəni abidələr və yeni bir saray mədəniyyəti meydana gətirdi;
-Azərbaycan muğamı – Türk, ərəb və b. musiqi sistemlərinin calaqlanması əsasında formalaşdı.

Uğursuz calaqlanma:
-Sovet mədəniyyətinin zorla calaqlanması –
Bəzən yerli mədəniyyətləri zəiflədərək təbii inkişafın qarşısını aldı;
-Afrikada müstəmləkəçi mədəniyyətlərin calaqlanması – Avropa mədəniyyəti zorla Afrika mədəniyyətlərinə calaqlanaraq hibrid lakin zəif köklü strukturlar formalaşdırdı.

Yeni mədəni sintezlər

Günümüzdə qloballaşma prosesi ilə bir çox mədəniyyətlər yenidən calaqlanma mərhələsindədir.

Türk dünyası və Batı – texnologiya və irsin calağı:
-Türkiyənin həm Türk-İslam, həm də Batı dəyərləri ilə calaqlanaraq çağdaş dövlət modeli formalaşdırması;

-Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin milli identitetlərini qoruyaraq Batı texnologiyaları ilə calaqlanması (örnəyi, rəqəmsal transformasiya və milli irsin birliyi).

Çin və Batı – kapitalizmin və mərkəzləşdirilmiş yönətimin calağı:
-Çin iqtisadi modeli kapitalist bazar qaydaları ilə sosialist ideologiyasının calaqlanması əsasında formalaşıb.

Yenidən qurulan İslam mədəniyyəti:
-İslam dünyasında həm çağdaş elmi düşüncəni, həm də dini identiteti qoruyaraq yeni bir mədəni sintez yaratmaq cəhdləri (örnəyi, Malayziya, BƏƏ və Türkiyədə bu tendensiya görünür).

Mədəniyyətlərin kölgədə calaqlanması qaçılmazdırmı?

Mədəniyyətlərin bir-birindən təsirlənməsi, dominant mədəniyyətlərin kölgəsində yeni sintezlər yaranması tarixin qaçılmaz qanunudur. Lakin bu calaqlanmanın necə sonuclanacağı bir neçə faktordan asılıdır:
-Calaqlanan mədəniyyət öz köklərini qoruya bilirsə, yeni və güclü bir sintez yarana bilər;
-Əgər mədəniyyət yalnız passiv şəkildə dominant sistemə uyğunlaşırsa, assimilyasiya prosesi qaçılmaz olur.

Nəhayət:
-Süni intellekt və rəqəmsal mədəniyyət calaqları yeni sintezlər formalaşdırırmı? - Örnəyi, texno-mədəniyyətin özünün calaqlanması prosesi varmı?
-Çağdaş qlobal mədəniyyətdə yeni calaqlar hansı yöndə gedəcək?
-Türk-İslam dünyası yaxın çevrəsinə (qucaqlayıcı) kölgə sala biləcək, yoxsa, özü hansısa kölgənin altında calaqlanacaq?.. - Biz, əlbəttə, birinci varianta inanırıq, bununla belə, sualı dəngəli quraq - hər iki halda onun yeni meyvələri necə olacaq?..
Bunlar XXI yüzilin açıq sualları arasındadır… Sual varsa, hər halda cavab da olacaqdır…

Seçilən
4
turkustan.az

1Mənbələr