Nəhayət ki, ABŞ-nin dünyada məşhur olan Beynəlxalq İnkişaf Agentliyi – USAİD-in təhlükəli və dağıdıcı siyasətinin sonu gəldi. Azərbaycana qarşı qərəzli, böhtan xarakterli materialları sifariş edən mərkəzi elə ABŞ-nin özü ifşa etdi.
Tramp administrasiyasının Hökumət Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask hətta USAİD-i cinayətkar təşkilat adlandıraraq təşkilatın “peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin” böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ “vətəndaşlar”ı yaradıb hökuməti aldadaraq vəsait qazandığını deyib.
ABŞ-də və dünyada USAİD barədə bu cür sərt qərarların veriləcəyini heç kim gözləmirdi. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində Tramp administrasiyasının USAİD-lə bağlı konkret addımlar atacağına ümid etdiyini bildirmişdi.
ABŞ administrasiyası indi də faktiki olaraq hər gün USAİD-lə bağlı ifşaedici materiallar dərc edir. İllərlə müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlik fəaliyyət göstərilib. Atılan addımlar da onu deməyə əsas verir ki, daha USAİD maliyyələşdirdiyi QHT və media vasitəsi ilə buna cəhd göstərməyəcək.
İstənilən halda, Donald Trampın USAİD-in baş qərargahının bağlanması və orada ciddi yoxlamalara başlanılması haqqında qərarı təqdirəlayiqdir. Məlum qərar imkan verəcək ki, orada kök salmış cinayətkar, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın.