AZ

Azərbaycan unikal xüsusiyyətə sahibdir - Tofiq Zülfüqarov

Yazını böyüt
Yazını kiçilt

Sabiq baş diplomat Tofiq Zülfüqarovla hafta.az üçün növbəti söhbətimizdə ABŞ-nin yeni prezidenti Donald Trampın hakimiyyət kürsüsünə əyləşməsindən sonra Azərbaycana qarşı beynəlxalq münasibətdə hansısa dəyişikliklərin sezilib-sezilməməsi, Trampın konkret olaraq Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hansı mövqe tutacağı, onun Zəngəzur yolunun açılmasına necə mövqe bəsləyəcəyi, Qəzza və Fələstin ətrafında baş verən hadisə və proseslərin necə bir sonuca aparıb çıxaracağı, Tramp-Putin görüşünün tezliklə baş tutub-tutmayacağı və ədalətli sülh istiqamətində hansısa nəticələr əldə olunub-olunmayacağı və s. mövzulardan bəhs etdik.

- Donald Trampın hakimiyyətə gəlməsindən sonrakı qısa müddətdə Azərbaycana qarşı beynəlxalq münasibətdə hansısa dəyişiklikləri hiss edilirmi?

- Mən Trampın siyasi-ideoloji mövqeyini ənənəvi konservativ qüvvələrin mövqeyinə bənzəyən bir mövqe adlandırardım. Onun opponentləri olan neoliberallarla hansısa şəkildə qarşıdurması var. Neoliberlallar üçün hansısa prinsiplər  dövlətlərin suveren hüquqları və milli maraqlarından üstündür. Bu mənada Trampın da konseptual baxışı ondan ibarətdir ki, mən ABŞ prezidenti olaraq, ilk növbədə, öz dövlətimin maraqlarını müdafiə etməliyəm. Bu cür mövqelər Azərbaycana və onun dövlət başçısına da məxsusdur; istənilən beynəlxalq fəaliyyət, yaxud daxili siyasətin hansısa amillərini götürsək, onların əsas məqsədləri dövlətçiliyin güclənməsi, indiki gərgin geo-siyasi vəziyyətdə dövlət qarşısında, xalq qarşısında lazımi məqsədlərə nail olmaq və dövlətin, xalqın gücünü bu istiqamətdə səfərbər etmək, dövlətin maraqları üstün olmaqla, ilk növbədə, öz maraqları naminə dünya gücləri ilə münasibətlər qurmaq. Bu baxımdan, Trampın mövqeləri ilə Azərbaycan rəhbərliyinin mövqeləri arasında yaxınlıq, əlbəttə, var...

Eyni zamanda,  həmin konseptual mövqeyi bölüşdürən bir çox digər dövlətlər də vardır. Biz görürük ki, hakimiyyət başına gələndən sonra Trampın ilk addımları həm tənqid, həm də təqdir olunur. Ümumiyyətlə isə yeni ABŞ prezidentinin başlatdığı siyasətin hansısa nəticələrindən danışmaq hələ tezdir...

- Deməli, konkret olaraq Azərbaycana beynəlxalq münasibətdə də yeniliklər hələ hiss olunmur?

- Azərbaycana münasibətdən danışarkən, ilk növbədə, baxmalıyıq ki, Birləşmiş Ştatların dövlət olaraq regiondakı maraqları nədən ibarətdir və həmin maraqların ödənilməsində ölkəmiz, dövlətimiz hansı rol oynaya bilər. Biz görürük ki, Azərbaycan kommunikasiya baxımından çox strateji bir mövqedədir. Bizdən şimalda münaqişə var - Rusiya-Ukrayna müharibəsi gedir. Rusiya ilə münasibətlər heç də sadə deyil. Cənubda isə qonşumuz İrandır. Biz regionda yeganə dövlətik ki, qonşularımız həm Rusiya, həm də İrandır...

ABŞ isə açıq şəkildə bəyan edir ki, onun üçün əsas strateji əhəmiyyət kəsb edən Mərkəzi Asiya ölkələridir. Buna səbəb odur ki, həmin ölkələrin Çinlə münasibətləri planetin həmin bölgəsi üçün strateji əhəmiyyət daşıyır. Əgər belədirsə, Cənubi Qafqazda da Azərbaycan və Gürcüstan unikal bir xüsusiyyətə sahibdirlər. Çindən Qərbə gedən yolun şərqində Azərbaycan, qərbində isə Gürcüstandır. İndi əgər Ermənistan bu layihələrə qoşulmaq  istəsə, o da burada hansısa yer tuta bilər. Nə qədər ki, Azərbaycanla konfrontasiya şəraitindədir, buna nail ola bilməyəcək. Hesab edirəm, gələcəkdə Qərbin və konkret Amerikanın Azərbaycana münasibəti əsasən bu tezislər üzərində qurulacaq...

İranı da yaddan çıxarmayaq. İranın da həm İsraillə, həm Avropa ilə, həm də ABŞ ilə çoxsaylı problemləri var.  Azərbaycan da bununla bağlı müəyyən proseslərdə bu və ya digər  rol oynaya bilər. Ən azı, danışıqlar, kommunikasiyalar üçün hansısa əlaqələrin qurulmasında... Yəni bu baxımdan da biz hazırda çox unikal bir mövqedəyik. Azərbaycan-İsrail əməkdaşlığı, Amerikanın bu sahədə İsrailə dəstəyi və ölkəmizin regional və qlobal projelərə qoşulması...

Ənəvi olaraq geopolitik baxımdan bir NATO ölkəsi kimi, Türkiyə ilə də əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan üçün üstün amillərdən biridir... Yəni potensial olaraq bizim maraqlarımız geo-siyasi xüsusiyyətlərimiz Rusiya, İran, Çinlə yanaşı ABŞ üçün də maraqlıdır. Bu baxımdan söhbətimizin əvvəlində Azərbaycanın xarici siyasətinin qeyd etdiyim əsas məqsədlərini nəzərə alaraq çox aktiv siyasət aparmaq üçün potensial imkanlarımız mövcuddur. Bu işlər artıq icra olunur. Mən bilirəm ki, yeni Ağ ev administrasiyası ilə təmaslar mövcuddur və biz həmin təmasların nəticələrini qısa bir müddətdə görəcəyik...   

- Sizcə, ABŞ-nin yeni prezidenti, konkret olaraq, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hansı mövqeni tutacaq?

- Biz görürük ki, baş verən proseslərdə əsas məsələ ondan ibarətdir ki, Birləşmiş Ştatlarda hansısa etnik qrupların maraqlarını müdafiə edən lobbiçilik qurumları artıq bəzən siyasətçiləri dövlətin maraqlarına zidd olan hansısa addımlar atmağa məcbur edirlər. Bu mövzuya ABŞ-nin miqrantlarla bağlı yeni siyasətini də aid etmək olar. Ermənistanın, bəzi məqamlarda Yunanıstanın, eləcə də digər Avropa dövlətlərinin lobbiçiliyi... Biz görürük ki, artıq Dövlət Departamenti ilə yanaşı, xarici və daxili yardımları təmzimləyən USAID qurumunda da böyük dəyişikliklərə nail olmaq gərəkdir. Əsas məqsəd isə ondan ibarətdir ki, bu göstərilən köməklər hansısa qrupların maraqları, bu və digər etnik qrupların təsiri altında olan məmurların süni baxışları əsasında yox, dövlətçilik maraqları əsasında qurulmalıdır. Biz bu məsələyə nikbin baxmalıyıq. Əminəm ki, əvvəllər olduğu kimi, ABŞ-də ermənilərin ərazi iddiaları və avantüralarına dəstək verilməsinə son qoyulacaq. Amerika dövlətinin bu məsələdə iştirak etməyə və ona vəsait sərf etməyə heç bir marağı yoxdur...

- Ağ evin Ermənistanla bağlı gələcək planlarının Azərbaycan üçün təhlükəsi olmayacaq?

- Bəli, əminəm ki, ABŞ-Ermənistan münasibətləri çox praktik şəkildə qurulacaq. Əgər Amerika dövlətinin marağına uyğundursa, ona faydası varsa, hansısa addım atılacaq, yoxdursa, yox. Ermənistan ABŞ-yə nə təklif edə bilər? Yeni kommunikasiyalar? Yox. Ermənilərin İranla münasibətləri artıq istifadə olunmaqdadır. Bilirik ki, İranın bəzi rəsmiləri Ağ evlə kontaktları Amerikadakı erməni diasporu vasitəsilə qururlar. Bu da İran üçün anormal bir vəziyyətdir.  Birləşmiş Ştatlarda daimi şəkildə yaşayan, ən azı, 2 milyona yaxın İran vətəndaşı var. Odur ki, ABŞ rəhbərliyi ilə əlaqə qurmaq üçün erməni diasporuna o qədər də ehtiyac olmamalıdır...

Bir sözlə, ABŞ üçün regiondakı bir çox məsələlərdə Ermənistanın fəallığı üçün heç bir yer qalmayıb. Bəli, ənənəvi hay-küy, qondarma “soyqırımı” mövzusundan və s. bəzi məqamlarda istifadə oluna bilər. Əslində Trampın elan etdiyi məsələlər üçün bu mövzular da aktual deyil.    

- Tramp ayrıca Zəngəzur yolunun açılması məsələsinə necə münasibət bəsləyəcək, sizcə?

- Hesab edirəm, bu artıq Ağ ev üçün ən önəmli mövzulardan deyil. Belə təəssürat yaranır ki, bizim regionda əhəmiyyətli rol oymaq potensialına İsrail və Türkiyə malikdir. Əgər Türkiyənin və Azərbaycanın marağında Zəngəzur yolunun açılması varsa, onlar elə öz siyasi iradələri hesabına buna nail olacaqlar. Hazırda ABŞ üçün bu yolun açılıb-açılmamasının elə bir əhəmiyyəti yoxdur. Azərbaycan və Gürcüstan arasında Amerika üçün gərəkli yollar işləyir və hətta Əfqanıstandakı əməliyyatlar dövründə həmin yol ən aktiv şəkildə istifadə olunub.

- Tramp Ağ evə gəlməmişdən bir gün öncə Qəzzada atəşkəs əldə olunsa da, İsrail Fələstinin müxtəlif bölgələrində reydlərini davam etdirir. Bunun sonu necə olacaq?

- Emosional hissəni kənara qoysaq, başa düşürük ki, İsrailin əsas məqsədi Qəzzada olan əhalini bu və ya digər şərtlər altında oradan çıxarmaqdır. Əslində, oradakı əhali vaxtilə Yaxın Şərqdəki müharibələrin nəticəsində toplanmış ərəblərdir. Bu bölgənin Misirlə həmsərhəd olması həmin dövlət üçün o ərazini nəzarət altına götürüb öz ərazisinin bir hissəsi etmək üçün bir şans idi. Bu isə baş vermədi. İndi isə müzakirə olunan aktual məsələ ondan ibarətdir ki, Qəzzadakı əhalini guya müvəqqəti, amma əslində, həmişəlik bu və ya digər ölkələrə köçürmək gərəkdir...

- Bu, Trampın da təklifidir...

- Əslində, Trampdan əvvəl də belə təkliflər olub. Qəzzalıları Almaniyadan Misirdən tutmuş, İordaniyayadək müxtəlif ölkələrə köçürmək barədə təkliflər edilib. Ərəb ölkələri bunu qəbul etmirlər. Dediyim kimi, İsrailin indiki mərhələdə məqsədi bu əraziləri ərəblərdən təmizləməkdir. Onlar yalnız cüzi sayda ərəb qalmasını istəyirlər. Yalnız bu şərtlə ki, onlar İsrailin qanunlarıyla yaşasınlar. Necə ki, İsrailin öz ərazisində yaşayan ərəblər onun qanunlarına tabe olur, hətta bu dövlətin ordusunda xidmət edir, xarici işlər nazirinin müavini səviyyəsində dövlət postları tuturlar. İlkin məqsəd ərəblərin sayının azaldılmasıdır. Son onilliklərdə Qəzzada ciddi şəkildə demoqrafik partlayış olub və əhalinin sayı çoxalıb. Yəni 60-70 il bundan öncə ərəblərin sayı orada az idi. Sonradan isə müharibələr nəticəsində oraya axınlar oldu, qaçqınların düşərgələri yaradıldı və nəticədə kiçik bir ərazidə 2 milıyona yaxın əhali peyda oldu. Birinci İntifada dövründə, yəni 1987-1993-cü illərdəki İsrail işğalına qarşı ərəblərin müqaviməti zamanı Qəzzanı 700 minə yaxın insan tərk edib. Son “HƏMAS” – İsrail savaşı nəticəsində isə bəzi məlumatlara görə,  500 minə yaxın, bəlkə də daha çox ərəb oradan köçüb. Əgər evaukasiya təşkil olunsa, yəqin ki, daha böyük sayda insanları Qəzzadan köçürəcəklər...

- Necə hesab edirsiniz, bütün dünyanın həyəcanla gözlədiyi Trampla Putin arasında Ukrayna ilə bağlı görüş tezliklə baş tutacaqmı və bundan Ukrayna xalqı üçün, ümumiyyətlə, ədalətli sülhün əldə olunması istiqamətində müsbət nəticə gözləyirsinizmi?

- Tramp-Putin görüşü nəticəsində hələ sülh sazişi əldə olunmayacaq, sadəcə, siyasi razılaşma əldə olunacağı gözlənilir. Siyasi məsələlərin həllini bundan sonra baş tutacaq hansısa növbəti danışıqların üzərinə yükləmək kimi yalançı vədlər veriləcək. Hamı başa düşür ki, müharibə ilə həll olunmayan məsələ danışıqlar mövzusu olsa belə, onun həll edilmək şansı çox azdır. Deməli, təxminən, anlaşılır ki, hazırda hər tərəfin nəzarət etdiyi ərazilər bu və ya digər nisbi dəyişikliklərlə öz əllərində də qalacaq. Tramp da açıq deyir ki, müharibə heç nəyi həll edən deyil. Yəni demək istəyir ki, biz Ukraynaya nə qədər yardım etsək belə, o xalqı niyə aldadaq, onlar Rusiyaya qalib gələ bilməyəcəklər...

O da var ki, əhalinin böyük bir hissəsi Ukraynanı tərk edib. Bəzi mənbələrin məlumatına görə, hazırda ukraynalıların 50 faizi ölkə ərazisində yoxdur. Sual meydana çıxır: Avropada qaçqın statusu almış insanların Ukraynaya qayıdışı mümkün olacaqmı? Onlar çox çətin qayıdarlar... Ələlxüsus da ona görə ki, ölkələri ciddi şəkildə ziyan görüb, çoxlarının qoyub getdiyi evlər dağıdılıb. Sosial infrastruktur məhv edilib və demək olar ki, dövlət iflic vəziyyətindədir...

Digər təhlükəli məsələ isə budur ki, bundan sonra Ukraynada ciddi siyasi böhran başlayacaq. Hərbi əməliyyatlar dayandırılacağı halda, ən azı, prezident seçkiləri keçirilməlidir. Seçkilər vaxtı da daxildə siyasi mübarizənin çox gərgin olacağı gözlənilir...

- Görünür, Putin də buna da ümid edir... Yəni seçkilər nəticəsində Ukraynada hakimiyyətə rusiyameyilli birinin gələməsinə cəhd edəcək...

-  Putin çox şeyə ümid edir. Onun öz vəziyyəti də o qədər sabit deyil. Görürük ki, Ukrayna müharibəsi onun elitası daxilində gərgin çəkişmələr olub və bu, az qala, hərbi üsyanadək gedib çıxacaqdı... Ümumiyyətlə, bundan sonra Rusiyada da siyasi stabillik gözləmək əbəsdir. Hərbi əməliyyatlar dayandırılacağı halda ruslar da soruşacaq ki, bəs indiyədək yüzminlərlə hərbçimiz nəyə görə məhv edilib, guya əraziləri azad etmişik. Rusiyanın özündə istifadə olunmayan milyon hektarlarla ərazilər var. Bir sözlə, çox suallar, problemlər meydana çıxacaq. Bir daha təkrar edirəm ki, Rusiyanın yaxın gələcəyini heç cür stabil görə bilmirəm...

Seçilən
0
1
hafta.az

2Mənbələr