Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən tənzimlənəcək. Bu tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş 2025-2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.
2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır. Bu proses Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən koordinasiya olunacaq, müvafiq siyahılar təsdiqlənəcək və iş qrafikinin yeni modelə uyğun tənzimlənməsi təmin ediləcək.
Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.
Milli Məclisin sosial-siyasət komissiyasının üzvü Vüqar Bayramov bildirib ki, fərqli iş saatları qrafikinin tətbiq edilməsi bütövlükdə dövlət proqramının istiqamətlərindən biridir.
Deputatın sözlərinə görə, bunun tətbiqi vacibdir. Biz inkişaf etmiş Avropa ölkələrinə diqqət yetirsək görərik ki, həmin ölkələrdə dövlət qurumları, özəl sektor, hətta xidmət sahələri üzrə fərqli iş saatları tətbiq olunur:
“Təbii ki, buraya təhsil müəssisələri də daxildir. Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Bu, ilk növbədə, yollardakı nəqliyyat sıxlığının aradan qaldırılması baxımından müsbət addımdır. Gözlənilir ki, iş vaxtının başlanması və bitməsinin vaxtı fərqli olacaq. Burada standart 09:00-18.00 arası iş rejimi tətbiqi olmayacaq. Burada müəssisənin, yaxud qurumun fəaliyyət göstərdiyi sektorun fəaliyyətindən asılı olaraq iş vaxtı müəyyənləşdiriləcək. Sözsüz ki, bu, Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş rejimidir. Bu, iş saatlarının uzadılması anlamına gəlmir, sadəcə olaraq iş vaxtları dəyişdirilir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu, effektli mexanizmdir. Sadəcə, bu mexanizmin tətbiqi nəqliyyat sıxlığının aradan qaldırılmasına təsir edəcək. Sözsüz ki, bununla yanaşı digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var”.
V.Bayramov bildirib ki, iş rejiminin məktəblərdə necə tənzimlənəcəyi, necə olacağı hökumət tərəfindən mexanizm hazırlanandan sonra aydınlaşacaq:
“Yeni mexanizm mövcud imkanlar nəzərə alınmaqla həyata keçiriləcək. Yeni mexanizm hazırlandıqdan sonra məktəblərdə və digər obyektlərdə iş rejiminin necə olacağı bəlli olacaq”.
Bu məsələdə insanlar arasında müzakirəyə səbəb olan digər məqam iş saatlarının azaldılması ilə bağlıdır. Bəs bu təşəbbüsün reallaşmasl nə dərəcədə realdır?
Professor Elşad Mirbəşir bildirib ki, iş vaxtı rejiminin dəyişdirilməsi özü-özlüyündə humanitar xarakterli addım kimi dəyərləndirilə bilər. Tarixə nəzər salsaq görərik ki, sənayeləşmə dövrünün başladığı bir vaxtda insanlar daim iş vaxtı rejiminin dəyişdirilməsi istəklərini ortaya qoyublar. Yəni iş saatlarının azaldılması istəkləri ilə çıxış ediblər:
“Müasir dövrdə bu bir tendensiya halını alıb. Yəni iş saatı rejiminin dəyişdirilməsi prosesi bir çox ölkələrdə artıq mövcuddur. Ümumən iş saatlarının dəyişdirilməsi təqdirəlayiq hal kimi dəyərləndirilə bilər. Elmi araşdırmalar da bunu sübut edir. Məsələn, Avstraliyada 8 min işçi arasında aparılmış təcrübə göstərdi ki, 39 saatdan çox çalışan insanlarda həm psixoloji, həm də tibbi problemlər yaranır. Eləcə də 55 saat və daha çox işləyən insanlarda insult halları və digər xəstəliklər daha geniş yayılır. Bu, bir daha göstərir ki, iş saatı rejiminin dəyişdirilməsi həqiqətən insanların sağlığı və məhsuldarlığın artması üçün çox vacibdir. Digər təcrübə göstərib ki, iş saatının 20 faiz azaldılması məhsuldarlığın artmasına səbəb olub. Sözsüz ki, hər bir ölkənin mövcud şərtləri iş saatı rejiminin dəyişdirilməsi imkanlarını diqtə edir. Elmi-texnoloji cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış ölkələrdə iş saatı rejiminin dəyişdirilməsi insanların həyat tərzinə olduqca müsbət təsir göstərir. Eyni zamanda, iqtisadiyyata da mənfi təsir göstərmir. Bu da çox önəmlidir. İqtisadiyyatı əsasən istehsaldan asılı olan, lakin elmi-texnoloji cəhətdən çox da yüksək inkişaf səviyyəsinə çatmayan ölkələrdə iş rejimi saatlarının dəyişdirilməsi çox mənfi fəsadlara gətirib çıxara bilər, ölkə iqtisadiyyatı zəifləyər, müvafiq olaraq istehsal kəmiyyəti aşağı düşə bilər ki, bu da işçilərin maaşlarına mənfi təsir göstərər. Ümumiyyətlə, həyat tərzinə olduqca neqativ təsir göstərə bilər. Qeyd etdiyim kimi, iş saatı rejiminin dəyişdirilməsində mütləq şəkildə ölkənin hazırkı elmi-texnoloji inkişaf səviyyəsi, iqtisadi potensialı nəzərə alınmalıdır. Bu zaman, sözsüz ki, mütləq yeni iş saatı rejimi müvafiq sahələrdə tətbiq olunmalıdır. Məsələn, səhiyyə, təhsil, elmi-tədqiqat kimi sahələrdə iş saatı rejiminin dəyişdirilməsi, yəni iş saatının azaldılması məhsuldarlığa heç bir halda mənfi təsir göstərməz, əksinə, məhsuldarlığa, işin nəticəsinə çox müsbət təsir göstərə bilər. Bu sahədə çalışanların daha çox asudə vaxta, dincəlməyə ehtiyacları olur. Yəni, bir çox sahədə çalışan insanların həddən artıq yorulması yolverilməzdir. Belə olan halda da o sahədə əməyin nəticəsi çox da keyfiyyətli olmayacaq. Bu baxımdan bu nüanslar nəzərə alınmalıdır”.
E.Mirbəşir qeyd edib ki, iş saatı rejiminin dəyişdirilməsi iki istiqamətdə baş verə bilər:
“Biri həftənin iş günlərinin sayının azaldılmasıdır. Məsələn, dünyada 4 günlük iş rejiminə keçmək tendensiyası mövcuddur. Bir çox ölkələrdə bu təcrübə tətbiq olunur və kifayət qədər də uğurlu nəticələri mövcuddur. Digər istiqamət isə iş saatlarının azaldılmasıdır. Ümumiyyətlə, məqbul variant kimi günlük iş saatlarının 36 saata bərabər olması məqbul hesab olunur. Sözsüz ki, 5 günlük iş həftəsi çərçivəsində bu standart səmərəli əmək nəticələrinin əldə olunmasını şərtləndirə bilər. Bunu dünya təcrübəsi də sübut etməkdədir.
İş saatı rejiminin dəyişdirilməsi üçün əmək sahələri uğurla müəyyənləşdiriləcəksə, bu, çox effektiv olacaqdır. Ölkə iqtisadiyyatında birbaşa təsiri olan istehsal sahələrinə iş rejimi saatının dəyişdirilməsinin necə təsir edə biləcəyinə gəlincə, bu məsələyə çox həssas yanaşmaq lazımdır. Düşünürəm ki, mütləq şəkildə nəticələr ciddi hesablanılmalıdır, sonra tətbiq olunmalıdır. Ümumiyyətlə isə iş rejimi saatlarının azaldılması bütövlükdə ölkənin ümumi inkişaf səviyyəsinin yüksəkliyinə dəlalət edir. Yəni, o ölkələrdə ki yüksək inkişaf səviyyəsi mövcuddur, artıq iş rejimi saatlarının dəyişdirilməsi, yəni iş saatlarının azaldılması insanların rifah halına, ümumi sağlamlıq, psixoloji vəziyyətlərinə müsbət təsir göstərməklə bərabər həm də iqtisadiyyatda da müsbət təsirini göstərir. Sözsüz ki, hər şeydən öncə bu proses Əmək Məcəlləsi ilə tənzimlənməlidir. Eyni zamanda, iş vaxtı məsələsi müəssisələrin, əksər hallarda özəl müəssisələrin də daxili əmək nizamnaməsi ilə tənzimlənə bilər. Ümumi qaydalar işlənib-hazırlanarsa, Əmək Məcəlləsində bütün nüanslar nəzərə alınmaqla bu təcrübə müvafiq əmək sahələrində tətbiq oluna bilər”.