Bakı, TurkicWorld
Estoniya, Latviya və Litva Avropa İttifaqının (Aİ) elektrik şəbəkəsinə tam inteqrasiya edərək, Rusiyanın enerji sistemindən ayrılıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Litvanın paytaxtı Vilnüsdə keçirilən Baltik Sinxronizasiya Konnektorlarının açılış mərasimində bu barədə bildirib.
“Bu gün biz Baltikyanı ölkələri kontinental Avropa elektrik şəbəkəsinə birləşdiririk” - deyən fon der Leyen, bununla Avropanın Rusiya və Belarusla sonuncu elektrik bağlantılarının da kəsildiyini bəyan edib.
Fon der Leyen, Avropanın enerji sahəsində təhdid və şantajdan tam azad olduğunu, Rusiyanın qalıq yanacaqlarından asılılığın da aradan qaldırıldığını bildirib.
Aİ Komissiyasının açıqlamasına görə, Baltikyanı ölkələr artıq Avropa qitə elektrik şəbəkəsinin tamhüquqlu üzvüdürlər. Estoniya, Latviya və Litva Polşa üzərindən Aİ enerji bazarına inteqrasiya olunaraq enerji sistemlərini ümumi və şəffaf qaydalar çərçivəsində idarə edəcəklər.
Açıqlamada bildirilib ki, Baltikyanı ölkələrin Aİ elektrik şəbəkəsinə qoşulması üçün tələb olunan investisiya xərclərinin 75%-i Aİ fondları tərəfindən qarşılanıb. Aİ bu infrastruktur üçün 1,23 milyard avro qrant ayırıb.
Qeyd edək ki, Ukrayna və Moldova da 2022-ci ilin martında Rusiyanın elektrik şəbəkəsindən ayrılaraq Avropa sisteminə qoşulub.