AZ

Turizmdə rekord gəlir

Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycanda ictimai iaşə sahəsi istisna olmaqla, turizm sektorunun gəlirlərinin 1,03 milyard ABŞ dollarına çatacağı gözlənilir. Bu barədə “Statista” portalının proqnozunda bildirilib. Hesablamalara görə, 2025-2029-cu illərdə sektorda illik artım sürəti 4,05 faiz təşkil edəcək. Nəticədə 2029-cu ildə sektorun həcmi 1,2 milyard ABŞ dollarına çatacaq. Cari ildə ölkənin turizm sektorunun ən mühüm seqmenti 546,1 milyon ABŞ dolları bazar həcmi ilə hotelçilik sənayesi olacaq. 2029-cu ilə qədər Azərbaycanın turizm bazarında ümumi gəlirlərin 74 faizinin onlayn satışlardan əldə ediləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, pandemiyanın fəsadlarından sonra hazırda Azərbaycanın turizm sektoru bərpa dövrünü yaşayır. Artıq bu ölkəyə gələn turistlərin sayında da özünü göstərir. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 2,6 milyon turist gəlib. Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkəyə gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz artıb. Belə ki, 2023-cü ildə Azərbaycana 2,1 milyon turist gəlmişdi.

Qeyd edilib ki, ötən ilin yalnız dekabr ayında isə Azərbaycana 214 678 nəfər turist gəlib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 11 faiz çoxdur. 2023-cü ilin dekabrında bu göstərici 192 869 nəfərə bərabər olub. Rəsmi açıqlanan rəqəmlərə görə, ötən il Azərbaycana gələnlərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Azərbaycana təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz və ya 105 903 nəfər artaraq 731 009 nəfərə bərabər olub. Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada türkiyəli turistlər yer alıb. Onların sayı 13 faiz və ya 48 037 nəfər artaraq, 426 241 nəfərə çatıb. Siyahıda üçüncü yeri isə 243 589 nəfər turist ilə Hindistan vətəndaşları tutur. Hindistanlı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 faiz və ya 126 287 nəfər artıb.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Azərbaycanda turizmdən daxil olan gəlirlərin artması üçün böyük potensial var: “Lakin bu, hələ də 2019-cu il səviyyəsində deyil. İndiyə kimi ölkəmizdə olan ən pik əcnəbi sayı məhz 2019-cu ildə qeydə alınıb. Konkret olaraq, həmin ildə 3,2 milyon turist ölkəmizi ziyarət etmişdi. Bu il isə 2,6 milyon əcnəbi ölkəmizə qonaq gəlib. Qarşıdakı illərdə 2019-cu ildəki rekordunun yenilənməsi gözlənilir. Bunun üçün ölkədə böyük potensial mövcuddur. 2025-2028-ci illərdə 4 milyona qədər turist qəbul edəcəyimiz proqnozlaşdırılır. Əlbəttə ki, qonşu ölkələrdə baş verən proseslər ümumi turizm bazarına təsir edir. Lakin ümid edirik ki, qarşıdakı illərdə daha sabit və sülh içində yaşanılan bir dövr gələcək. Elə olanda insanların xarici ölkələrə səyahətləri də artacaq. Bütün bunlara baxmayaraq, növbəti illərdə Azərbaycana gələn turist sayında davamlı şəkildə artım olacağı gözlənilir. Düşünürük ki, ölkəmizin turizm bazarında bu ciddi artımları müşahidə edəcəyik”.

C.Aşurov ötən ilin turizm bazarı üçün uğurlu olduğunu da vurğulayıb:

“2024-cü ildə 2023-cü illə müqayisədə Azərbaycana gələn turistlərin sayında artım oldu. Əvvəlki illərə nisbətən daha çox turist qəbul etdik. Həmçinin, Azərbaycan cari ildə bir sıra böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Ən böyük tədbir olan COP29-un öhdəsindən çox uğurla gəldik. Bütün tədbirlər və səfərlər isə Azərbaycanın dünyadakı nüfuzunun artmasına xidmət etdi. Bu da gələcəkdə ölkəmizin turizm bazarına öz töhfəsini verəcək”.

Mövzu ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev deyib ki, gələcəkdə Azərbaycanda turizm sahəsində böyük işlər gözlənilir: “Məsələn, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə turizm potensialını daha da genişləndirmək üçün ciddi addımlar atıla bilər.  Qarabağ və Şərqi Zəngəzurda həm yay, həm də qış turizmini inkişaf etdirmək üçün kifayət qədər böyük potensial var. Üstəlik, bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınması ölkəmizdə turizmin davamlı və dayanıqlı olması üçün zəmin yaradır. Xüsusilə, ötən il COP29 kimi çox böyük beynəlxalq tədbirin paytaxtımızda keçirilməsi Azərbaycanın turizmini də dünyada tanıtdı. Yeni ildə də ölkəmizdə belə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Paytaxtımızda, regionlarımızda, xüsusən də işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq tədbirlər keçirilə bilər. Nəzərə almaq lazımdır ki, beynəlxalq tədbirlərin keçirilməsi həmin regionlarımızın da tanıdılmasında birbaşa rol oynayacaq”.

Ekspert qeyd edir ki, Azərbaycan turizmini inkişaf etdirmək üçün hər cür şərait var: “Bizim bölgələrimiz bütün fəsillərdə turist qəbul etmək üçün böyük potensiala sahibdir. Yaxın günlərdə isə bölgə turizminin inkişafı üçün yeni konseptin hazırlanmasını zəruri hesab edirəm. Xüsusən də regionlarda fəaliyyət göstərən otellər gündə 3 dəfə qidalanma sisteminə keçid etməlidir. Təbii ki, bu, otellərin öz daxili qərarlarına əsasən həyata keçirilə bilər. Lakin bunun üçün təşviqat aparmaq lazımdır. Dünya təcrübəsinə baxdıqda görürük ki, bu addım turist axınına ciddi təsir edir. Hansı ölkələrin otellərində bu konsept istifadə olunursa, turistlər bütün fəsillərdə həmin istiqamətlərdə səyahət edirlər. Yəni bu, daxili turizmi artırmaqla yanaşı, əcnəbi turistlərin də böyük marağına səbəb olacaq. Düşünürəm, təcrübədən keçmiş bu konsepti otellərimizdə tətbiq etməyin zamanı yetişib”.

Seçilən
6
hafta.az

1Mənbələr