AZ

Cəlilabadda şəhid qardaşını illərdir kimlər və niyə süründürür?

“Ailəmiz 4 nəfərdən ibarətdir. Mən, yoldaşım və iki övladım. Hazırda evimizdə heç kim işləmir. Ailəmi dolandıra bilmirəm”.

Bu sözləri şəhid qardaşı Mirzəyev Əfqan Əlsahib oğlu Publika.az-a ünvanladığı məktubda bildirib. O, ailəsini dolandırmaq üçün işə ehtiyacı olduğunu qeyd edib:

“Mən Cəlilabad rayon Uzuntəpə kəndində yaşayıram. Qardaşım Mirzəyev Üzeyir Əlsahib oğlu 1997-ci ildə Qarabağ döyüşlərində şəhid olub. Bir qardaşım da Qarabağ qazisidir. Şəhid qardaşı kimi yazıb sizdən xahiş edirəm ki, müraciətimi ictimailəşdirəsiniz. Çünki lazımı qurumlar mənim müraciətimə məhəl qoymur. Neçə vaxtdır rayon məşğulluq idarəsinə mühafizə işi ilə bağlı müraciət etmişəm. Hələ bir xəbər yoxdur. Məşğulluq idarəsinə yoldaşımın da adını yazdırmışam. İki uşağımız var. Uşaqlar azyaşlı olmadığı üçün bizə sosial yardım da düşmür. 2019-cu ildə bizə məşğulluqdan iki baş inək verilmişdi. Onlar da xəstə idi. Baytar gətirdim, 300 manat xərc çəkdim, nəticədə inəklərin biri öldü, birini də dəyər-dəyməzinə satdım".

O gündən bu yana heç bir işlə təmin olunmadığını bildirən Ə.Mirzəyev ailəsini dolandırmaq üçün hər işə razı olduğunu deyib:

"Dəfələrlə rəsmi müraciət etmişəm. Hətta icra başçısı Rafiq Cəlilovun da qəbulunda olmuşam. Hər dəfə bildirirlər ki, vakansiya olanda çağıracaqlar. Neçə ildir gözləyirəm. Nə iş olursa görərəm, təki uşaqlarım ac qalmasın”.

Vətəndaşın müraciətini nəzərə alaraq, Cəlilabad rayon Məşğulluq İdarəsinin və İcra Hakimiyyətinin saytında qeyd olunan nömrələrə zəng vurduq. Gün ərzində dəfələrlə zəng etməyimizə baxmayaraq dəstəyi qaldıran olmadı.

Seçilən
2
2
publika.az

3Mənbələr