AZ

Ermənistanın “dollar bulağı” bağlanır...

Image

Mətləb Salahov: “Budur, artıq USAİD-in ləğvi barədə məlumatlar Ermənistanda ciddi panika yaradıb”
 

USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) deyilən qaragüruh təşkilat artıq bağlanmaq üzrədir. ABŞ-ın yeni prezidenti Donald Tramp daha çox xarici ölkələrdə daxili qarışıqlıq, hakimiyyət çevrilişləri və siyasi təxribatlar üzrə “ustalaşan” bu təşkilatın ömrünə son qoymaq istəyir. Çox güman ki, yeni rəhbərlik bu təşkilatın ilk əvvəl yeni ABŞ iqtidarının özü üçün də təhlükəli mahiyyət daşıdığına əmin olduğu üçün onun “fatihəsini vermək” qərarına gəlib. Büdcəsi 27 milyard dolları ötən bu təşkilat artıq öz sahibləri üçün də arzuolunmaz həddə çatıb. Artıq bu qurumun ləğvi istiqamətində ilk addımlar da atılmaqdadır.
 Bu təhlükəli təşkilat həm də dünyada yürütdüyü ikili siyasəti ilə də “məşhurdur”. Daima Azərbaycan əleyhinə mənfi mövqeyi ilə seçilən bu təşkilat, bunun tam əksinə olaraq Ermənistana qarşı “yüksək səxavəti” ilə ad çıxarıb. USAİD-in Ermənistana yardımlarına nəzər yetirsək həm də Qərbin ikibaşlı siyasətinin açıq konturlarını sezə bilərik. Elə ondan başlayaq ki, USAİD 1992-ci ildən bəri Ermənistana əhəmiyyətli maliyyə yardımları göstərir. 2021-ci ilə qədər bu yardımların ümumi məbləği 3 milyard dollardan çox olub. 

Ötən ilin sentyabr ayında USAİD Ermənistana beşillik yardım paketini 120 milyon dollardan 250 milyon dollara çatdırıb.  Bu yardımların "əsas məqsədi” Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Maliyyə vəsaiti təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcək. 

USAİD-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın "Xarici Hərbi Maliyyələşdirmə" proqramı ilə əlaqələndirilir. Bundan əlavə, USAİD Ermənistanda davam edən insan haqları problemlərinin həlli üçün 2,5 milyon dollar ayırıb. Vəsait LGBT fərdlərinin hüquqlarının müdafiəsinə, gender əsaslı zorakılıqla mübarizə və digər tədbirlər üçün nəzərdə tutulub. USAİD Ermənistanı həm də cinsi azlıqlar “cənnətinə” çevriməyi də planlaşdırır. Görünür, hər nədə olsa Rusiya ilə mübarizədə bu məsələnin Nikol Vavayeviçin çox köməyinə gələ biləcəyini düşünürlər...

Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında bəyan edib ki, USAID-in Cənubi Qafqaz ölkələrinə göstərdiyi yardımı müqayisə etsək, dərhal ikili standartlar siyasəti güzgü kimi qarşımızda canlanır. M.Salahovun bildirdiyinə görə, bu təşkilat son illər daha çox ermənipərəst mövqe sərgiləməyə, Azərbaycan əleyhinə daha şiddətli qara piar yürütməyə çalışırdı.
 “Buyurun, təkcə bir faktı qeyd edək. 44 günlük   böyük zəfərimizdən sonrakı üç ildə Xankəndini könüllü tərk edən ermənilərə Qərbin göstərdiyi dəstək 30 il ərzində etnik təmizləməyə məruz qalan bir milyondan çox qaçqın və köçkünümüzə göstərdiyi yardımdan çoxdur! Təsəvvür edirsiniz bu nə deməkdir? Bu USAİD-in simasında Qərb dairələrinin Cənubi Qafqazda Azərbaycana olan riyakar yanaşmasının açıq nümayişidir. Missiyası “Amerika xalqından dünyaya yardım” kimi bəyan edilən USAID-in ölkəmizə dəstəklə bağlı siyasəti də ikili standartların bariz nümunəsi sayıla bilər. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün formal belə olsa səy göstərməyib.
 Eyni zamanda, USAID 2024-cü maliyyə ilində öz xoşları ilə Qarabağdan könüllü şəkildə köçən ermənilər üçün 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-ın 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb. Halbuki erməni faşistlərinin dinc azərbaycanlılara qarşı amansız qətliamı zamanı yurd-yuvasından didərgin düşən insanlara bu yardımların kiçicik hissəsi belə göstərilməmişdi.
 Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək üçün 50 milyon dollar kredit ayırıb. Bütün bunlar nə deməkdir? Açıq-aşkar USAİD daima Ermənistan üçün “dollar bulağı” funksiyası daşıyıb.
 Budur, artıq USAİD-in ləğvi barədə məlumatlar Ermənistanda ciddi panika yaradıb. "Hraparak" nəşri yazır ki, USAID-in fəaliyyətinin dayandırılmasından sonra Ermənistanda bəzi təşkilatlar üzləşdikləri itkilərə görə ölkə hökumətindən kompensasiya tələb etmək niyyətindədir.   Erməni nəşri bu təşkilatların maliyyələşdirilməsinin yaxın gələcəkdə bərpa olunmayacağını istisna etməyib və belə olan halda hakimiyyət ayrı-ayrı qeyri-hökumət təşkilatlarının maliyyə problemlərinin həllini öz üzərinə götürə bilər. Erməni nəşrinin yazdıqlarına baxaq: “USAID ofislərinin bağlanması ilə bağlı qərar illərdir Amerika proqramlarından istifadə edən erməni fəallar arasında panikaya səbəb olub. Panika hakimiyyət dairələrini də əhatə edib, çünki onlar başa düşürlər ki, indi xarici dəstəkdən məhrum olanlar üçün maliyyə mənbəyi rolunu özləri oynamalıdırlar.”
 Bir fakt açıq-aşkar ortadadır ki, USAID-in Ermənistana dəstəyi guya sosial-iqtisadi dayanıqlılığı gücləndirmək, ticarətin şaxələndirilməsini dəstəkləmək və keçmiş Qarabağ münaqişəsindən sonra irəvana dönən ermənilərə “kömək etmək məqsədi” daşısa da, əslində ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün çapalayır. Co Bayden iqtidarı bu məsələdə USAİD-in maliyyə və informasiya təxribatı barədəki xidmətlərindən var gücü ilə yararlanmağa çalışırdı. Görünən odur ki, Ermənistan üçün qrant və “dollar bulağı” bir müddət bağlı olacaq. Əlbəttdə, yeni administrasiyaya yol tapana qədər.”

Namiq Quliyev






Seçilən
14
baki-xeber.com

1Mənbələr