AZ

Alimlər: Qrenlandiya buzlaq örtüyü çoxsaylı buz zəlzələləri ilə sarsılır

İsveçrənin Sürix Ali Texniki Məktəbinin tədqiqatçıları Qrenlandiyadakı buzlaq çaylarının çoxsaylı zəif zəlzələlərə məruz qaldığını müəyyən ediblər...

Poliqon xəbər verir ki, araşdırma Science elmi jurnalında dərc edilib.

Buzlaq axınları - nəhəng buz çayları - daxili buzlaq bölgələrindən okeana doğru buz kütlələrini daşıyır. İndiyədək iqlim modelləri bu axınların vahid sürətlə hərəkət etdiyini güman edirdi. Lakin peyk məlumatları bu fərziyyələrlə uyğunsuzluqlar göstərirdi.

Yeni araşdırma bu uyğunsuzluqların səbəbini izah edir: buzlaq axınlarının daxilində mikroskopik çatlar yaranır və zəif zəlzələlər baş verir. Bu titrəyişlər yüzlərlə metr məsafəyə yayıla bilir.

Alimlər müəyyən ediblər ki, bu buz zəlzələləri vulkanik aktivliklə əlaqəlidir. Buzun 900 metr dərinliyində 7700 il əvvəl Maza vulkanının püskürməsi nəticəsində əmələ gələn vulkanik hissəciklərdən ibarət bir qat aşkar edilib.

Bu qat zəlzələlərin səthə yayılmasına mane olur. Bundan əlavə, buz içindəki mikroskopik çatlar vulkan püskürmələri zamanı atmosferə düşən sulfat hissəcikləri səbəbindən əmələ gəlir.

Bu kəşf "EastGRIP" layihəsi çərçivəsində 2700 metr dərinliyində qazılmış quyuda aparılan eksperiment nəticəsində əldə olunub. Tədqiqatçılar quyuya optik lifli kabel yerləşdirərək, 14 saat ərzində buzlaq axınlarının daxilindəki seysmik aktivliyi qeydə alıblar.

Alimlər hesab edirlər ki, bu araşdırma buz nüvələrində müşahidə olunan çatların izahını verməklə yanaşı, gələcəkdə buzlaqların hərəkətini və dəniz səviyyəsinin yüksəlməsini daha dəqiq proqnozlaşdırmağa kömək edəcək.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr