İran ətrafında gərginlik getdikcə artmağa başlayır. Tribunainfo.az xəbər verir ki, ardıcıl hərbi təlimlər keçirən və bununla güc nümayiş etdirən İrana qarşı birləşən ABŞ və İsrail isə yeni müttəfiqlərə də mesaj göndərməyə başlayıblar.
Bu əsnada, İranın nüvə silahına sahib olma ehtimalının böyük olması da Qərb mediasında geniş müzakirə mövzusudur. “The Telegraph” qəzeti Tehranın nüvə silahı sahib olması üçün çətinlik çəkməyəcəyini bəyan edib. Bundan başqa, qəzet SEPAH-ın dini lider Əli Xamineyidən atom bombasını haram edən fətvasını geri götürməsini tələb etdiyini də yazıb.
“Bloomberg News” isə qeyd edib ki, İranın nüvə silahı yaratmasına bir həftə kifayətdir. “Tehran son illərdə uranı zəngiləşdirməyi bacarıb və artırıb”.
İsrailin baş naziri Benyamin Netenyahu isə bu günlərdə ABŞ-a etdiyi səfərdlə bağlı açıqlamasında Ağ Evlə bir sıra məsələlərdə, o cümlədən İran mövzusunda razılaşdıqlarını deyib: “ABŞ İranın heç vaxt nüvə silahına malik olmaması ilə bağlı razılığa gəlib. İkincisi, HƏMAS məhv edilməlidir”.
ABVŞ prezidenti Donald Tramp da bu əsnada İran mövzusunda danışıb. O, “The New York Post” qəzetinə bildirib ki, İranla saziş bağlamağa hazırdır. “Hərbi əməliyyatlara əl atmaqdansa, İranla saziş bağlamağa üstünlük verirəm. Mən İranla nüvə məsələsində razılaşmaq istərdim. Mən bunu bombardmandan üstün tuturam. Belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək”.
Amma ABŞ-ın “beyin mərkəzi”ndən biri olan “Stratfor” Analitik Mərkəzi Qərb-İran toqquşması barədə maraqlı təhlillə çıxış edib. “İsrailin İrana zərbə endirməsi ehtimalı var. İsrail düşünə bilər ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün indi zərbə endirməyin vaxtıdır. Üstəlik, hazırkı İsrail rəhbərliyi Tramp administrasiyasının bu məsələdə İsrailin istəklərinə qarşı daha az meylli olacağına inanır”.
Mərkəz hesab edir ki, Tramp administrasiyası bu cür zərbələrin əleyhinədir. “O, regionda böyük sabitliyin pozulmasına qarşıdır. Lakin İsrail ABŞ-ın müdaxilə etməyəcəyinə ümid edərək, Trampın razılığı və köməyi olmadan belə bu addımı ata bilər”.
Tribunainfo.az bildirir ki, İran da boş oturamdığını nümayiş etdirir. SEPAH-ın komandanı Hüseyn Salami bəyan edib ki, əgər İranın nüvə obyektlərinə hücum edilərsə, ağlasığmaz cavab verəcəklər. “Onlar inanmadıqları zərbələrlə üzləşəcəklər”.