Rusiya-Ukrayna müharibəsi artıq 3 ildir davam edir. Son zamanlar baş verən proseslər tərəflər arasında danışıqların bərpası ehtimalını gündəmə gətirir.
Ukrayna prezidenti Vladimir Zelenski Qərbin, xüsusilə ABŞ və Avropanın Kiyevi tərk etməmək şərti ilə Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib. Bu bəyanat Ukraynadakı gərgin hərbi vəziyyət, Qərbin Kiyevə dəstəyinin davamlılığı və Kremlin mövqeyi fonunda müxtəlif suallar doğurur.
Zelenskinin bu açıqlaması müharibənin gedişatında yeni bir diplomatik mərhələnin başlaya biləcəyi ehtimalını gündəmə gətirir. Lakin Qərbin Ukraynaya dəstəyinin zəifləməsi və Rusiyanın şərtləri bu prosesin nə dərəcədə real olduğunu sual altına qoyur. Gələcək danışıqların mümkünlüyü və effektivliyi isə tərəflərin güzəştə gedib-getməyəcəyindən asılı olacaq.
Zelenskinin bu çağırışının arxasında dayanan səbəblər nədir? Beynəlxalq reaksiyalar hansı istiqamətdə olacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, Donald Tramp administrasiyasının Ukrayna məsələsi ilə bağlı təzadlı mövqe sərgiləməsi Vladimir Zelenskini çətin vəziyyətə salır:
"Bundan əlavə, ABŞ rəhbəri Ukraynanın zəngin sərvətlərinin cəmləşdiyi strateji ərazilərdə mülkiyyət qazanmaqda və bu bölgələrdə iqtisadi təsirini gücləndirməkdə maraqlıdır. Xüsusilə, Trampın bu iqtisadi sərvətləri əldə etmək istəməsi ilə bağlı verdiyi bəyanatlar və bu istiqamətdə göstərə biləcəyi potensial səylər onun Rusiya ilə mümkün danışıqlarda əsas amillərdən biri olduğunu sübut edir. Digər tərəfdən, Zelenski Qərbin, o cümlədən ABŞ-nin, Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətləri verməsinə nail olmaq istəyir və bu dəstəyi əldə etmək üçün diplomatik səylərini artırmağa çalışır".
Aqşin Kərimov: Vaşinqton müzakirələrin ikitərəfli formatda olmasının tərəfdarıdır
Müsahibimizə görə, Zelenskinin fikirləşdiyi və xəyalını qurduğu detalların reallaşmağı bir qədər çətindir. Çünki, Ukrayna NATO daxilində ciddi fikir ayrılıqları yaradıb, bundan əlavə, Trampın xarici yardımları dayandırması ilə bağlı fikirlər müəyyən sualları ortaya çıxarır:
"Qeyd etmək lazımdır ki, Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar zamanı maraqlı tərəf kimi çıxış edir və bu, prosesin gedişatına birbaşa təsir göstərə bilər. Onun mövqeyi və mümkün vasitəçiliyi Kreml üçün əlavə stimul rolunu oynayır. Çünki Rusiya belə siyasi və diplomatik yanaşmalardan çıxış edərək öz hərbi kampaniyasını daha da inkişaf etdirməyə, strateji mövqelərini möhkəmləndirməyə və Qərbin dəstəyini sarsıtmağa çalışır".
Son olaraq politoloq vurğulayıb ki, Ukrayna prezidenti Zelenski də bu proseslərdən kənarda qalmaq istəmir:
"Zelenski, Rusiya ilə mümkün görüşlərdə birbaşa iştirakını tələb edir. Lakin görünən odur ki, rəsmi Vaşinqtonla Kremlə bu müzakirələrin daha çox ikitərəfli formatda, yəni ABŞ və Rusiya arasında keçirilməsinə üstünlük verir. Bu isə Zelenskinin proseslərdəki iştirakının, o cümlədən gələcək danışıqlara təsir imkanlarının məhdudlaşdırılması deməkdir”.