![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/a8680fec-853c-465b-9ab7-14903898e364.webp)
TƏBİB-in nümayəndə heyəti Almaniya Federativ Respublikasının Münhen şəhərində “Falk Beratung” və “Sana Hospital Group” şirkətlərinin rəhbərliyi ilə görüşüb. Baki-xeber.com xəbər verir ki, səfərdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev və Yeni Klinikanın direktoru Barat Yusubov iştirak edib. Səfər çərçivəsində “Sana Hospital Group” şirkətinin Sana Münhen Xəstəxanası və “Sana Prevention” xəstəxanasına ziyarətlər təşkil edilib. Xəstəxanalarda pasiyent qəbulu, diaqnostika, (radiologiya, endoskopiya, ürək kateterizasiyası laboratoriyası, laboratoriya), cərrahi, intensiv terapiya, reabilitasiya sahələri ilə tanışlıq olub.
“Falk Beratung” və “Sana Hospital Group” şirkətlərinin nümayəndə heyəti ilə təşkil olunan ikitərəfli görüşlər zamanı xəstəxanalar qrupunun idarəetmə strukturları, pasiyentlərin müraciət prosedurları, müalicə xərclərinin tarifləri, müasir tibbi avadanlıqlarla təminat, klinikaların ictimai nüfuzu və s. istiqamətlər üzrə mövzular müzakirə olunub.
İki gün davam edən işgüzar səfər çərçivəsində eyni zamanda təcili və təxirəsalınmaz tibbi yardım, tibb bacısı xidmətinin təşkili, keyfiyyətin idarə olunması, kommunikasiya və marketinq, insan resursları, beynəlxalq əlaqələr sahələri üzrə də fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, TƏBİB və “Sana Hospital Group” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Bu memorandumda xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.
Günel CƏLİLOVA