“Qarabağ”ın son oyunlardakı uğursuzluğu fonunda avrokuboklara vəsiqə verən yerlər və elitada qalmaq uğrunda mübarizə aparan komandaların fonunda Azərbaycan Premyer Liqasında mübarizə qızışıb. Son oyunlarda maraqlı nəticələr qeydə alınır və hadisələr baş verir.
Xüsusilə hakimliklə bağlı bir sıra məqamlar ortaya çıxıb. Mübahisəli qərarların sayı kifayət qədərdir. Bundan sonra da prosesin davam edəcəyini gözləmək olar.
Əslində futbol meydanında mübarizə olan yerdə hakimliyin müzakirəsi normal haldır. Çünki komandaların mübarizə aparmaq üçün məqsədlərinin olduğunu göstərir. Lakin bunun da öz çərçivəsi var.
Həftə sonu 22-ci tur çərçivəsində keçirilən “Sabah” – “Turan Tovuz” matçı da (2:1) hakimlik mövzusu ilə gündəmə gəlib. Qərb təmsilçisi oyunda hakimlikdən narazı qalıb. Ki, bunun olması təbii haldır. Yuxarıda qeyd etdiyimiz kimi, baxır hansı formada.
"Turan Tovuz" "bayquşlar"la oyundan sonra paylaşım edərək ədalət tələb edib: "Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.
AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" – "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"
İndi gəlin 2 həftə əvvələ - yanvarın 26-na dönək. 20-ci tur çərçivəsində “Qarabağ”ın qonağı olan “Turan Tovuz” məğlub durumda olmasına baxmayaraq son dəqiqələrdə geri dönüş edərək 2:1 hesablı qələbə qazanır. Bu oyunda hakimdən narazı tərəf “Qarabağ” idi. Ağdam klubu 90-cı dəqiqədə künc zərbəsindən vurulan bərabərlik qolunda qayda pozuntusu olduğunu iddia edirdi.