AZ

Təhsili İQ-nün inhisarına vermək doğru deyil

“Azərbaycan müəllimi” “Çağdaş təhsildə təşkilatlanma” rubrikası çərçivəsində yazıçı və biznes kouç, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü Elçin Əzimlinin məqaləsini təqdim edir:

Məktəb uşağın kiçik və qapalı ailə mühitindən daha geniş bir sosial aləmə keçidini təmin edən etibarlı körpüdür. Uşağın şəxsiyyətinin və xarakterinin formalaşmasının əsas mərhələsi məktəb dövrünə təsadüf edir. Həm fiziki, həm də psixoloji dəyişikliklərlə müşayiət olunan bu dövr uşağın öz kimliyini müəyyənləşdirməyə, fərdi dəyərlərini tanımağa və özünə münasibətini formalaşdırmağa başladığı mühüm bir mərhələdir. Bununla yanaşı, o, bu dövrdə özünə bənzəməyən, müxtəlif dəyərlərə və fikirlərə malik fərdlərlə və sosial qruplarla əlaqələr qurmağı öyrənir, onların baxış bucaqlarından həyatın müxtəlif tərəflərinə nəzər salmaq imkanı əldə edir.

Təhsildə sosiallaşmanın rolu olduqca əhəmiyyətlidir. Məşhur psixoloq Vıqotski uşaqlıq dövründə başqaları ilə sosial əlaqələr qurmağın öyrənmə və problem həll etmə bacarıqlarını inkişaf etdirdiyini vurğulayıb. Onun nəzərincə, idrakın inkişafında mədəniyyət və ətraf mühitin təsiri olduqca vacibdir. Vıqotski digər insanlarla sosial əlaqənin uşağın öyrənmə və inkişafına müsbət təsir göstərdiyini düşünürdü.

Keçmişdə yaxşı təhsil sadəcə elmlə deyil, eyni zamanda “helm”lə xarakterizə olunurdu və helmi olmayanın elminin də yarımçıq olacağına inanırdılar. "Helm" sözü ərəb dilində “təmkin”, “yumşaq”, “mülayim”, “səbirli” kimi mənalar daşıyır. Konfutsi elm-helm mövzusu barədə belə deyirdi: “Bir insan nə qədər bilikli olursa olsun, bu biliyi daşıyacaq fəziləti yoxdursa, qazandığı hər şeyi itirəcək”.  

O dövrün klassik məktəbləri sayılan mədrəsələrdə təbiətşünaslıq, təbabət, məntiq, ilahiyyat, kimya və s. fənlərlə yanaşı əxlaq dərsləri keçilir, elmin kamilləşməsi və tamamlanması üçün gözəl davranış və helm nümunələri ilə zəngin şərq hekayələri uşaqlara oxudulurdu. Bu gün nədənsə təhsilin sosial-emosional aspektləri, yəni helm məsələsi kölgədə qalıb və şagirdlərin fərdi və psixoloji inkişafları, xarakterinin təkmilləşdirilməsi ikinci, bəlkə də üçüncü dərəcəli məsələyə çevrilib. Görünən mənzərə budur ki, müəllimlər və valideynlər uşaqların daha çox koqnitiv bacarıqlarının inkişafına yönəliblər və məktəblər şagirdlər üçün “600+” bal yarışı meydanına çevrilib.

Koqnitiv bacarıqlar təhsildə əhəmiyyətli sayılsa da, təhsili sadəcə İQ-nün inhisarına vermək doğru deyil. Şagirdlərin emosional intellektinin inkişafı, şəxsiyyət və xarakterinin formalaşması, sosial bacarıqlarının güclənməsi və gözəl əxlaqa yiyələnməsi təhsil siyasətində prioritet istiqamətlərdən olmalıdır. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin əsas məqsədlərində yer alan ”milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran”, “müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək”, “müasir təfəkkürlü” kimi müddəalar da bu fikri dəstəkləyir.

Bir kouç və təlimçi olaraq uzun illər boyunca əmək bazarındakı fəaliyyətimin mənə öyrətdiyi bu oldu ki, sadəcə savad və bacarıqla uğura çatmaq olmur, çatsan da davamlılığını təmin etmək çətindir. Bunlar güclü xarakterlə və sosial bacarıqlarla dəstəkləndiyi zaman daha təsirli olurlar. Təhsil zamanı “600+” yarışında ən yüksək nəticə göstərənlərin hamısının iş həyatında eyni uğuru təkrarlamadığını təəssüflə müşahidə etdim. Təhsil illərində parlayan ulduzların iş həyatında sönməsinin əsas səbəbini isə emosional və sosial bacarıqların lazımi səviyyədə inkişaf etdirilməməsində görürəm.

Xarakterin formalaşmasında və tərbiyə olunmasında nələrə diqqət olunmalıdır?

Yunan dilində əlamət və fərqləndirici xüsusiyyət mənalarına gələn xarakter bir insanın davranışlarının, düşüncə tərzinin, daxili xüsusiyyətlərinin və şəxsiyyətinin ümumi təsviridir. Xarakter insanların hansı dəyərləri və prinsipləri ön planda tutduqlarını, hansı əxlaqi və emosional güclərə sahib olduqlarını göstərir. İnsanın uğur qazanmasında rol oynayan əsas amillərdən biri onun xarakteridir. Bilik və təhsil insanın intellektual inkişafını təmin etsə də, xarakter onun bu bilikləri necə və harada tətbiq edəcəyini, tətbiq zamanı önünə çıxan çətinliklərə necə yanaşacağını müəyyən edir.

Şagirdlərin xarakterinin inkişafında məktəb və ailə mühitinin əməkdaşlığı vacibdir. Tərbiyə sadəcə ailənin üzərinə atılacaq, ya da ki, müəllimin öhdəliyinə veriləcək məsələ olmamalıdır və burada hər iki tərəf məsuliyyət daşıyır. Milli-mənəvi dəyərlər, düzgün davranış qaydaları, başqalarına hörmət, cəmiyyət içərisindəki etik qaydalar, gigiyena və təmizlik, sosial məsuliyyət və s. uşağa ailə tərəfindən aşılanmalıdır. Eyni şəkildə müəllimlər də təvazökarlıq, qayğıkeşlik, dürüstlük, əməksevərlik, əzm və s. keyfiyyətləri öz davranışları ilə şagirdlərə nümunə göstərərək onların xarakterlərinin formalaşmasına müsbət təsir etməlidirlər. Dünyaşöhrətli alimimiz Xudu Məmmədov müəllimlərin nümunə olması haqqında belə demişdi: “Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan canlı bir varlıqdır”.

Hər bir fərd unikal və təkrarolunmazdır və fərdi yanaşma tələb edir. Bir uşaq üçün nəzərdə tutulan yanaşmalar başqa biri üçün uyğun olmaya bilər. Bunun üçün də məktəb və ailə uşağın öz ehtiyaclarına uyğun tərbiyə yanaşmalarını müəyyən etməyi bacarmalıdır. Həm valideynlər, həm də müəllimlər uşağın fərdi və onu başqalarından fərqləndirici xüsusiyyətlərini, maraqlarını və güclü tərəflərini dərk etməli, bu xüsusiyyətləri inkişaf etdirmək üçün əməkdaşlıq etməlidirlər. Bundan əlavə, bəzən evdə tətbiq olunan bir üsul, məktəbdə tətbiq olunanla uyğun gəlməyə bilər, buna görə də əməkdaşlıqda çevik uyğunlaşmalar vacibdir.

Ailə və məktəb arasında faydalı əməkdaşlığın qurulması üçün hər iki müəssisə arasında davamlı əlaqə və qarşılıqlı hörmətə əsaslanan dialoq vacibdir. Müəllimlər və valideynlər uşağın inkişafına dair narahatlıqları müzakirə edərkən bir-birlərini incidəcək tənqidlərə yol verməməli, problemə deyil, həllə köklənərək konstruktiv şəkildə həll yollarını birlikdə tapmağa çalışmalıdırlar.

Xarakterin formalaşmasında şagirdlərə uğursuzluqlardan necə dərs çıxarmağı öyrətmək vacibdir. Uğursuzluqlar inkişafın bir hissəsidir və hər səhv yeni bir fürsətə çevrilə bilər. Şagirdlərə səhvlərini qəbul etməyi, onlardan dərs çıxarmağı və daha yaxşı nəticələr əldə etmək üçün cəhd etməyi öyrətmək onların xarakterini gücləndirir.

Müəllimlər uşağın inkişafını və məktəbdəki davranışlarını valideynlərə mütəmadi olaraq bildirməli, eyni zamanda valideynlər də uşaqlarının evdəki vəziyyəti barədə müəllimlərlə məlumat paylaşmalıdır. Bu şəkildə əməkdaşlıq hər iki tərəfin uşağın ehtiyaclarını və problemlərini daha yaxşı anlamasına kömək edər.

Ailə məktəbin fəaliyyətlərində, tədbirlərində iştirak etməli, müəllimlərlə müntəzəm görüşlər təşkil etməli və uşağın inkişafını izləməlidir. Bu, valideynlərin uşaqlarını fərqli tərəfdən görmələrinə və onlara necə dəstək verə biləcəyi barədə daha çox məlumat əldə etmələrinə imkan yaradar.

Məktəb və ailə, uşağın tərbiyə və təhsil hədəfləri barədə razılığa gəlməlidir. Valideynlər və müəllimlər, uşağın həm akademik, həm də sosial inkişafını dəstəkləmək üçün birgə məqsədlər qoymalıdırlar.

CASEL təhsil sistemi

1994-cü ildə ABŞ-da yaradılan CASEL (Akademik, sosial və emosional öyrənmə üçün əməkdaşlıq) təhsil sistemindən öyrənə biləcəyimiz müsbət nümunələr çoxdur (bax: www.casel.org). CASEL təhsil sistemi sosial-emosional bacarıqların məktəblərdə tədrisini təşviq edir. Qeyd edim ki, bu təhsil sistemi hal-hazırda UNISEF tərəfindən dünyanın bir çox ölkələrində nümunəvi model kimi dəstəklənir. Nümunə üçün 2013-2021-ci illər arasında UNICEF-in Çinin Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi təhsil proqramında 525 ibtidai məktəbdə sosial-emosional yanaşmalar tətbiq olunub və bu proqramdan 291 250 şagird və 18 171 müəllim faydalanıb.

Təhsildə CASEL yanaşmasının təməlində 5 əsas sosial-emosional bacarıq dayanır. Bu bacarıqlar həm dərs proqramları vasitəsi ilə, həm də dərsdənkənar məşğələlər və dərnəklər şəklində də uşaqlara öyrədilir.

1. Özünü tanıma 

Uşaqların öz xarakterlərini, emosiyalarını, güclü və zəif tərəflərini, şəxsi dəyərlərini, həyatdakı məqsədlərini və gələcəklə əlaqədar hədəflərini tanımaları və özlərini daha yaxşı anlama bacarığıdır. Bu bacarıq uşaqlarda özünə inamı artırır və onlara şəxsi inkişafda daha düzgün istiqamət verir.

2. Özünü idarəetmə 

Uşaqların öz emosiyalarını idarə etmə, özünü nəzarət altında saxlama, ambisiyalı hədəflər qoyma və çətinliklərlə mübarizə aparma bacarığıdır. Bu bacarıq uşaqlara stres, psixoloji narahatlıq və digər emosional çətinliklərlə mübarizə aparmağı öyrədir.

3. Sosial şüur 

Başqalarının duyğularını, ehtiyaclarını və perspektivlərini anlama və onlara empatiya ilə yanaşma bacarığıdır. Bu bacarıq uşaqlara fərqli mədəniyyətlərə və insanlara hörmətlə yanaşmağı öyrədir.

4. Ünsiyyət bacarığı 

Uşaqların müsbət və sağlam münasibətlər qurma, münaqişələri həll etmə bacarığıdır. Bu bacarıq uşaqlara dostluq, komanda işləri və ailə münasibətləri kimi sosial bacarıqları inkişaf etdirməyə kömək edir.

5. Şəxsi məsuliyyət 

Uşaqların düşüncəli davranma və düzgün qərar vermə bacarığıdır. Bu, onların gündəlik həyatlarında, sosial münasibətlərində və akademik fəaliyyətlərində məsuliyyətli qərarlar almağına kömək edir.

Seçilən
21
tehsil.biz

1Mənbələr