AZ

“İnsanlar yaxınlarının orqanlarının bağışlanmasına icazə vermirlər” – RƏSMİ

“Ürəyimi bağışlayıram”. Bu kəlmələr çox vaxt söz xatirinə deyilir. Ancaq gerçək həyatda bunu etmək, həyati vacib orqanının başqasına köçürülməsinə icazə vermək üçün həqiqətən böyük ürəyə sahib olmaq lazımdır.

Bu mənada orqan bağışlamaq həm dini, həm bəşəri baxımdan çox yüksək jest, böyük insanlıqdır.

Bəs, niyə Azərbaycanda bu məsələ aktual deyil? Niyə ürək köçürmə əməliyyatları həyata keçirilmir?

Bunun səbəbi peşəkar mütəxəssis qıtlığıdır, avadanlıq yetməzliyidir, yoxsa donor çatışmazlığı?

Sualla Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, Azərbaycanda meyit donorlardan transplantasiya məqsədilə orqan və toxumaların götürülməsi "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Bu qanun insan orqan və toxumalarının donorluğu və transplantasiyası sahəsində hüquqi tənzimləmələri əhatə edir. Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, gözün buynuz qişası götürülə bilər. Ürək köçürülməsi də insan sağlam vəziyyətdə olanda yox, ancaq ona beyin ölümü diaqnozu qoyulduqdan sonra (meyitdən ) həyata keçirilə bilər”.

Qurum bildirir ki, mərkəz fəaliyyətə başladıqdan sonra bir neçə dəfə beyin ölümü halları baş verib və buranın əməkdaşları ölənin yaxınları ilə danışıqlar aparmağa cəhd etsə də, onlar meyitin orqanlarının bağışlanmasına razılıq verməyiblər:

“Təəssüf ki, bu kimi hallar cəmiyyətdə normal qarşılanmır, lakin bu halın aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür. İnsanların sağlığında ölümündən sonra donor olmağa razılıq verməsi, yalnız özləri üçün deyil, həm də yaxınları üçün vacib bir addım ola bilər. Çünki bu qərarın verilməsi, sonradan yaranacaq çətinliklərin və yaxınları ilə olan anlaşılmazlıqların qarşısını almağa kömək edər. Düşünürük ki, orqanların bağışlanılması prosesinin tam şəffaflıqla həyata keçirildiyi, orqanların ehtiyacı olan şəxslərə təmənnasız formada paylanması və s. kimi düşüncələr cəmiyyətdə formalaşdırılarsa, insanlar yaxınlarının orqanlarının bağışlanmasına daha rahat icazə verərlər”.

Tanınmış cərrah, tibb elmləri doktoru Adil Qeybulla isə Bizim.Media -ya Azərbaycanda ürək köçürülməməsinin səbəbini belə izah etdi:

“Azərbaycanda çox peşəkar ürək cərrahları var. Onlar müəyyən bir heyətlə bu əməliyyatı həyata keçirə bilərlər. Burda ən böyük məsələ donor mənbəyidir. Ürək hardan olacaq? Ürək cüt orqan deyil ki, onun kimdənsə bir hissəsini götürəsən. Yaxud qaraciyər kimi bir hissəsini, böyrək kimi ikisindən birini götürəsən. Ürək beyin ölümü keçirən, praktiki sağlam adamlardan götürülməlidir. Travma keçirən, avtomobil qəzasına düşən gənc adamlar olur. Heç bir valideyn də öz gənc əzizini təşrih etməyə,yarmağa, onun ürəyini götürməyə icazə vermir. Ona görə də cavan dünyasını dəyişən adamların sağlam ürəyi də torpaq altına gedir. Bu səbəbdən bizdə ürək nəqli məsələsi mümkün olmur. Bizdə orqan nəqli o vaxt yaxşı işləyəcək ki, millət psixoloji olaraq orqan bağışlamağa hazır olsun”.

Seçilən
1
1
turkustan.az

2Mənbələr