AZ

Afeliya

Yaşadığımız sitenin sakinlərinin bir whatsapp qrupu var. Qonşular arasında faydalı bir ünsiyyət formasıdır.

Bir az əvvəl qonşularımızdan biri “Aman, diqqətli olun, Afeliya Fenomeni başlayıb” yazdı qrupa. Xəbərdə bu sabah səhər saat 06:27-dən başlayaraq Afeliya Fenomeninin (ing. Aphelia Phenomenon) tüğyan edəcəyi yazılır.

“Əldəqayırma bir Hoca” yeni konspiroloji senari uydurub.

Qadıncığaz da paylaşıb ki, qonşuları diqqətli olsunlar.

***

Afeliya nöqtəsi Yer kürəsinin (və ya digər planetlərin) orbitinin Günəş sistemindən ən uzaq olan nöqtəsidir. "Afeliya" sözü də elə yunan dilində "Günəşdən uzaq" deməkdir.

Məsələ planetlərin Yer də daxil orbitlərinin elliptik formada olmasındadır.

Bu da o deməkdir ki, planetlərin Günəşdən məsafəsi daim dəyişir.

Elliptik orbitlər planetlər arasında qravitasiya təsirindən yaranır.

Onlar bir-birini “itələyərək” orbitlərin ideal dairələrdən kənara çıxmasına səbəb olurlar.

Günəş sistemimizdə “ən yekə xuliqan” Yupiterdir.

O, ən böyük və ən ağır olduğu üçün digər planetlərin orbitlərinə böyük təsir göstərir.

Afeliya anında Yer Günəşdən təxminən 152,1 milyon kilometr uzaqdadır.

Müqayisə üçün yanvarın əvvəlində Yer kürəsi Periheliyada (Günəşə ən yaxın nöqtə) olduğu zaman məsafə təxminən 147,1 milyon kilometr təşkil edir. Arada 5 milyon km-lik məsafə var. İlk baxışda böyük görünür, ancaq kosmik miqyasda o qədər əhəmiyyətli deyil.

Yəni Afeliya Fenomenində hava həmişəkindən daha soyuq olacaq, qrip, öskürək, soyuqdəymə, tənəffüs çətinliyi çoxalacaq kimi sözlərə qulaq verməyin. Zatən qış mövsümüdür, respirator xəstəliklər riskinin artması təbiidir.

Qaldı ki, Afeliya Fenomeni qışda deyil, yayda müşahidə olunur.

Son dəfə bu astronomik hadisə 5 iyul 2024 tarixində baş vermişdi.

Hər söylənənlərə inanmayın, xüsusilə də fəlakət dəllallarına…

İbrahim Nəbioğlu

visiontv.az



Seçilən
4
visiontv.az

1Mənbələr