AZ

Ərdoğan Malayziyada rəsmi səfərdədir

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya-Sakit okean regionuna səfəri çərçivəsində ilk dayanacağı olan Malayziyanın paytaxtı Kuala-Lumpura gəlib.

AzerVoice xəbər verir ki, prezident Ərdoğanı Kuala Lumpur Beynəlxalq Hava Limanında Malayziyanın Baş naziri Ənvər İbrahim və onun xanımı Dr. Van Əzizah İsmayıl, Türkiyənin Kuala Lumpurdakı səfiri Əmir Səlim Yüksel, Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin, səfirliyin əməkdaşları və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə Prezident Ərdoğanı xanımı Əminə Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Milli Müdafiə Naziri Yaşar Gülər, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, Ticarət Naziri Ömər Bolat və Türk Dövlətləri Şurasının Xarici Siyasət və Təhlükəsizlik Başçısı Akif Çağatay Kılıç müşayiət edirlər.

Putrajaya Beynəlxalq Konqres Mərkəzində Perak Sultanı Nəzrin Şah tərəfindən Prezident Ərdoğana fəxri doktorluq diplomu təqdim edilib.

Bundan sonra Prezident Ərdoğan “Yeni əsrdə Türkiyə-Malayziya Strateji Əməkdaşlıq” toplantısında çıxış edəcək. Tədbirdə dövlət məmurları və universitet tələbələri iştirak edəcəklər.

Səfər Proqramı çərçivəsində sabah Malayziyanın Baş nazirinin ofisində Prezident Ərdoğan rəsmi qarşılanma mərasimində iştirak edəcək.

Daha sonra Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüş keçirəcək və nümayəndə heyətləri arasında rəsmi danışıqlar aparılacaq.

Prezident Ərdoğan Türkiyə-Malayziya Biznes Forumunda iştirak edəcək və ortaq mətbuat konfransı təşkil ediləcək.

Seçilən
16
turkic.world

1Mənbələr