AZ

Azərbaycanda iş saatları azaldıla bilər? -

Son illərdə dünyada iş qrafiklərinin daha qısa və rahat olması ilə bağlı ciddi dəyişikliklər müşahidə olunur. Əmək bazarındakı dəyişikliklər, texnologiyanın inkişafı və pandemiyadan sonra formalaşan yeni iş prinsipləri iş saatlarının yenidən nəzərdən keçirilməsini zəruri edib. Biznes mühitində standart iş saatları adətən səhər 9-dan axşam 6-ya qədər davam edir. Ancaq bu model hər kəs üçün eyni dərəcədə effektiv hesab olunmur. İşçilərin fərqli həyat tərzi, fərqli iş tələbləri və hətta yol problemi kimi amillər bu sistemin hamıya uyğun olmadığını göstərir. Azərbaycanda da bir çox şirkət çevik iş qrafiklərini sınaqdan keçirməyə başlayıb. Xüsusilə İT, maliyyə və media sahələrində çalışanlar üçün hibrid və uzaqdan iş modeli artıq reallığa çevrilib. Dövlət qurumlarında isə hələ ki, dəyişikliklər daha ehtiyatla aparılır. Bəs ölkəmizdə daha effektiv yol hansıdır: iş qrafikinin dəyişdirilməsi, yoxsa iş saatlarının azaldılması? Bu barədə Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun (ILRA) həmtəsisçisi, əmək məsələləri üzrə ekspert Asif Oruclu Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ daha çox iqtisadi səmərəliliyin artırılması ilə bağlıdır: “İş saatları azaldıla bilər. Amma burada ölkənin vahid sosial-iqtisadi siyasəti çərçivəsində dəyərləndirmə aparılmalıdır, ondan sonra hansısa addımların atılması nəzərdən keçirilə bilər. İndiki zaman üçün konkret bir cavab vermək də düzgün olmaz. Belə bir dəyişikliyin edilməsindən öncə hərtərəfli, kompleks araşdırma və dəyərləndirmə aparılmalıdır. Hansısa sahələrdə səmərəliliyi ölçmək üçün sınaqdan keçirilə bilər, amma bütün əmək münasibətlərində tətbiqini hazırda ağlabatan görmürəm”. Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində bir sıra alternativ iş qrafikləri tətbiq olunur. Məsələn, fleksibil (çevik) iş saatları qrafikində işçilər öz iş saatlarını müəyyən çərçivədə tənzimləyə bilirlər. Həmçinin bəzi ölkələrdə dörd günlük iş həftəsi tətbiq olunur. Uzaqdan iş rejimi isə xüsusilə texnologiya sahəsində çalışanlar üçün ofisdə oturmaq məcburiyyəti olmadan çalışma imkanı yaradır və s. Bu dəyişikliklərin nəticəsində işçilərin motivasiyası artır, onlar stress olmadan daha yaxşı şəraitdə işləyə bilirlər. Eyni zamanda şəhərin tıxac kimi böyük problemi də azalır.

Sevinc İbrahimzadə

Seçilən
17
2
metbuat.az

3Mənbələr