AZ

ABŞ USAİD-in fəaliyyətini məhdudlaşdırır: Qlobal siyasətdə yeni dövr - ÖZƏL

Son dövrlərdə ABŞ-ın xarici siyasətində dəyişikliklər müşahidə olunur. Ölkə artıq qlobal səviyyədə maliyyələşdirmə siyasətini yenidən nəzərdən keçirir və USAİD kimi qurumların fəaliyyət dairəsini daraltmağa başlayır. Beynəlxalq İnkişaf Agentliyi uzun illər müxtəlif ölkələrdə QHT-ləri, media qurumlarını və hətta bəzi dövlət institutlarını maliyyələşdirərək ABŞ-ın siyasi maraqlarına uyğun təsir imkanları yaradırdı. Lakin yeni administrasiya bu strategiyanı dəyişdirərək büdcəni ixtisar edir və USAİD-in fəaliyyətini məhdudlaşdırır. 

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, Amerika son vaxtlar sanki dünyaya qlobal nəzarətini dayandırır:

"Amerika Birləşmiş Ştatları dünyanın ən böyük dövləti olaraq təbii ki, dünyanın müxtəlif dövlətlərində, bölgələrində, dövlətlərin içərisində QHT-ləri, mətbuatı, hətta dövlət qurumlarının özlərini belə USAİD üzərindən maliyyələşdirib. Yəni bu Beynəlxalq İnkişaf Agentliyi dünyanın bir çox ölkələrində, təbii ki, Amerikanın siyasi maraqlarını dəstəkləmək üçün qrantlar ayırıb. Yəqin ki, həmin dövlətlərdə, həmin ərazilərdə Amerikanın nüfuz dairəsi olan qurumların formalaşmasını himayə edibdir. Amma son vaxtlar Amerikanın siyasəti dəyişir. Dünyaya qlobal nəzarət edən Amerika indi sanki geri çəkilir. Regional güc mərkəzi kimi yalnız Qərb yarımkürəsində əslində bir növ güclənməyə çalışır".

 Əli Mustafa qeyd edib ki, Amerikanın siyasəti fəaliyyətindəki dəyişikliklər USAİD-in funksiyasına da təsir edir.

"Bu baxımdan sanki USAİD-in də klassik funksiyası öz əhəmiyyətini itirir. İndiyə qədər bütün dünyaya yayılan Amerika dünyanın hər yerində bu agentlik üzərindən işləyirdi, maliyyələşdirmələri həyata keçirirdi. İndi isə artıq özünə çəkildiyinə görə dünyanın müxtəlif bölgələrini maliyyələşdirməyə ehtiyac yoxdur. O cümlədən də USAİD-ə belə geniş istiqamətdə pul paylanmasına da təbii ki, ehtiyac görmürlər. Bu qurumun fəaliyyəti araşdırılsa faydalı, faydasız fəaliyyətləri də olub. Mümkündür ki, cinayət xarakterli işləri də olsun. Məsələn, Mask deyirdi ki, hətta COVİD 19 virusunun hazırlanmasına USAİD pul xərcləyir. İndi bəlli olur ki, dünyanın bir çox ölkələrində müxtəlif istiqamətlərdə maliyyələr xərclənir".

Siyasi şərhçi əlavə edib ki, yeni adminstrasiyanın araşdırmaları nəticəsində USAİD-in fəaliyyətindəki əsas məsələlər aydın olacaq.

"Yəqin ki, Amerikanın yeni administrasiyası araşdıracaq və mümkündür ki, həmin o prosesdə korrupsiya məsələləri də meydana çıxsın. Ümumiyyətlə, dünyanın təhlükəsini təhdid edən hansısa layihələrin də maliyyələşməsi məsələləri aydın olsun. Hətta istisna deyil ki, Amerikanın milli maraqlarına belə zidd olan fəaliyyətlər də mümkündür ki, maliyyələşdirilib. Hər halda bu Amerikanın daxili işidir. Amma gerçəklik ondan ibarətdir ki, böyük milyardlarla büdcəsi olan bu təşkilat artıq indiki administrasiya üçün aktual deyil. Ona görə də onlar onun büdcəsini, işçilərinin sayını azaldırlar. Səhv etmirəmsə, üç ay müddətinə maliyyələşməsi dayandırılır. Yəni Amerikanın xarici siyasət doktrini dəyişir. Ona görə də bu alətlər yeni doktrinə uyğun olaraq bir növ yenidən təşkilatlanır, yenidən formalaşır. Əgər Amerika dünyada artıq pul xərcləmək, qrantlar, qrant layihələri xərcləmək istəmirsə onda USAİD-ə ehtiyac qalmır. Amma ümumiyyətlə götürsək, əlbəttə, Beynəlxalq İnkişaf Agentliyinin müxtəlif dövlətlərin media qurumlarına, QHT-lərinə, hətta dövlət qurumlarına olan maliyyə dəstəyi, əlbəttə, onların bu və ya digər formada qurumun izlədiyi, təqib etdiyi siyasətə bağlı olmasını, yəni bu şərtlərə uyğun fəaliyyət göstərməsini reallaşdırır".

Müsahibimiz sonda qeyd edib ki, suverenlik və müstəqillik baxımından mümkündür ki, hansısa təsirlər buraxsın, yəni dövlətlərin, yaxud da qurumların, insanların fəaliyyətinə təsir etsin. Amma əgər USAİD-in fəaliyyəti məhdudlaşdırılacaqsa, yəqin ki, həmin təsirlər də tədricən aradan qalxacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr