Alimlər dünyada üç əsas zəlzələ qurşağının olduğunu müəyyən ediblər. Bunların arasında aktivliyinə görə ikinci qurşaq Avropa və Asiya qitələri arasında uzanır. Bu, təxminən Himalay dağlarından Alp dağlarına qədər bir hissəni əhatə edir. Azərbaycan da məhz bu qurşaqda yerləşir.
Belə bir coğrafiyada yerləşmək dövlətin tikinti zamanı təbii fəlakətləri lazımınca qiymətləndirməsini zəruri edir. Azərbaycanın aktiv tektonik zonada yerləşməsindən başqa ölkədə sel təhlükəsi və torpaq sürüşmələrinin də rast gəlindiyi ərazilər var. Odur ki, təbii fəlakətlərdən daha az zərərlə çıxmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi də vacibdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov “Report”a müsahibəsində ölkə ərazisində aparılan tikinti işləri zamanı hansı standartların tətbiq olunması, yaşayış binalarda zəlzələyə davamlılığın hansı kriteriyalara əsasən müəyyən edilməsi, təbii fəlakətlər zamanı, həmçinin bu fəlakətlərdən əvvəl önləyici tədbirlərin görülməsi üçün agentliyin fəaliyyət istiqamətləri, tikinti meyarları və s. ilə bağlı sualları cavablandırıb:
- Elxan müəllim, Bakıda, eləcə də regionlarda yeni inşa edilən tikililərdə zəlzələyə davamlılıq hansı kriteriyalara əsasən müəyyən olunur?
- Azərbaycan seysmik zonada yerləşir. Bu səbəbdən seysmik amillərin tikinti prosesində nəzərə alınması vacibdir. 1961-ci ilə qədər ölkədə inşa edilən tikililərdə zəlzələ faktoru nəzərə alınmırdı. Həmin ildən etibarən Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 7 ballıq seysmik zonaya aid edilirdi. 1981-ci ildə seysmik rayonlarda yeni tikinti normaları və qaydası təsdiq olundu. Həmin normalara görə, ölkə ərazisinin böyük hissəsi 7 ballıq, 20 faizə qədəri isə 8 ballıq seysmik zona elan olundu. 2010-cu ildə Azərbaycanda milli seysmik rayonlarda dövlət tikinti normaları hazırlanıb. 2010-cu ildən etibarən Azərbaycan ərazisinin 20 faizə qədəri 9 ballıq, qalanı isə 8 ballıq seysmik zonaya aid edilib.
Həmin vaxt qəbul olunmuş normalar bu gün də keçərlidir. Tikinti zamanı bu normalara əməl olunmalıdır. Buna nəzarətin bir hissəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir. Agentlik keçmiş Dövlət Tikinti və Şəhərsalma Komitəsinin bazası əsasında yaradılıb. 2005-ci ildə həmin komitə iki yerə bölünüb. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təşkil edilərək tikinti fəaliyyətindəki səlahiyyətlər agentliyə verilib. Komitənin memarlıq, şəhərsalmaya aid olan bölümü isə müstəqil fəaliyyətini davam etdirir. Bu gün tikinti prosesinə bizim agentlik nəzarət edir. Bu proses bir neçə mərhələdən ibarətdir. Mərhələnin bir neçə subyektləri var, bunlara sifarişçi, tikintiyə icazə verən orqan, podrat təşkilatı, subpodrat təşkilatı və digərləri aiddir. Şəhərsalma və memarlığa aid olan hissələrə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edir.
- Agentlik nəzarət funksiyasını tikintinin hansı mərhələsindən etibarən həyata keçirir?
- Bizim agentlik nəzarət funksiyalarını hələ tikinti meydançasında tikinti başlamamışdan əvvəl həyata keçirir. Layihə hazırlanmamışdan əvvəl tikinti aparılacaq yerdə geoloji tədqiqat işləri görülür. Həmin tədqiqatın hesabatı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin geoloji mərkəzinə təqdim olunur. Mərkəzdə geoloji araşdırmaların düzgün aparılıb-aparılmadığı yoxlanılır. Müsbət rəy verildikdən sonra layihəçilər tikiləcək binanın layihəsini, o cümlədən konstruktiv hesabatları hazırlayırlar. Bu işlər başa çatdıqdan sonra agentliyin tərkibində fəaliyyət göstərən Dövlət Baş Ekspertiza İdarəsi layihənin bütün bölmələrini ekspertizadan keçirir. Layihənin tikinti norma və qaydalarına, o cümlədən, seysmik normalara uyğunluğu yoxlanılır, iradlar olduqda onlar aradan qaldırılır. Yalnız bundan sonra müsbət rəy verilir, bu rəydən sonra tikintiyə icazə vermək hüququ yaranır.
Bakıda və işğaldan azad olunan ərazilərdə tikintiyə icazəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Ölkənin digər yerlərində isə bu funksiyanı yerli icra orqanları həyata keçirir. Ekspertizadan sonra müsbət rəy verilərsə, sözügedən orqanlar binanın tikintisinə icazə verə bilərlər. Tikintiyə icazə verən orqan 3 gün ərzində həmin icazənin surətini bizim agentliyin tərkibində fəaliyyət göstərən Dövlət Tikinti Müfəttişliyinə təqdim etməlidir. Ola bilər ki, icazə verilən kimi tikintiyə başlanılmasın, bu halda biz icazəni qeydiyyata alıb gözləyirik. Tikinti sahibi tikintiyə başlayanda layihəni Dövlət Tikinti Müfəttişliyinə təqdim etməli, orada qeydiyyatı yeniləməli, möhürlənmiş dövlət nəzarəti jurnalı almalıdır.
Tikinti meydançasında nəzarəti tikinti aparılan ərazi hasara alınandan etibarən həyata keçiririk. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintidə daha üç nəzarət forması var. Birincisi müəllif nəzarətidir. İşlərə başlamamışdan əvvəl layihəni hazırlamış layihə təşkilatı ilə müqavilə bağlanılır. Həmin layihə təşkilatı tikinti prosesində müəllif nəzarətini də həyata keçirir, müəllif nəzarəti jurnalında qeydiyyat aparır, iradlar varsa, qeyd edir.
- Elxan müəllim, nəzarət tikinti bitənə qədər davam edir?
- Bəli, bu nəzarət bütün tikinti boyu, tikinti bitənə qədər davam edir. Əməkdaşlarımız tikinti ərazisinə vaxtaşırı gedərək nəzarət funksiyasını həyata keçirir. Tikintidə ikinci nəzarət forması sifarişçinin həyata keçirdiyi texniki nəzarət formasıdır. Texniki nəzarətçi materialların həcmini, maliyyə hesabatını və bu kimi məsələləri yoxlayır. Üçüncü nəzarət formasını tikinti şirkəti həyata keçirir. Belə ki, şirkət tikinti meydançasına kənar şəxslərin girişinə icazə verilməməsinə, işçilərin meydançada təhlükəsizlik avadanlıqları ilə təmin olunmasına, tikinti meydançasının təşkilinə və digər nəzarət funksiyalarını yerinə yetirməyə cavabdehlik daşıyır.
- Tikinti meydançasında yoxlama ilk olaraq nədən başlayır?
- Bizim əməkdaşlar tikinti meydançasına gələndə ilk olaraq nəzarət funksiyalarını həyata keçirən təşkilatların jurnallarını yoxlayır. İradların aradan qaldırılıb-qaldırılmadığını nəzərdən keçirir. Bu üç nəzarət formasından biri olmasa, tikinti dayandırılır. Hər şey qaydasındadırsa, müəyyən təlimatlarını verirlər. Beləcə, növbəti mərhələyə keçid edilir. Məsələn, çala qazılıbsa, bu çala bünövrə qoyulmasına uyğun gəlirsə, ona icazə verilir. Bünövrə başa çatdıqdan sonra da bizim müfəttişlər nəzarət funksiyalarını həyata keçirən təşkilatların jurnallarını yoxlayırlar. Bu nəzarət tikili istismara verilənə qədər davam edir.
- Türkiyədə baş verən zəlzələ göstərdi ki, tikintidə istifadə edilən xammalın, eləcə də digər materialların rolu böyükdür. Tikinti materialları üçün hər hansı bir standart qoyulubmu?
- Tikinti meydançasına daxil olan material və məmulatlarının standartlara uyğunluğunu bizim müfəttişlər yoxlayırlar. Tikintiyə daxil olan inert materialları - sement, beton, eləcə də armaturun keyfiyyətinə tikinti təşkilatları özü nəzarət edir. Belə ki, bu təşkilatlar bizim agentliyin nəzdində fəaliyyət göstərən Sadıq Dadaşov Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə müqavilə bağlayırlar. Tikinti meydançasına daxil olan hər materialdan nümunə götürülür və onlar sınaqdan keçirilir.
- Ölkəyə gətirilən tikinti materiallarına hər hansı bir nəzarət həyata keçirilirmi? Agentlik bu sahədə hansı tədbirlər görür?
- Ölkə ərazisinə gətirilən tikinti materiallarının da standartlara uyğunluğunu yoxlayırıq. Gömrük keçid məntəqələrindən daxil olan hər tikinti materialı partiyasından nümunə götürülür. Həmçinin, ölkə ərazisində istehsal olunan tikinti materialları da var, onlardan da nümunə götürülür. Ölkəyə gətirilən tikinti materiallarının standartlara uyğunluğunu yoxlamaq üçün gömrük orqanları bizə məlumat verir. Bu proses bu il Naxçıvan Muxtar Respublikasında da həyata keçiriləcək. Belə ki, muxtar respublikanın müvafiq qurumlarına laboratoriyaların təşkil olunması üçün müvafiq binanın ayrılması ilə bağlı müraciət edilib. Hazırlıq işləri başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasında da ölkə xaricindən daxil olan tikinti materiallarının standartlara uyğunluğu yoxlanılacaq.
- Ötən il ərzində uçma təhlükəsi olan nə qədər obyektin fəaliyyəti dayandırılıb və bunlar əsasən hansı əraziləri əhatə edir?
- Biz ancaq tikinti prosesinə nəzarət edirik. Əgər qəzalı vəziyyətdə olan bina varsa, sifariş əsasında həmin binanı yoxlamağa gedirik. Hər tikilinin öz mülkiyyətçisi var. Mülkiyyətçi balansında olan binanın saz vəziyyətdə saxlanmasına cavabdehdir. Hər hansı bir təhlükə yaranarsa, bizə müraciət edirlər və ödəniş əsasında həmin binalarda yoxlama həyata keçiririk. Bu, bizim vəzifə borcumuz deyil, dövlət və özəl strukturlara göstərdiyimiz xidmətdir. Biz bu xidmətin statistikasını aparmırıq. Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti bilməlidir ki, ərazisində nə qədər qəzalı vəziyyətdə olan bina var. Səhiyyə Nazirliyi xəstəxana binalarını, Elm və Təhsil Nazirliyi təhsil müəssisələrini, eləcə də digər qurumlar da bu qayda ilə balansında olan binaların saz vəziyyətdə saxlanılmasına cavabdehdir. Hər hansı bir təhlükə yarananda onlar bizə müraciət etməlidir.
- Hər hansı bir qurum və ya təşkilat sizə balansında olan tikilini yoxlamaq üçün müraciət edirsə, yoxlama əsasında həmin binada problem aşkar edilirsə, o problemi hansı tərəf aradan qaldırır, yaxud binanın söküntü işlərini hansı qurum həyata keçirir?
- Əgər problem aşkar edilirsə, tikilinin aid olduğu qurum öz xərcləri hesabına bu problemi aradan qaldırır, lazım olarsa, tikilinin söküntü işlərini həyata keçirir. Bu tikililərin saz saxlanılması üçün hər il dövlət büdcəsindən maliyyə ayrılır.
- Bu, fərdi şəxslərə də aiddir?
- Bəli, Mənzil Məcəlləsinə əsasən, hər bir şəxs öz mənzilinin saz vəziyyətdə saxlanılmasına cavabdehdir və mütəmadi olaraq bu işləri həyata keçirməyə borcludur.
- Elxan müəllim, ölkə ərazində tikililərə hündürlüklə bağlı limit qoyulubmu?
- Azərbaycanda tikililərə hündürlüklə bağlı hər hansı bir limit qoyulmayıb. Dünyada belə bir qayda yoxdur. Bu limit ancaq tarixi şəhərlərdə qoyula bilər ki, tikilən binalar tarixi binalardan hündür olmasın. Məsələn, Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində belə bir limit var. Tikilən binalar Kapitolidən hündür olmamalıdır. Azərbaycanda texniki baxımdan hər bir hündürlükdə tikili inşa etmək olar. Seysmik normalar da imkan verir ki, ölkə ərazisində istənilən hündürlükdə bina inşa edə bilək.
- Metrostansiyaların yaxınlığında çoxmərtəbəli və ya ağır konstruksiyalı tikili inşa etmək olarmı?
- Azərbaycanda belə bir norma yoxdur. Dünyanın hər hansı bir ölkəsində də belə bir normanın olduğunu düşünmürəm. Əgər tikili standartlara cavab verirsə, hər yerdə hər şey tikmək olar. Hətta metro xətlərinin üzərində belə bina inşa etmək olar. Belə olan halda metronun dərinliyi, açıq üsulla və ya qazma üsulu ilə tikilib-tikilmədiyi, xəttin üzərindəki süxurlar yoxlanılmalıdır. Tikinti işlərindən əvvəl tədqiqat işləri həyata keçirilməlidir.
- Ötən il nə qədər binanın istismarına icazə verilməyib?
- Biz bunun statistikasını aparmırıq, eləcə də istismara icazə verən orqan deyilik, icazəni müvafiq icra orqanı verir. Agentlik bina tikilindən sonra tikiliyə istismara hazırlıq aktı verir. Ola bilər tikilidə hər hansı bir problem yaransın. Belə olan halda istismara hazırlıq aktı verilmir. Biz mənfi rəy verəndə icra orqanı tikilinin istismarına icazə vermir. Buna görə də mühəndis-kommunikasiya təminatı qurumları həmin binada hər hansı bir quraşdırma işləri həyata keçirmir. Məsələn, istismara hazırlıq aktı verilməyən binaya “Azəriqaz” qaz xəttini, “Azərişıq” elektrik xəttini şəbəkəyə qoşmur. MTK, yaxud tikintini həyata keçirən orqan problemi aradan qaldırandan sonra yenidən müraciət edir.
- Yeni tikililərdə ildırım ötürücülərinin quraşdırılması ilə bağlı tələb varmı?
- Belə bir tələb spesifik tikililərdə, məsələn, qüllələrdə, antenalarda ola bilər. Əgər, tikilinin layihəsində belə bir tələb varsa, biz nəzarət edirik. Əksər layihələrdə ildırım ötürücülərinin quraşdırılması nəzərdə tutulmur. Layihədə belə bir tələb varsa və tikinti şirkəti bu tələbi həyata keçirmirsə, biz həmin tikiliyə istismara hazırlıq aktı vermirik.
- Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra işğaldan azad olunan ərazilərdə sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Orada yeni tikililərin təhlükəsizliyinin təmin olunması ilə bağlı hansısa əlavə tələblər qoyulurmu?
- FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dövlət nəzarətini bütün ölkə ərazisində eyni qaydada aparır. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, işğaldan azad olunan ərazilərdə də tikintiyə nəzarət digər ərazilərdəki kimi həyata keçirilir.
- Əvvəlki illərdə ölkənin müxtəlif yerlərində təbii və texnogen hadisələr nəticəsində sakinlərin evləri yararsız hala düşüb. Buna nümunə olaraq torpaq sürüşmələri və daşqınları göstərmək olar. Ölkə ərazisində aktiv torpaq sürüşməsi və sel təhlükəsi olan ərazilər nəzarətdə saxlanılırmı?
- Bu məsələyə müvafiq dövlət qurumları nəzarət edir. Biz yalnız müəyyən hadisə baş verəndə onun nəticələrini aradan qaldırırıq. Belə bir təhlükənin olması ilə bağlı müraciət edildikdə həmin yerə gedib araşdırmalara başlayırıq. Monitorinqlərin aparılması isə bizim səlahiyyətlərimizə aid deyil.
- Yoxlama əsasında ərazinin yaşayış üçün təhlükəli olduğu müəyyən edilirsə, insanların oradan təxliyəsi, yaxud təhlükəsizliyinin təmin olunması üçün hansı işlər görülür?
- Müraciətlər əsasında bizim əməkdaşlar aktiv sürüşmə zonası hesab edilən əraziləri yoxlayırlar. Yoxlamadan sonra icra hakimiyyətinə sakinlərin köçürülməsi, eləcə də təhlükəsizliyi üçün müvafiq tövsiyələr veririk. Həmin ərazi dövlət müəssisələri, eləcə də digər strateji obyektlər ola bilər.
- Məlum olduğu kimi, Bakının Səbail rayonunda Bayıl yamacı deyilən ərazi aktiv sürüşmə zonası hesab olunur. Teleqüllə də həmin ərazinin yaxınlığında yerləşir. Yəqin ki, həmin ərazi daim nəzarətdə saxlanılır?
- Bakıda bir neçə belə sürüşmə zonası mövcuddur. Suraxanı rayonunun Zığ massivində, Xətai rayonunun Gəncə prospektində, həmçinin Səbail rayonunda bir neçə sürüşmə zonaları var. Biz bu ərazilərdə qabaqlayıcı tədbirlər görürük. Bayıl zonasında və Alov qüllələri ətrafında həm layihə işlərini həyata keçirir, həm də orada təhlükələrə qarşı qabaqlayıcı tədbirlərin sifarişçisi funksiyasını yerinə yetiririk. Bu ərazilərdə nəzarət tədbirləri daimi xarakter daşıyır, orada görüləcək işlər çoxdur.
Bizdən əvvəl sürüşmə zonasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi getməli, müvafiq rəy verməlidir. Biz yalnız binaya baxıb rəy verə bilərik. Geoloqlar torpağın altında hansı proseslərin getdiyini müəyyən edərək müvafiq rəy verirlər. Onların rəyi əsasında biz bu proseslərin qarşısının alınması üçün hansı tədbirləri görəcəyimizi müəyyən edirik. Görülən tədbir kifayət etməzsə, təxliyə işləri həyata keçirilməlidir. Əgər görülən tədbir kifayət edərsə, oraya qoyulacaq xərc hesablanır. Hadisə baş verəcəyi halda dəyən zərərin qoyulacaq xərcdən çox olacağı müəyyən edilərsə, biz müvafiq rəy veririk, dövlət bunun əsasında o işlərin görülməsi üçün maliyyə ayırır.
- Elxan müəllim, ölkə ərazində irihəcmli su anbarları mövcuddur. Bu anbarların təhlükəsizliyi üçün hansı tədbirlər görülür?
- Əvvəl Dövlət Su Ehtiyatları Agentliyi məhdud funksiyaları ilə birgə Fövqəladə Hallar Nazirliyinin tərkibində idi. Sonradan bir neçə qurum Dövlət Su Ehtiyatları Agentliyi ilə birləşdirildi və müstəqil fəaliyyət göstərməyə başladı. Ölkə ərazisində olan su anbarlarının sahibi onlardır. Həmin qurumun müraciəti əsasında su anbarlarını yoxlayaraq rəy verir, lazım olduqda layihə işlərini həyata keçiririk. Bu layihə çərçivəsində hansı işlər görüləcəksə, həmin işlərə də bizim müfəttişlər nəzarət edirlər.
Foto: Ehtiram Cəbiyev