AZ

Ucuz qiymətlər və ya endirimlər vasitəsilə də bunu edirmişlər - XƏBƏRDARLIQ

Son dövrlərdə onlayn dələduzluq halları artıb. İnsanlar internetdə alış-veriş edərkən, bank əməliyyatları apararkən və ya sosial şəbəkələrdən istifadə edərkən fırıldaqçıların hədəfinə çevrilə bilirlər. Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, insanların bu tələlərdən qorunması üçün daha diqqətli olması və müəyyən qaydalara əməl etməsi vacibdir.

Mövzu ilə bağlı SeherXeber.org -a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bildirib ki, dələduzlar müxtəlif üsullarla insanları aldadaraq şəxsi, maliyyə məlumatlarını və ya hesablarını ələ keçirirlər:

"Onlar banklar, e-ticarət saytları və ya sosial media platformaları kimi etibarlı qurumları təqlid edərək saxta e-poçtlar, mesajlar və ya saytlar yaradırlar. Bu mesajlarda insanlardan fərdi və ya şəxsi məlumatlarını (məsələn, parol, bank kartı məlumatları) təqdim etmələri tələb olunur. Vətəndaşlar gözlənilməz e-poçtlar və mesajlara inanmasınlar. Linklərə klikləməzdən əvvəl göndərənin ünvanını yoxlasınlar. Rəsmi saytlara birbaşa brauzerdən daxil olsunlar və e-poçt linklərindən istifadə etməsinlər. İki mərhələli identifikasiya (2FA) tətbiq etmələri məsləhət görülür".

Mütəxəssis onu da qeyd edib ki, dələduzlar ucuz qiymətlər və ya endirimlər təqdim edən saxta onlayn mağazalar yaradaraq insanları aldadırlar:

"Alıcılar sifariş verdikdən sonra ya məhsul almırlar, ya da oğurlanmış bank kartı məlumatları ilə qarşılaşırlar. Bundan qorunmaq üçün isə etibarlı və tanınmış onlayn mağazalardan alış-veriş etmək lazımdır. Mağazanın rəylərini və şikayətlərini araşdırmaq, eyni zamanda ödəniş zamanı təhlükəsiz ödəniş sistemlərindən (məsələn, PayPal) istifadə etmək məqsədəuyğundur.

Bundan əlavə, belə dələduzlar vətəndaşların fərdi və kart məlumatlarını əldə etmək üçün onların etimadını qazanırlar. Məsələn, saxta sosial media hesabları vasitəsilə dost kimi davranaraq məlumatları əldə edirlər. Buna görə insanlar şəxsi məlumatlarını sosial şəbəkələrdə paylaşmasınlar, tanımadığı insanlardan gələn dostluq və mesaj təkliflərini qəbul etməsinlər.

Dələduzlar, zərərli proqramlar vasitəsilə insanların cihazlarına daxil olaraq şəxsi məlumatlarını da oğurlayırlar. Bu proqramlar, adətən, e-poçt əlavələri, yüklənən fayllar və ya saxta saytlar vasitəsilə yayılır. Bəs bundan necə qorunmaq?

1. Naməlum mənbələrdən fayl yükləməsinlər.

2. Antivirus proqramlarından istifadə etsinlər və onları müntəzəm yeniləsinlər.

3. Şübhəli linklərə klikləməsinlər".

Həmidə İbrahimova

Seçilən
17
3
seherxeber.org

4Mənbələr