Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya rəsmi səfərə gedib.
Korrespondent.az bildirir ki, Türkiyə liderini paytaxt Kuala-Lumpurun beynəlxalq hava limanında Malayziyanın baş naziri Ənvər İbrahim və xanımı Van Əzizə İsmayıl, Türkiyənin Kuala-Lumpurdakı səfiri Əmir Səlim Yüksel, Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə nümayəndə heyətinə Prezidentin xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç daxildirlər.
Səfər zamanı Ərdoğan “Yeni əsrdə Türkiyə-Malayziya strateji tərəfdaşlığı” adlı toplantıda məmurlar və tələbələr qarşısında çıxış edəcək. Bundan əlavə, Putracay Beynəlxalq Konqres Mərkəzində Perak sultanı Nəzrin Şah Türkiyə liderinə fəxri doktorluq dərəcəsi verəcək.
***10:51
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya rəsmi səfərə yola düşüb.
Korrespondent.az bildirir ki, Türkiyə Prezidenti daha sonra İndoneziya və Pakistana rəsmi səfər edəcək.
Türkiyə Prezidenti səfərdən əvvəl Atatürk hava limanında mətbuata açıqlamasında hər üç ölkəyə səfəri zamanı ikitərəfli münasibətləri daha da gücləndirəcək bir çox müqavilə imzalayacaqlarını deyib.
Prezident Ərdoğan Türkiyənin genişmiqyaslı strateji tərəfdaşı olan Malayziyaya səfərindən sonra İndoneziya və Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclaslarına həmkarları ilə birlikdə sədrlik edəcək.
Səfər çərçivəsində Türkiyə ilə hər üç ölkə arasındakı ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, mövcud əməkdaşlıqların konkret layihələrlə inkişafı istiqamətində birgə addımlar müəyyən ediləcək.
Bundan əlavə, səfərlər zamanı aktual regional və qlobal məsələlər ətrafında fikir mübadilələrinin aparılması və işgüzar dairələrlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Türkiyə Prezidentinin Asiya ölkələrinə səfəri fevralın 13-dək davam edəcək.
Malayziyaya yola düşməzdən əvvəl Türkiyə Prezidenti Atatürk hava limanında ölkəsində səfərdə olan pakistanlı həmkarı Asif Əli Zərdarı ilə görüşüb.