Rusiya-Uklrayna müharibəsinin genişlənməsi Avropanı və Amerikanı ciddi narahat etməyə başlayıb. Bu səbəbdən də dünyanın diqqəti Trampla Putinin telefon danışığına yönəlib. Telefon müzakirələri ilə bağlı ətraflı məlumat verilmir, aparılan danışıqların tam məxfi saxlanılmasına üstünlük verilir. Ekspertlər iddia edirlər ki, bu, keçmiş SSRİ lideri Mixail Qorbaçovla ABŞ Prezidenti Ronald Reyqan arasında sualtı qayıqlarla bağlı aparılan gizli danışıqlara bənzəyir.
Maraqlıdır, ABŞ Rusiyaya konkret olaraq nə vəd etdi və Putin Trampın bu vədlərini necə qəbul etdi? Putinin şərtləri Trampı qane etdimi?
Putinin ehtimal olunan şərtləri aşağıdakılardır:
1. Ukraynanın demilitarizasiyası və Zelenski və hökumətinin Moskvanın diqtəsini qəbul edən rəhbərliklə əvəzlənməsini tələb etmək;
2. Ukraynanın yaxın gələcəkdə NATO-ya qoşulmayacağına dair qəti öhdəlik tələb etmək;
3. Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını və Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinin qarşısını almağı tələb emək;
4. Donetsk və Luqansk vilayətlərinin hələ də Rusiya tərəfindən işğal olunmamış hissələrinə nəzarəti tələb etmək;
5. Ukrayna ordusunun Kursk vilayətindən çıxarılmasını tələb etmək, bu alınmadığı təqdirdə, onun əvəzində Xerson və Zaporijjyadakı işğal olunmuş əraziləri özündə saxlamaq təklifini vermək;
6. Sanksiyaların yüngülləşdirilməsini tələb etmək
Təbii ki, bu tələblərin heç biri Ukrayna üçün qəbul edilən deyil. Ukraynanın tələbləri isə hər kəsə məlumdur.
Rusiyanın Donetsk, Luqansk və Donbas bölgələrindən geri çəkilməyəcəyini bilən Ukrayna prezidenti Zelenski avropalı müttəfiqlərini Moskvanın amansız hücumlarına qarşı gücləndirilmiş yardıma çağırıb. Tramp administrasiyasının Bayden administrasiyasından əhəmiyyətli dərəcədə fərqlənə biləcəyini başa düşən Zelenski son hücumlarda daha qətiyyət nümayiş etdirir. Digər tərəfdən isə Tramp müharibənin dayandırılmasında daha qətiyyətli görünür. Bu da önu deməyə əsas verir ki, Avropadan daha çox Amerika ciddi şəkildə müharibənin dayandırılmasında maraqlı görünür. Ukrayna Prezidenti öz çıxışında münaqişənin həlli istiqamətində Avropa ilə Amerikanın danışıqlar masasına birgə əyləşmələrini və bu danışıqların Ukraynasız aparılmasının mümkünsüzlüyünü xüsusilə vurğulamışdı. O, Avropanın Rusiyaya qarşı qətiyyətli olduğunu və ABŞ-nin nəyin bahasına olursa-olsun müharibəni dayandırmaq istədiyini bildiyi üçün Avropa tərəfinin masadan kənarda qalmasını istəmir. Avropa da başa düşür ki, müharibənin dağıdıcı təsirləri ondan qətiyyən yan keçməyəcək. Bütün bunlara baxmayaraq, Avropanın sonda ABŞ ilə hesablaşacağını bilən Ukrayna lideri Ukraynasız danışıqları müsbət qarşılamır və hətta bunu çox ciddi təhlükə hesab edir. Hər halda danışıqlar, sülh razılaşması münaqişə tərəflərinin hər ikisini qane etməlidir. Əgər Ukraynanın tələbləri danışıqlar zamanı nəzərə alınmasa, münaqişənin müharibə vəziyyəti dondurulsa belə, münaqişə həll olunmamış qalacaq. Bir növ 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin oxşarı olacaq.
Əlövsət ALLAHVERDİYEV,
beynəlxalq hüquq üzrə mütəxəssis