AZ

Politoloq: Müharibə uzanacağı təqdirdə Rusiyanın məğlubiyyəti qaçılmazdır

Rusiya zəiflədikdə, Ukrayna işğal olunmuş torpaqlarını geri qaytara biləcək.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Suverenliyimizi Rusiya pozub. Ona görə də Rusiyanın zəif olduğu anda - və bu, təbii ki, olacaq - hər şey qayıdacaq”, - deyə o bildirib.

Politoloq Taleh Əliyev "Sherg.az"a bildirib ki, əslində Zelenskinin fikirlərində böyük həqiqət var:

"Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyatlara başladığı tarixdən indiyə qədər keçən dövrü təhlil etsək, görərik ki, Kiyevin ciddi müqaviməti Rusiyanın ehtiyatlarının tükənməsinə gətirib çıxardı. Söhbət Rusiyanın maliyyə itkisindən tutmuş, hərbi-sənaye kompleksinin, o cümlədən yüngül atıcı silahlara qədər məhv edilməsindən gedir. Xüsusilə Rusiya hərbiçilərinin peşəkar ordu biliklərinin məhv edilməsi fonunda Ukraynanın Kurskda xeyli ərazini əldə etməsinin şahidi oluruq. Bununla paralel olaraq artıq Ukrayna dronları Rusiyanın 1000 kilometr dərinliyində yerləşən ərazilərdəki strateji hərbi obyektlərini və neft-qaz kompleksini, müxtəlif təyinatlı müəssisələrini vurub. Bu gün müharibə təkcə Ukrayna torpağında getmir. Dronlar və aviasiya sayəsində Rusiyanın müxtəlif istiqamətlərində yerləşən ayrı-ayrı şəhərlərdə müharibənin izləri var. Zelenskinin fikirlərini ciddiyə almaq lazımdır. Münaqişə uzanarsa, Moskvanın ehtiyatları tükənəcək. Avropa İttifaqı (Aİ) başda olmaqla, dünya dövlətlərinin əksəriyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bura dövlətin strateji məhsullarının alınmasından imtina olunması, texnoloji təyinatlı istehsalatların dayandırılması və s. aiddir".

Politoloq əlavə edib ki, rəsmi Moskva keçən üç il müddətində kifayət qədər inkişafdan qalıb:
"Məhz Rusiyanın İran silahlarından geniş istifadə etməsi, Şimali Koreyadan mərmilər və son dövrlər 10 minə yaxın canlı qüvvənin müharibəyə cəlb olunması ilə bağlı məlumatlar onu göstərir ki, dövlət əvvəlki gücündə deyil. Proseslər bu istiqamətdə davam edərsə, Putin nəyinki əldə etdiyi torpaqları saxlaya bilməyəcək, hətta Kursk və digər istiqamətlərdə Ukrayna irəliləyə bilər. Müharibə bitdikdən sonra rəsmk Kiyev ona dəyən zərəri təzminat formasında geri istəyəcək. Putin bununla razılaşmasa, Ukrayna ərazilərini özünə birləşdirmək kimi strategiyasını nümayiş etdirəcək. Müharibə uzanacağı təqdirdə Rusiyanın məğlubiyyəti qaçılmazdır".
Seçilən
4
sherg.az

1Mənbələr